Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə olaraq Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində “Heriatriya şöbəsi” fəaliyyət göstərəcək.
II daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov bildirib ki, Ümumi terapiya şöbəsinin adının dəyişdirilməsi vacib olan məsələlərdən biri idi.
“Şöbə məhz yaşlı insanların müalicəsi ilə məşğul olacaq və əsasən 60 yaşından yuxarı olan insanlara xidmət edəcək. Bu qrup insanların müalicə taktikasında da fərqli cəhətlər var. 18-60 yaş arasında qan təzyiqi yüksək olan xəstələrin təzyiqinin aşağı salınma meyarları və dərəcələri 60 yaşdan sonrakı dövrlə fərqlənir”.
V.Əzizov qeyd edib ki, bir çox xəstəliklərdə olduğu kimi burda da yaş faktoru əsas rol oynayır.
“ABŞ-ın 2014-cü ilin dekabrında təsdiq olunan klinik tövsiyələrində göstərilir ki, yaşı 18-dən 60-a qədər olan insanlarda stabil qan təzyiqi 140-dan yuxarıdırsa, bu zaman müalicəyə başlamaq lazımdır. Amma yaşı 60-dan yuxarı olanlarda isə təzyiq 150-dən yuxarıdırsa, həmin insanın müalicəyə başlaması vacibdir. 18-60 yaş arasında qan təzyiqi mütləq 140/90 mm civə sütunundan aşağıda saxlanılmalıdır. Yəni, bir çox xəstəliklərdə olduğu kimi burda da yaş faktoru əsas rol oynayır. Yaşlı insanların təzyiqinin normada saxlanması əsas hədəfdir, əks halda bu, xəstənin həyatında ciddi ağırlaşmalara gətirib çıxara bilər”.
Şöbəyə yalnız yaşlı insanların qəbul edilməsi sualına cavab verən V. Əzizov bildirib ki, şöbə adına uyğun olaraq 60 yaşından yuxarı insanların qəbulu üçün nəzərdə tutulub.
“Şöbənin yaradılmasında əsas məqsəd yaşlı insanlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsidir. Düşünürəm ki, bu şöbənin açılması ölkəmiz üçün yaxşı töhfələr verəcək”.