Bu gün Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən Medikabıl Xəstəxanasının nümayəndələrinin iştirakı ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında konfrans keçirilib.
ATU rektoru professor Gəray Gəraybəylinin təşəbbüsü ilə baş tutan konfransdan öncə idarə heyətinin sədri prof. Ömər Faruk Bilgən, Medikabil Yalın Sagliq İnstitutu koordinatoru prof. Aysun Yilmazlar və digər nümayəndə heyətinin üzvləri, Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi və şöbə müdirləri arasında görüş olub.
Klinikanın direktoru prof. Surxay Hadıyev və baş həkim prof. Rauf Agayev qonaqları klinikanın həkimləri və bir cox şöbələrinin fəaliyyəti ilə tanış ediblər və keçiriləcək konfrans haqqında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, konfransın məqsədi tibbi idarəetmə və xəstəxana xidmətlərinin mükəmməlləşdirilməsi sahəsində yeni sistemin tətbiq olunmasıdır.
Konfransda Türkiyənin Kaizen Universitetinin koordinatoru Dr. Muhsin Güneşlik, Kaizen Universitetinin müdiri Şafak Aydın və Medikabil Yalın Saglıq İnstitutu koordinatoru Prof. Aysun Yilmazlar məruzə ilə çıxış etdilər.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Medikabil Xəstəxanası arasında imzalanmış memorandum var. Memorandumun əsas məqsədi akademik mübadilə və əməkdaşlığın genişləndirilməsidir.