Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında onurğa beyninin boyun nahiyəsində ağır cərrahiyyə əməliyyatı aparılıb. 60 yaşında kişi üzərində həyata keçirilən əməliyyat uğurla başa çatıb. Əməliyyatı icra edən doktor Fərid Qaralovun sözlərinə görə, pasient son 5-6 aydır getdikcə artan tetraparez (əl və ayaqlarda gücsüzlük) şikayəti ilə klinikaya müraciət edib.
Çəkilən boyun MRT müayinəsində xəstədə C4-7 intramedulyar törəmə (onurğa beyin şişi) aşkarlanıb. Cərrahi müdaxilə ilə törəmə tam xaric edilib.
Doktor bildirib ki, pasient üzərində aparılan bu əməliyyat xüsusi risk daşımaqdadır. Bu səbəblə riski minimuma endirmək üçün əməliyyat zamanı neyromonitordan istifadə olunub.