Aprelin 25-də Böyük Elmi Şuranın növbəti iclası keçirilib. Yığıncağı açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli gündəliyə keçməzdən öncə bildirib ki, universitet ictimaiyyətinə ağır itki üz verib. Bu günlərdə ortopedik stomatologiya kafedrasının məsləhətçi-professoru Elxan Kərimov dünyasını dəyişib. Mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Azərbaycan Tibb Universitetində 2016/2017- cı tədris ilində təsərrüfat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr ” barədə inzibati- təsərrüfat işləri üzrə prorektor Aydın Vəliyevin məruzəsi dinlənilib.
Müstəqil Azərbaycan Respublikasının memarı olan ümummilli lider Heydər Əliyevin eyni zamanda Azərbaycan Tibb Universitetinin də əsil qurucusu, yaradıcısı olduğunu qeyd edən məruzəçi, bu xeyirxah missiyanın ölkə Prezidenti cənab İlham Əliyevin böyük uğurla davam etdirdiyini vurğuladı. O, iki dəfə ulu öndər Heydər Əliyevin, üç dəfə isə cənab Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın universitetimizə gəlişini xatırlatdı. Onların Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının tikilib istifadəyə verilməsində şəxsən iştirak etmələrini, o cümlədən bu klinikaların, eləcə də Tədris Stomatoloji və Onkoloji Klinikaların müasir tipli avadanlıqlarla təchiz olunmalarını dövlətin universitetimizə göstərdiyi qayğı və diqqətin bariz nümunəsi kimi dəyərləndirdi.
Sözünə davam edən A.Vəliyev bildirdi ki, bu illər ərzində ali məktəblər arasında ön sırada dayanan Azərbaycan Tibb Universiteti ölkəmizin ən böyük tibb təhsili mərkəzinə çevrilmişdir: “Tibb təhsilində tədris prosesi prioritetlik təşkil etsə də, universitetdə elmi-tədqiqat işlərinin və müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsinə də eyni dərəcədə xüsusi diqqət yetirilir. Bütün bu işlərin yüksək səviyyədə yerinə yetirilməsinin bünövrəsində maddi-texniki baza, innovativ təchizat, müasir avadanlıqlar durur.
Tədris, elmi-tədqiqat, müalicə-profilaktika, diaqnostika və reabilitasiya, təlim-tərbiyə, işlərinin ahəngdar surətdə yerinə yetirilməsini təmin etmək üçün birbaşa rektorluğun tabeliyində olan təsərrüfat işləri şöbəsinin üzərinə böyük məsuliyyət düşməsi bütün ciddiyyəti ilə tərəfimizdən dərk olunur və hörmətli rektorumuz, professor Gəray Gəraybəylinin bu istiqamətdəki göstərişləri ilboyu yerinə yetirilir”.
Təsərrüfat işləri şöbəsinin əsas vəzifələrini diqqətə çatdıran natiq hesabat dövründə şöbə tərəfindən bir sıra təxirəsalınmaz təmir və yenidənqurma işlərinin həyata keçirildiyi barədə geniş məlumat verdi: “Uzun müddət istismarda olan qızdırıcı qazanlar, odluqlar sıradan çıxmış və qış mövsümündə tez tez qəzalar baş verirdi. Həmin su sızıntısını aradan qaldırmaq üçün qazanxananın işini dayandırmaq məcburiyyətində qalırdıq. Bu da universitetin tədris binalarının, tələbə yataqxanalarının istiliklə və isti su ilə təchizatında fasilələr yaradırdı. Bununla əlaqədar qazanxananın yenidən qurulmasına hörmətli rektorumuz tərəfindən dərhal göstəriş verildi. Qısa bir zamanda qazanxana binası yenidən təmir olundu, köhnə, yararsız avadanlıq demontaj edildi, əvəzinə müasir texnologiyalara cavab verən avadanlıqlar quraşdırıldı. Bu mövsüm universitetin tədris binalarinda və yataqxanalarında istilik və isti su ilə əlaqədar heç bir problem yaranmadı, təchizat fasıləsiz və yüksək səviyyədə təmin edildi.
3 saylı tələbə yataqxanasının istilik təchizatının pozulması ilə əlaqədar həmin sistem yenidən qurulmuşdur. 1 və 5 saylı tədris binalarında daxılı istilik sistemi plastik borularla tam əvəzlənmiş, bütün radiatorlar yenilənmişdir. 2 saylı tədris binasında yeni istilik xətləri çəkilərək əlavə 82 ədəd yeni radiator quraşdırılmışdır.
4 saylı tədris binasının 2-ci mərtəbəsində yerləşən kiçik akt zalı kondisionerlə qızdırılırdı. Bu isitmə sistemi daha çox enerji itkisinə səbəb olduğundan isitmə sistemi plastik borular və radiatorlarla təchiz edilərək mərkəzləşdirilmiş istilik sistemi qovşağına birləşdirildi.
İnzibati binanın, 3 saylı tələbə yataqxanası, 1 və 5 saylı tədris binalarının dam örtüklərinin bir hissəsi yararsız hala düşmüşdü. Qış mövsümü öncəsi həmin binaların dam örtüklərində defeklərinin aradan qaldırılması üçün lazımi işlər görülmüş, inzibati binanın zirzəmisi və sanitar qovşağında, o cümlədən 5 saylı tədris binasının 48 sanitar qovşağında əsaslı təmir işləri aparılmış, döşəmə və divar örtükləri keramik plitələrlə üzlənmiş, aksessuarlar dəyişdirilərək yeniləri ilə əvəzlənmişdir.
2016-cı ilin sentyabr ayında universitetimizin hazırlıq kursuna xarici ölkələrdən çoxsaylı dinləyicilərin qəbul olunması ilə əlaqədar 5 saylı tədris binasının 10-11-ci mərtəbələrində tədris prosesinin təcili təşkil edilməsi üçün dəhliz və otaqlarda cari təmir işləri həyata keçirilib.
Patoloji anatomiya kafedrasının yerləşdirilməsi problemini təmin etmək məqsədilə, Böyük akt zalının 3-cü və 4-cü mərtəbələri müasir tələblər səviyyəsində təmir edilərək tədris üçün tam yararlı vəziyyətə salınmışdır.
Universitetimizin 3, 5, 6 saylı tələbə yataqxanaları, həmçinin 3, 4, 5 saylı tədris binalarını fasiləsiz su ilə təmin etmək üçün həmin binalarda müasir hidrofor sistemi və nasoslar quraşdırılıb. Bütün tədris binalarında və yataqxanalarda alüminium elektrik xətləri mis xətlərlə, köhnə şitlər isə yeni şitlərlə əvəz olundu. Həmçinin, elektrik qoruyucuları, lampalar, elektrik açarları, tələb olunan yerlərdə dəyişdirildi.”
Yüksək sürətli və təhlükəsizlik qaydaları çərçivəsində istifadəçilərin internetdən istifadə etmələri üçün xüsusi texniki tədbirlərin həyata keçirildiyini deyən natiq son zamanlar internetə daxil olma problemlərinin əmələ gəldiyini və bu problemin də artıq öz həllini tapdığını, 2017-ci ilin yanvar ayında 3 və 6 saylı tələbə yataqxanalarında Wİ-Fİ lokal şəbəkə yaradılaraq tələbələrin istifadəsinə verildiyini bildirdi.
Onun sözlərinə görə, 2 saylı tədris binasının 2-ci və 3-cü mərtəbələrindəki laboratoriya otaqları təmir edilmiş, elektrik xətləri, işıqlandırma sistemi dəyişdirilmiş, döşəmə laminat və süni qranitlə üzlənmiş və su təchizatı yenilənmişdir. 2 saylı tələbə yataqxanasının və orada yerləşən tələbə poliklinikasının təmirinə ehtiyac yarandığından 2016-cı ilin noyabr ayından əsaslı təmir işlərinə başlanılmışdır.
Hesabat ili üzrə həyata keçirilən işləri nəzərə çatdıran A.Vəliyev dedi ki, yanğına qarşı mühafizə qaydaları çərçivəsində universitetin binalarında texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin istismarında yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin edilir, yanğına qarşı təlimatlar hazırlanır, xüsusi jurnallar tərtib edilir.
Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender vasitəsi ilə universitetə 68 ədəd kompyuter, 11 ədəd Notebook, 34 ədəd printer, 50 ədəd UPS, 12 ədəd soyuducu, 5 ədəd televizor, 20 ədəd proyektor, tibbi avadanlıq, yumuşaq inventar, dəftərxana ləvazimatları, təsərrüfat malları alınmışdır.
Gələcək planlarından da danışan məruzəçi dedi ki, 1 saylı və 3 saylı tədris binasındaki insan anatomiyası kafedrasının təşrih laboratoriyası və otaqlarının layihə-smeta sənədləri hazırlanaraq təmiri nəzərdə tutulmuşdur. Bu işlərdən biri də ərazidə təhlükəsizlik tədbirlərini həyata keçirmək məqsədilə turniket və video-nəzarət sistemlərinin quraşdırılması zərurəti gündəmdə saxlanılır. Universitet rəhbərliyinin göstərişlərinə əsasən kafedralar tərəfindən bərk inventarla əlaqəli müraciətlər nəzərə alınmış və yeni tədris ilində həmin kafedralar sifariş etdikləri inventartla təmin olunacaq. 5 saylı tədris binasının üzlük travertin daşlarının tökülməsi ilə əlaqədar FHN-dən rəy alınıb, layihə-smeta sənədləri hazırlanıb və maliyyə imkanlarını nəzərə alaraq yaxın gələcəkdə öz həllini tapacaq. İdman kompleksinin də əsaslı təmirə ehtiyacı olduğunu vurğulayan məruzəçi bu məsələnin də hörmətli rektorumuzun diqqətində olduğunu bildirdi. Məruzə ətrafında çıxış edən kafedra müdirləri İbadulla Ağayev, Ədalət Həsənov və Əsaslı kitabxananın direktoru Ziyafət Eminova təsərrüfat şöbəsinin apardığı yenidənqurma və təmir-tikinti işlərindən söhbət açdılar. Məruzəni qənaətbəxş qiymətləndirən natiqlər bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də olduğunu bildirdilər və onların aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürdülər. HİK- nin sədri Cahangir Qasımov qeyd etdi ki, təsərrüfat şöbəsi ilə birgə mütəmadi olaraq tələbə yataqxanalarına baxış keçirilir. Bu il yataqxanalarda daxili nizam-intizam qaydalarının pozulması, dəhliz və otaqlarda siqaret çəkmək, universitet əmlakına ziyan vurmaq, otaqlarda sanitar-gigiyenik qaydalara riayət edilməməsi kimi hallar Həmkərlar İttifaqı Komitəsində müzakirə edilmiş və nəticədə 6 xarici , 6 yerli tələbə ilə bağlanmış müqavılələrə xitam verilərək yataqxanadan xaric edilmiş, 4 nəfər tələbəyə isə töhmət verilmişdir.
Müzakirələrə yekun vuran rektor bildirdi ki, təsərrüfat şöbəsi universitetin ən ağır və çətin sahələrindən biridir: “Nə qədər iş görülsə də, bu proses daim getməlidir. Məlum məsələdir ki, maddi-texniki təchizat məsələsi bizim maliyyə imkanlarımızdan asılıdır. Maddi imkanlarımız da hamıya bəllidir.
Mən məlumat əldə etdim ki, tələbələr 2 milyon manata yaxın təhsil haqqını ödəməyib. Axırda qərara gəldik ki, təhsil haqqını ödəməyən tələbələr müəyyənləşdirilmiş tarixdən dərsə buraxılmasın. Amma bu da problemin həlli demək deyil. Bu yaxınlarda öyrəndim ki, dissertantura və doktorantura şöbələrində elələri var ki, illərlə təhsil haqqını ödəmirlər. Buradan göstəriş verirəm ki, təhsil haqqını ödəməyən dissertant və aspirantların məsələsi prorektorla birgə araşdırılsın və bu problem qaydasına qoyulsun.
Biz universitetin daha yaxşı şəraitdə fəaliyyət göstərməsini istəyiriksə, nizam-intizama riayət etməliyik. Hələ də kafedralarda vaxtlı-vaxtında işə gəlməyən əməkdaşlar var. İşə gəlməyən əməkdaşın maaşı verilməməlidir. Bu, ciddi maliyə məsələsidir. Bu yaxınlarda bir kafedrada oldum, 15 işçidən 5-i işdə idi. Kafedra müdiri 10 nəfərin harada olduğunu bilmir. Ola bilsin ki, bülleten götürsünlər. O bülletenləri araşdırmaq lazımdır.
Yaşlı nəslin nümayəndələrinə böyük hörmətim var. Amma müqavilələrlə işləyənlər arasında elələri var ki, onlar da işə gəlmir. Bu cür insanları işdə saxlamaq düzgün deyil. Bəzi Tibb Universitetinin əməkdaşları başqa klinikalarda fəaliyyət göstərir. Hesab edirəm ki, universitetin heç bir əməkdaşı iş vaxtı kənarda fəaliyyət göstərə bilməz. Bunun məsuliyyəti yenə də kafedra müdirlərinin üzərindədir. Onlar bilməlidir ki, əməkdaşları haradadır və nə işlə məşğuldur?
Mən heç kimi qorxutmuram. Qanunvericilik var, əmək məcəlləsi var, ona müvafiq ölçü götürüləcək.
Hazırda avadanlıqların qeydiyyatı aparılır. Verilən avadanlıqlar təhvil alınanda diqqətli olun ki, sonra da sizin üçün hansısa problem yaranmasın. Hər bir kafedra bu məsələyə diqqətlə yanaşmalıdır.
Burada universitetin istiliklə təchizi məsələsinə toxunuldu. İstiliyin təchizat məsələsi ürəkaçandır. Mən bu yaxınlarda kitabxanada oldum. Orada istilik normal verildiyi üçün tələbələr pəncərələri açmışdılar. Tələbələrin şəraitinin yaxşılıaşdırılması ürəkaçan məsələdir. Bu proses davamlı olacaqdır.
İnternet məsələsinə toxunmaq istərdim. Müasir dövrdə internetsiz yaşamaq mümkün deyil. Yaxşı haldır ki, bizim iki yataqxanamızda artıq Wİ-Fİ lokal şəbəkə var. Çalışacağıq ki, digər yataqxanalarda da bunu təmin edək.
Kommunal xərcləri maliyyənin bir tərkib hissəsidir. Yay aylarında işığa olan xərc artıq olub. Bu məni təcübləndirdi. Komissiya yaradıldı. Məlum oldu ki, universitetin hesabına hansısa bir şəxs istifadə edir. O, universitetin ərazisində bir gecənin içərisində 4 sayğac dəyişib. Təbii ki, bu adam işdən azad olundu”.
Bundan başqa müxtəlif məsələlərə də toxunan universitetin rəhbəri bildirdi ki, rektoryanı şurada attestasiya komissiyasının ilkin nəticələri müzakirə olunub. Bu nəticəyə görə universitetimiz yüksək bal toplayıb. Nəticələrdə istər tədris, istər kliniki fəaliyyət və o cümlədən kafedralarda olan bəzi nöqsanlar da öz əksini tapıbdır. Mövcud nöqsanların aradan qaldırlması üçün prorektorlara da müvafiq tapşırıqlar verilib.
Sonra kollektiv tərəfindən namizədliyi irəli sürülən qidalanma və kommunal gigiyena kafedrasının professoru Maqsud Qasımov kafedranın məsləhətçi-professoru seçildi. Eyni zamanda fənlər üzrə professor-müəllim heyətinin imtahanın gedişində və imtahan vərəqələrinin doldurulmasında iştirakını təmin etmək barədə tədris şöbəsinin müdiri Nəsimi Qasımovun təklifini müzakirə edən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.