Laparoskopik miomektomiyanın hansı fəsadları olur? Bu barədə ATU-nun Tədris-Cərrahiyyə Klinikasının ginekologiya üzrə cərrah-endoskopisti, ali dərəcəli həkim Fərhad Sultanov məlumat verib.
Həkimin sözlərinə görə, laparoskopik üsul haqqında tam təsəvvürə malik olmayanlarda belə bir yanlış fikir yaranır ki, guya laparoskopik miomektomiyadan sonra, hamilə qadınlarda uşaqlığın yırtılması kimi fəsadlaşma baş verə bilər. Əslində isə bu fəsadın səbəbi enikulyasiya olunmuş, yəni soyularaq çıxarılmış şişin yatağının düzgün bərpa edilməməsidir. Əgər yataq düzgün tikilmirsə, bu fəsad açıq üsulla keçirilmiş əməliyyatdan sonra da baş verə bilər.
Belə ki, istər laparoskopik, istərsə də laporotomik üsulla miomanın xaric edilməsindən sonra yataq bir neçə qatla tikilərək bərpa edilməlidir. Bu cür tikiş həm hemostaz baxımından, həm də sonrakı bitişmələr, uşaqlığın yırtılması, çapığın çatışmazlığı və bu kimi digər fəsadlaşmaların qarşısının alınması baxımından əhəmiyyətlidir.