Azərbaycan Tibb Universitetinin (ATU) yəmənli tələbəsi Saleh Altahery Azərbaycanda ilk dəfə əcnəbi tələbələr arasında keçirilən “Əcnəbi tələbələrin fikir platforması” adlı TEDx formatlı yarışmada yer tutub. Əcnəbi tələbə “ən yaxşı natiq” nominasiyası üzrə təltif olunub. Qalibə mükafatı ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov təqdim edib.
Qeyd edək ki, yarışma Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA universitetinin Magistr Tələbə hökümətinin texniki dəstəyi ilə təşkil olunub. Layihənin əsas məqsədi əcnəbi tələbələrə müşahidə etdikləri, yaşadıqları, ümumiyyətlə, bölüşmək istədikləri hər hansı mövzunun heç kəsə bəlli olmayan, ən maraqlı məqamlarını münsiflər heyəti və auditoriya qarşısında paylaşmaqdır.
Layihənin yarımfinal mərhələsi aprelin 13-də keçirilib. Yarımfinal mərhələsində 15 ölkədən 10 universitetin 30-a yaxın iştirakçısı yarışıb. Bu ölkələr arasında Peru, İraq, Kamerun, Myanmar, Türkiyə, Rusiya,Ukrayna, Polşa, Nigeriya, Yəmən, Suriya və Mozambikdən olan tələbələr iştirak edib.
Auditoriyanın marağına, təəccübünə səbəb olan çıxışlar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirilib. Beləliklə, münsiflər heyətinin qərarına əsasən iştirakçılardan yanlız 9 nəfəri finala vəsiqə qazanıb.
Yarışmanın final mərhələsi aprelin 25-də ADA Universitetində baş tutub. Final mərhələsində Türkiyə, Rusiya, Ukrayna, Polşa, Nigeriya, Yəmən, Suriya və Mozambikdən olan 9 universitetin (Azərbaycan Diplomatiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universtiteti, Xəzər Universiteti) tələbələri özlərini sınayıb.
Yarışmanın münsiflər heyətinin tərkibində millət vəkilləri Şahin İsmayılov, Kamran Bayramov, Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektorunun müdiri Vüsalə Niftəliyeva, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin böyük məsləhətçisi Müjdat Həsənov, Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova təmsil olunublar.
Tədbirdə hökumət və dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq xarici ölkə səfirləri, o cümlədən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai, Hindistanın Azərbaycandakı səfiri Sancay Rana, Yunanıstanın Azərbaycandakı səfiri Dmitrious Tsounqas, Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Yankovski Yevgei və Polşa səfirliyinin 3-cü katibi Anna Vitak iştirak edib.