Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirildi.
Konfransda ATU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) 2012-2017-ci illərdə görülmüş işlərinin hesabatı dinlənildi.
HİK-in sədri, dosent Cahangir Qasımov çıxış edərək, konfrans iştirakçılarına ATU-da son 5 il ərzində komitə tərəfindən görülən işlər haqqında hesabat verdi. Bildirdi ki, Həmkarlar İttifaqı Komitəsinin XIII hesabat-seçki konfransı çox əlamətdar bir zamanda keçirilir: “Ulu Öndər Heydər Əliyevin başladığı və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi kurs Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasına yönəlib. Bunun nəticəsidir ki, dünyanın üzləşdiyi qlobal maliyyə-iqtisadi böhran şəraitində Azərbaycan nəinki özünün iqtisadi inkişaf tempini qoruyub saxlaya bildi, hətta sürətli artıma görə dünyada birincilər sırasında qalmaqda davam edir”.
C. Qasımov qeyd etdi ki, ATU-nun Həmkarlar İttifaqı Komitəsi rektorluqla öz münasibətini müvafiq qanunlara və Əmək Məcəlləsinə əsasən bağlanan kollektiv müqavilə əsasında qurub: “AHİK və Nazirlər Kabineti arasında bağlanan baş saziş, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Səhiyyə Nazirliyi arasında bağlanmış sahə sazişin şərtləri əsasında bağlanan bu müqavilədə əməkdaşlarımızın sosial-iqtisadi problemlərinin həlli, məzuniyyətlər, qadınların əməyi və digər sahələrdə əlavə imtiyazlar nəzərdə tutulur”.
Daha sonra ATU-nun İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski, Elmi Tədqiqat Mərkəzinin müdiri, professor Qalib Qaralov, Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, travmatologiya və ortopediya kafedrasının müdiri, professor Əhməd Əhmədzadə, tibbi biologiya və genetika kafedrasının müdiri, professor Canbaxış Nəcəfov çıxış edərək, hesabatı müsbət qiymətləndirərək, fikir mübadiləsi apardılar.
Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bir sıra məsələlərə toxunaraq, əsas işlərdən biri kimi tələbələrin asudə vaxtlarının səmərəli istifadəsi üçün şərait yaradılmasını qeyd etdi: “Tələbələrə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılmalıdır. İdman kompleksinin təmir edilməsi, oxu zallarının müasirləşdirilməsi və s. kimi işlər görülməlidir. ATU-ya universitet yox, iş yeri yox, doğma universitet kimi baxan hər bir müəllim, həkim Həmkarlar İttifaqı Komitəsi ilə sıx əlaqədə olmalı, onlarla iş birliyi qurmalıdır. Mənim sərəncamım əsasında, Həmkarlar İttidaqı Komitəsi tərəfindən universitetdə nizam-intazamın yoxlanılması aparılır, “Təbib” istirahət düşərgəsində təmir işləri gedir. Bütün bu işlər Tibb Universitetini daha da yüksəkliyə qaldırmaq üçündür”.
Qeyd edək ki, 2012-2017-ci illər ərzində Azərbaycan Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsi yeni klinikaların açılışı ilə əlaqədar öz sıralarını daha da artırıb. Hal-hazırda təşkilat 3503 nəfərdən çox həmkarlar ittifaqı üzvünü birləşdirən ən iri ali məktəb təşkilatlarından biridir. Universitet Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi altında 6 fakültə, 4 klinika, 1 Elmi-Tədqiqat Mərkəzi və 1 İnzibati-təsərrüfat işçiləri həmkarlar ittifaqı təşkilatı, 96 qrup təşkilatı fəaliyyət göstərir.
Universitet Həmkarlar İttifaqı Komitəsi Təftiş Komisiyasını sədri dosent Faiq Qapaqov, Təftiş Komissiyasının hesabatını konfrans iştirakçılarının nəzərinə çatdırdı. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Emin Əfəndiyev, ATU HİK-in sədr müavini Qəhrəman Rüstəmovu fəal fəaliyyətinə görə “Fəxri fərman”la mükafatlandırdı.
Konfransın sonunda ATU-nun Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin və Universitet HİK-nin Təftiş Komissiyasının tərkibinin seçkisi baş tutub. ATU-nun Həmkarlar İttifaqı komisiyası 25 nəfərlik tərkibdə təyin olunub. Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov seçildi.