Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirildi.
Tədbiri fakültə üzrə TEC-in sədri, dosent Nərgiz Məmmədova açaraq, konfransda 8 nəfər tələbənin çıxışının nəzərdə tutulduğunu, 3 nəfər tələbənin mükafatlandırılacağını bildirdi.
Əczaçılıq fakültəsinin dekanı, professor Tahir Süleymanov konfrans iştirakçılarına univrsitetin əsas məqsədinin yüksək ixtisaslı kadrlar hazırlamaq olduğunu dedi: “Bizim bu məqsədlə birinci işimiz yüksək səviyyədə tədrisi həyata keçirməkdir. Lakin tədrisin keyfiyyətini yüksəltmək üçün elmi işlər müstəsna əhəmiyyət kəsb edir. Bu, istər professor-müəllim heyəti üçün, istərsə də bizim tələbə kollektivi üçündür. Yəni elmi işlə məşğul olmaq tələbələr üçün öz üzərlərində daha da çox çalışmaq deməkdir. TEC-in işinə həmişə çox ciddi önəm vermişik. Burada əsas məqsəd yaxşı oxuyan, elmi biliklərə malik olan tələbələri gələcəkdə göz önünə çıxarmaqdır”.
T. Süleymanov həmçinin bütün iştirakçıları qalib adlandırdı: “Bu gün məğlub olan olmayacaq. İştirak edənlərin hamısı qalib hesab edilir. Hamınıza uğurlar diləyirəm”. Obyektivliyi qorumaq üçün münsiflər heyətinə daxil olan elmi rəhbərlərin heç biri burada iştirak etmir”.
Konfrans İctimai fənnlər kafedrasının I kurs tələbəsi Tanrıverdiyeva Gülçinin “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının milli iqtisadiyyatının qurucusudur”, Farmakoqnoziya və botanika kafedrasının III kurs tələbəsi Məmmədova Firuzənin “Göyçək köpükotu bitkisinin bəzi farmokoqnostik tədbiqi”, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının IV kurs tələbəsi Quluzadə Validənin “Əczaçılıq müəssisələrində münaqişələr və onların həll edilmə yollarının axtarışı”, Farmakoqnoziya və botanika kafedrasının II kurs tələbəsi Ahmed İslam Eldeenin “Sudan təbabətində istifadə olunan dərman bitkiləri”, latın dili kafedrasının I kurs tələbəsi Qəhrəmanzadə Tamillanın “Latın dilinin hind-avropa dillərinin tibbi terminoloji-yaşına təsiri”, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının III kurs tələbəsi Bəhbudbəyli Ülkərin “Sızanaqların müalicəsində istifadə olunan dərman vasitəsinin texnologiyasının işlənib hazırlanması”, Ümumi və toksikoloji kimya kafedrasının II kurs tələbəsi Yusubova Rufananın “Ətirliheliotrop bitkisi alkaloidlərinin ilkin kimyəvi tədbiqi”, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının II kurs tələbəsi Mamedov Baratalinin “Bakı şəhərində oftalmoloji xəstələrə əczaçılq yardımının təşkilinin bəzi aspektlərinin öyrənilməsi” mövzularında elmi işlərinin mühazirəsi ilə davam etdi.
Konfransın sonunda qaliblər elan olundu. 5 nəfərdən ibarət münsiflər heyətinin seçiminə görə, I yerə Fənnlər kafedrasının I kurs tələbəsi Tanrıverdiyeva Gülçin, II yerə Farmakoqnoziya və botanika kafedrasının III kurs tələbəsi Məmmədova Firuzə, III yerə isə Latın dili kafedrasının I kurs tələbəsi Qəhrəmanzadə Tamilla layiq görüldülər. Qaliblərin hər biri diplom və hədiyyələrlə təltif olundular. Qaliblərə mükafatları fakültə TEC-ində aktiv iştirakına görə iki müəllim - Esmira Hacıyeva və Nailə Zülfüqarova təqdim etdi.