Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycan Respublikası Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin təsis yığıncağı keçirilib.
Tədbirdə çıxış edən I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov cəmiyyət haqqında məlumat verib.
O bildirib ki, hələ 1976-ci ildə belə bir cəmiyyət fəaliyyət göstərirdi: “Bu cəmiyyət professor Abbas Axundbəyli tərəfindən yaradılmışdı. Uzun illər cəmiyyət işini yüksək səviyyədə davam etdirdi. Səhiyyə Nazirliyindən də qeydiyyatdan keçmişdi. Son illər cəmiyyətin fəaliyyətində A.Axundbəylinin səhhəti və daha sonra onun haqq dünyasına qovuşmasından sonra geriləmə müşahidə edildi və fəaliyyəti dayandırıldı. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra, yeni tələblərə uyğun olaraq cəmiyyətlər Ədliyyə Nazirliyində qeydiyyata alınmalı idi”.
Professor qeyd edib ki, bu cəmiyyət yeni adda və yeni tərkibdə qeydiyyata düşməklə işini davam etdirəcək: “Biz köhnə cəmiyyəti yeni adla təsis etdik və Azərbaycan Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyəti adlandırdıq. 15 nəfərdən ibarət idarə heyəti də seçdik. İdarə heyətinin içərisindən sədr seçilməli idi. Təklif olundu ki, bu cəmiyyətə sədr mən seçilim. Onların əvvəlcədən də keçirdiyi səsverməyə əsasən, məni cəmiyyətin sədri kimi görmək istəyiblər. Bu etimaddan dolayı da mən öz həmkarkarıma minnətdarlığımı bildirirəm”.
İ. İsmayılov onu da vurğulayıb ki, cəmiyyətin əsas məqsədi ölkəmizdə aktual olan tibbi problemləri qabartmaq və onun həllinə nail olmaqdır: “Bura ölkəmizdə fəaliyyət göstərən aparıcı mütəxəssislər cəlb olunub. Həmçinin gənclərlə də mütəmadi olaraq işləyəcəyik, çünki, müasirləşən dünyamızda bəzi yenilikləri gənclərdən öyrənirik. Bu baxımdan yeniliklər gətirmək, onların təbiqinə nail olmaq cəmiyyətin əsas hədəflərindən biri olacaq”.