19-20 may 2017-ci il tarixlərində Rusiyanın Stavropol şəhərində tibb universitetləri arasında "Asklepiy" beynəlxalq Olimpiadası baş tutub. Stavropol Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən yarışmada 15 komanda iştirak edib. İlkin tibbi yardımın göstərilməsi üzrə Olimpiadaya Rusiyanın müxtəlif tibb universitetləri ilə yanaşı, Çin və Azərbaycanın tibb universitetləri də qatılıb.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovun sözlərinə görə, Azərbaycan Tibb Universiteti bu yarışmada "AMU Fires" komandası ilə iştirak edib: “Komandanın tərkibinə universitetin 2-ci, 4-cü və 5-ci kurs tələbələri daxildir. Səfər zamanı komanda heyətini Stavropol Dövlət Tibb Universitetinin rektoru, professor Vladimir Koşel qəbul etdi. Tələbələrlə səmimi söhbət zamanı prof. Koşel ölkələrimiz arasındakı dostluq münasibətlərindən, həmçinin universitetlərimiz arasında yaranmaqda olan əməkdaşlıqdan söz açdı. Cənab rektor iki ali məktəb arasında əlaqələrin daha da gücləndirilməsinin tərəfdarı olduğunu bildirdi”.
N.Zeynalov bildirir ki, Tibb Universitetinin "AMU Fires" komandası Olimpiadanın 6 müsabiqəsində uğurla çıxış edərək fəxri 4-cü yerə layiq görülüb.
Qeyd edək ki, Stavropolda ilkin və təxirəsalınmaz tibbi yardım üzrə olimpiada artıq dördüncü dəfədir keçirilir. Bu il tələbələr yaşıl ərazidə yerləşən sağlamlıq düşərgəsində yarışıblar. Onlar terror aktından əziyyət çəkənlərə, bədbəxt hadisələrdən ziyan görənlərə ilkin tibb yardım göstərilməsi üzrə tapşırıqları yerinə yetiriblər.