Mayın 30-da Böyük Elmi Şuranın növbəti toplantısı keçirildi. Toplantını açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl fizioterapiya və idman təbabəti kafedrasının müdiri, professor ßlişir Musayevi və normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədovu AMEA-nın müxbir üzvlüyünə seçilməsi, mikrobiologiya kafedrasının müdiri, professor Zakir Qarayevi isə AMEA-nın Mirqasımov adına mükafatına layiq görülməsi münasibətilə təbrik etdi. Bundan sonra “Azərbaycan Tibb Universitetində 2016-2017- ci tədris ilində yaz semestrinin imtahan sessiyasına və Buraxılış Dövlət Attestasiyasına hazırlığın vəziyyəti, imtahanların mütəşəkkil keçirilməsində kollektivin vəzifələri” barədə universitetin tədris işləri üzrə prorektoru, professor Sabir ßliyevin məruzəsi dinlənildi.
2017-ci ilin may ayının respublikamızda əlamətdar hadisələrlə yadda qaldığını, müstəqil ölkəmizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünun ölkəmizdə, o cümlədən universitetimizdə təntənə ilə qeyd edildiyini deyən prorektor mayın 10-dan 22-dək Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan standartları ilə uğurla başa çatdığını vurğuladı: “Azərbaycan 54 İslam ölkələrinin birincisi kimi böyük qələbə ilə, 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) bu oyunları başa vurdu. Bu tarixi qələbənin qazanılmasında Respublikamızın Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın apardığı böyük təşkilati işi, diqqəti və qayğını xüsusilə qeyd etmək istərdim. Universitetimizin minlərlə tələbəsi və könüllüləri IV İslam Həmrəliyi Oyunlarının açılış və bağlanış mərasimlərində, həm də ayrı-ayrı stadionlarda və idman zallarında oyunların izlənilməsində iştirak etdi. Buna xüsusi diqqət və qayğı göstərdiyi üçün universitetin rektoru, professor Gəray Gəraybəyliyə, fəallıq göstərən tələbələrimizə, dekanlarımıza, xüsusən açılış və bağlanış mərasimində tam heyətlə iştirak edən hərbi fakültənin dekanına, zabitlərinə və tələbələrinə təşəkkürümü bildirirəm”.
S.Əliyev ölkəmizdə ali tibb təhsili sisteminin Avropa təhsil məkanına inteqrasiyası və ali tibb təhsilinin forma və məzmununun Boloniya Bəyannaməsi prinsiplərinə uyğunlaşdırılmasının universitet kollektivi qarşısında əsas vəzifə kimi qoyulduğuna diqqət çəkdi. Hərbi tibb fakültəsi və hərbi tibb məktəbi istisna olmaqla universitetin bütün fakültələrində və ixtisaslarında tədrisin Boloniya bəyannaməsinin müddəalarına uyğun həyata keçirildiyini dedi: “Rektorluq, tədris hissəsi və fakültə dekanlıqları tələbələrin dərsə davamiyyətini gündəlik diqqətdə saxlamaq məqsədilə tədris binalarında və klinik bazalarda vaxtaşırı reydlər keçirmiş, tələbələrin dərsə davamiyyəti isə dekanlıqların və rektorluq şurasının bütün iclaslarının müzakirə predmeti olmuş, ayrı-ayrı fakültələrin elmi şuralarında semestr ərzində bir neçə dəfə müzakirəyə çıxarılmışdır. Əsasən universitetdə təhsil alan tələbələrin böyük əksəriyyətinin dərsə davamiyyəti qənaətbəxşdir. Lakin bir qrup tələbə “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” nın imkan verdiyi həddə qədər - fənn üzrə 25%-ə qədər dərs buraxmağa başlamışdır”.
Məruzədə həmçinin qeyd edildi ki, dərsə gecikən tələbələrə güzəşt edildiyindən dərslərə kütləvi gecikmə halları müşahidə olunur, bu isə tədrisin ritmini pozur. Ona görə də dərsburaxma ilə əlaqədar məsələ universitetin Böyük Elmi Şurasında müzakirə olunmalı, tibb təhsilinin xarakter xüsusiyyətini nəzərə alaraq müvafiq qərar qəbul edilməlidir.
Universitetdə təhsil alan xarici tələbələr haqqında statistik məlumatlar da məruzədə öz əksini tapdı: “2016/2017-ci tədris ilinin əvvəlindən ATU-da 26 ölkədən 791 nəfər tələbə (bu tələbələrdən 6 nəfəri - İordaniya vətəndaşları dövlət xətti ilə), 10 ölkədən isə 689 dinləyici (bunlardan 40 nəfər - YÖK yolu ilə), bundan əlavə 1 nəfər ixtisasartırma kursunda, 30 nəfər rezidenturada və 6 nəfər isə magistraturada təhsil alır”.
S.Əliyev onu da qeyd etdi ki, kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları universitetdə yaradılmış Virtual Test Mərkəzinin köməyi ilə mərkəzləşdirilmiş şəkildə kompyüter vasitəsilə test üsulu ilə aparılır: “Cari tədris ilinin yaz semestrinin imtahan sessiyası da kredit sistemi ilə təhsil alan tələbələr üçün həm semestr, həm də dövlət imtahanları kompyüter vasitəsilə test üsulu ilə həyata keçiriləcəkdir. Universitetin axırıncı kurs tələbələri dövlət imtahanı qabağı son sessiya imtahanlarına başlamışlar. Bu günə olan məlumatlara görə, imtahana buraxılanlardan 37 nəfər imtahanlarda iştirak etməmiş, 16 nəfər imtahana buraxılmamışdır. Belə demək mümkünsə, kompyterlər vasitəsilə test üsulu ilə imtahanın nəticələri onların hazırlıqlarına müvafiq olmuşdur. Qeyd etməliyəm ki, cari tədris ilindən I kursdan başlayaraq kompyüter vasitəsilə test üsulu ilə imtahanların aparılmasında müəyyən dəyişikliklər edilmişdir. Belə ki, sualların sayı 50-dən 25-ə endirilmiş, hər tələbəyə 10 açıq sual təqdim olunacaq ki, bu da tələbədən gizli saxlanılır və çalışırıq ki, tələbələrin imtahanda qazandığı nəticələr reallığa daha yaxın olsun, başqa sözlə desək, “əzbərçilikdən real biliyə” devizini həyata keçirək”.
Çıxışında istehsalat müşavirələrinə də toxunan natiq dedi ki, cari tədris ilinin yaz semestrində aparılan istehsalat müşavirələri istər professor-müəllim heyətinin, istərsə də tələbələrin iştirakı baxımından qənaətbəxş olmuşdur. Ona görə də tələbələr tərəfindən qaldırılan məsələlərin yerindəcə həll edilməsinə imkan yaranmışdır: “Universitetin prorektorları - professor S.Əliyev, dosent R.Bəylərov, dosent N.Xəlilov, Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent C.Qasımov, tədris şöbəsinin müdiri, dosent N.Qasımov, təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor A.Qurbanov rektorun sərəncamına əsasən ayrı-ayrı iclaslara təhkim edilmişlər. Onların iştirakı ilə kafedralarımızı və tələbələri narahat edən bir sıra məsələlər açıq müzakirə obyektinə çevrilmişdir”.
Rezidenturanın qəbul imtahanları haqqında da bəhs edən prorektor qeyd etdi ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra tibb təhsili əsas və rezidentura təhsilinə ayrılmışdır: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq 2011-ci ildən başlayaraq ölkədə rezidentura təhsilinə start verilmişdir.
Ənənəvi olaraq rezidenturaya qəbul imtahanları Dövlət Attestasiyasından sonra aparılırdı. Artıq bir neçə ildir ki, rezidenturaya qəbul imtahanları 2 mərhələdə aparılır və hər mərhələ 100 balla qiymətləndirilir. Cari tədris ili üçün I mərləhə - baza tibb fənləri üzrə 09 aprel 2017-ci ildə aparılmış, II mərhələ - klinik fənlər üzrə 2017-ci ilin iyul ayına planlaşdırılır.
Rezidenturaya 2017-ci il qəbulu üçün 1077 nəfər sonuncu kurs tələbəsi və əvvəlki illərin məzunları müraciət etmişdir ki, onlardan 54 nəfəri xarici ölkədə təhsil müəssisələrini bitirənlərdir. Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq I mərhələ üzrə müsabiqə şərti 40 bal saxlanılmışdır. Sənəd verənlərin böyük əksəriyyəti universitetimizin məzunları və ya sonuncu kurs tələbələridir. Ən yüksək toplanan bal 83 bal olmuşdur”.
Çıxışının sonunda imtahanların gedişinə ciddi nəzarət olunacağını və hər bir neqativ hal haqqında siqnallara çox kəskin reaksiya veriləcəyini vurğulayan S.Əliyev universitet kollektivinin bu məsul və çətin işin öhdəsindən bacarıqla gələcəyinə əminliyini bildirdi.
Kafedra müdirləri Zübeyid Tağıyev, Elçin Ağayev və Cavanşir İsayev, təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri Akif Qurbanov çıxışlarında məruzəni qənaətbəxş qiymətləndirərək bu sahədə görülən işlərdən və həllini gözləyən problemlərdən söhbət açdılar. Natiqlər həmçinin mövcud olan bir sıra nöqsanların aradan qaldırılması üçün təklif və rəylərini bildirdilər.
Məruzə və çıxışlarda səslənən fikirlərə münasibət bildirən rektor universitetin çoxşaxəli fəaliyyətində tədrisin mühüm yer tutduğunu, hər il bir neçə dəfə bu məsələnin müzakirə edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını söylədi.
İslahat müşavirələrinin universitetimizdə uzun illər ərzində ənənəvi olaraq keçirildiyini xatırladan G.Gəraybəyli artıq ikinci ildir ki, şəxsən tələbələrlə görüşdüyünü, bu ildən görüşlərin formatının dəyişildiyini vurğuladı: “Mən dekanların, dekan müavinlərinin, yəni rəsmi şəxslərin iştirakı olmadan tələbələrlə 6 görüş keçirərək hər kursun tələbələri ilə ayrı-ayrılıqda söhbət aparmışam. Mənimlə görüşlərdə tələbələr həddindən artıq böyük problemlər qaldırıblar. Bu problemləri qeydə almaqla hər kafedra haqqında tələbələrin dedikləri məlumatları əldə etmişəm. Düşünürəm ki, gələcəkdə bu görüşlərin formatını yenidən dəyişmək lazımdır. Qoy kafedra müdirləri, adları çəkilən müəllimlər də bu görüşlərdə iştirak etsinlər, tələbələrin onların haqqında dediklərini eşitsinlər. Bəlkə bundan sonra müəyyən nəticələr ola. Elə məsələlər var ki, ildən-ilə tələbələrin şikayəti əsasında müzakirə olunur, amma heç nə dəyişmir. Mən hesab edirəm ki, dəyişəcək, mütləq dəyişəcək və dəyişməlidir”.
Görüşlərdə tələbələrin təkcə neqativ hallardan deyil, müsbət məqamlardan da danışdıqlarını diqqətə çatdıran rektor bildirdi ki, I, II və III kurs tələbələri bu il nəzəri kafedraların daha obyektiv olduqlarını xüsusilə vurğuladılar. İraq səfiri ilə görüş zamanı da obyektivliyin artması barədə fikirlər səsləndi ki, bu da sevindirici haldır.
Universitetin öz məhsuluna cavabdeh olmasının zəruriliyini önə çəkən rektor tədrisin keyfiyyətini yüksəltmək, tələbələrin biliyini obyektiv qiymətləndirmək üçün müəllimləri məsuliyyətli olmağa çağırdı: “Məruzədə də haqlı olaraq vurğulandı ki, bəzi müəllimlər ancaq dərs soruşmaqla məşğuldur. Beynəlxalq praktikada belədir ki, müəllim ilk növbədə dərsi izah etməli, əsas istiqamətləri verməlidir. Soruşmaq bəlkə də onun işi deyil, buna görə qiymətləndirmə qurumları, komandaları var”.
Yekun nitqində kafedra müdirlərinin tədris, müalicə və elm prosesindəki roluna da toxunan G.Gəraybəyli diqqəti təəssüf doğuran bəzi məqamlara yönəltdi: “Hər bir kəs yazdığı təqdimat əsasında məsuliyyət daşımalıdır. Artıq müasir tələblər başqadır. Hansısa cavan bir kadrı işə götürəndə bugünkü tələblərlə yanaşmaq lazımdır. İşə qəbul, eləcə də vəzifədən-vəzifəyə keçid obyektivlik şəraitində aparılmalıdır. Hər bir vəzifəyə alternativ namizədin olması yaxşı bir haldır. Mən hesab edirəm ki, gələcəkdə kafedra müdirlərinin özlərinin seçkilərində də kafedradan və ya kənardan mütləq alternativ namizədin irəli sürülməsi praktikasına başlamaq vacibdir. Çünki bəzi kafedralarda, yumşaq desək, mühit heç də sağlam deyil. Kafedra müdirləri öz əməkdaşlarından, əməkdaşlar isə ayrı-ayrılıqda kafedra müdirlərindən şikayət edirlər. Təbii ki, belə kollektivdə normal fəaliyyətdən, normal tədrisdən söhbət gedə bilməz”.
Bəzi kliniki kafedraların müdirlərinin və tədris hissə müdirlərinin iş vaxtında özəl klinikalara “qaçması”nı kəskin tənqid edən universitetin rəhbəri həmin kafedraların müdirlərinə sonuncu xəbərdarlıq ediləcəyini, barələrində ciddi cəza tədbirlərinin görüləcəyini vurğuladı.
Ümumilikdə tədris prosesinin qənaətbəxş olduğunu bildirən rektor yeni dərs ilindən hər kurs üzrə yeni qurulmuş imtahan proqramına keçiləcəyini də diqqətə çatdırdı.
ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsini və tərkibini, ATU-nun Tədris Stomatoloji Klinikasının qiymət cədvəlini və ATU-nun nəzdində fəaliyyət göstərən laboratoriyaların əsasnamələrini təsdiqləyən elmi şura valideyni olmayan uşaqların təhsil haqqından azad olmaları, tələbələrin yekun qeydiyyat vərəqələrinin doldurulması, Elektron Universitet, ATU-nun saytına məlumatların yerləşdirilməsi, yataqxana müqavilələrinə yenidən baxılması və digər məsələləri də müzakirə edərək müsabiqə məsələlərinin həlli ilə öz işini yekunlaşdırdı.