May ayının 2-dən etibarən Azərbaycan Tibb Universitetində (ATU) yekun dövlət imtahanları başlayıb. Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli imtahanlara baxış keçirib. Rektor imtahan verən tələbələr, Dövlət İmtahan Komissiyasının üzvləri və nəzarətçilərlə görüşüb, prosesin gedişi ilə maraqlanıb. O, imtahanlarla bağlı öz tapşırıq və tövsiyyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayıb.
Qeyd edək ki, imtahanın obyektiv və şəffaf keçirilməsi universitet rəhbərliyinin daim nəzarəti altındadır. İmtahanlar müalicə-profilaktika, stomatologiya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb fakültələrində aparılır.
Artıq beş ildir ki, ATU-da imtahanlar obyektivliyin tam qorunması məqsədilə test üsulu ilə, kompüterlər vasitəsilə aparılır. İmtahan şərtlərinə görə, tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar. İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir. Belə ki, hər sual bir balla qiymətləndirilir.
İmtahanlar zamanı Virtual Test Mərkəzində 220 kompüter tələbələrin ixtiyarına verilir. Gün ərzində bu mərkəzdə 2500-3000 tələbənin imtahan verməsi mümkündür. Hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq sualları cavablandırır və sonda imtahan nəticəsini görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur.