19-22 iyun 2017-ci il tarixlərində İtaliyanın Parma şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin toplantısı keçirilib. Bu nüfuzlu toplantıda Azərbaycan Tibb Universitetinin nümayəndəsi də iştirak edib.
Azərbaycan Tibb Universiteti 2016-cı ildən etibarən ÜST Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin üzvüdür. 63 ölkədən 77 təşkilatın iştirakı ilə keçirilən görüşdə Universitetimizi II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyev təmsil edib.
Dos. İ. Əfəndiyevin sözlərinə görə, kimyəvi təhlükəsizlik dünya səhiyyəsinin qlobal problemlərindən biridir. Hər il minlərlə yeni kimyəvi birləşmələrin üzə çıxması və bu maddələrin insan sağlamlığına potensial riskin olmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı qlobal kimyəvi təhlükəsizliyinə xüsusi diqqət kəsb edir. Şəbəkənin əsas məqsədi ÜST-yə üzv olan ölkələrdə kimyəvi risklərə qarşı potensialın gücləndirilməsi, elmi mübadilə proqramlarının təşkili, təcrübənin və metodologiyanın harmonizasiyası, insan orqanizminə kimyəvi maddələrdən ziyanın müəyyənləşdirilməsi və onların aradan götürülməsi və s. ibarətdir.
ATU-nun Ümumdünya Səhiyyə Təşkilatının Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin üzvü olması Universitetimizin dünya miqyasında artan hörmətini göstərir və həmçinin respublikamızın əhalisinin kimyəvi risklərinin azalmasına əlavə imkanları yaradır.