İyunun 30-da “Bulvar Otel”də Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin “Məzun günü” keçirilib.
Dövlət himni səslənəndən sonra təntənəli mərasimi ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, bu əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini təbrik edib. Rektor Gəray Gəraybəyli universitetin professor-müəllim heyəti adından gələcəyin həkimlərinə tutduqları bu müqəddəs peşə yolunda uğurlar arzulayıb:
“Bu gün sözün əsl mənasında, bayrama yığışmışıq. İndi məzun olan tələbələr düz 6 il öncə məktəb sıralarından universitet yoluna qədəm qoyarkən, tələbə adı qazanarkən, nə qədər həyəcanlı və sevincli idilərsə, bu gün də tələbəlik illəri ilə vidalaşarkən, bir o qədər həyəcanlı və sevinclidirlər. Onlar 6 il burada tələbəlik həyatı yaşayıb, auditoriyalarda tibb elminə yiyələniblər. Cərrahiyyə əməliyyatlarını canlı izləyiblər. Bu gün məzunlar unversiteti tərk edib, həkim ordusu sıralarına qoşulurlar. Bu həm çətin, həm də çox məsuliyyətli və şərəfli bir peşədir. Bu yolda hamınıza uğular arzulayıram. İnanıram ki, siz gələcəkdə böyük alim, tanınmış həkimlər olacaqsınız”.
Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında Azərbaycan Tibb Universitetinin məzunlarını təbrik edib. O bildirib ki, bu təhsil ocağı “Məzun günü”nə toplaşanların hər biri üçün çox doğma məkandır. Ə.Əmiraslanov universitetin bu günkü fəaliyyətində və inkişafında xidməti olan insanların heç zaman unudulmayacağını deyib.
Daha sonra çıxış edən pediatr-allerqoloq, professor Amaliya Əyyubova bu gün təhsillərini başa vuraraq həkim adı qazanan gənclərə Azərbaycan xalqının sağlamlığının keşiyində şərəf və ləyaqətlə dayanmağı arzu edib.
“Məzun günü”ndə iştirak edən valideynlər adından çıxış edən həkim İlham Kazımov təhsil ocağının professor-müəllim heyətinə təşəkkür edib. Bütün məzunlara gələcək peşə fəaliyyətində həkim adının müqəddəsliyini öz əməlləri ilə doğruldacaqlarına inandığını söyləyib.
Azərbaycan Tibb Universitetini 1057 nəfər məzun bitirir. Bunlardan I müalicə-profilaktika fakültəsi üzrə 316 nəfər (36 nəfər fərqlənmə, 6 xarici tələbə, 274 nəfər adi), II müalicə profilaktika fakültəsi üzrə 318 nəfər (27 nəfər yerli fərqlənmə, 1 nəfər fərqlənmə xarici, 25 nəfər xarici adi, 265 nəfər yerli adi), stomatologiya fakültəsi üzrə 126 nəfər (31 xarici,95 yerli), tibbi profilaktika fakültəsi üzrə 77 tələbə məzun olub. Bunlardan (10 nəfər fərqlənmə, 67 adi), əczaçılıq fakültəsi üzrə 104 məzun (1 fərqlənmə, 60 yerli tələbə, 43 xarici), hərbi tibb fakültəsi üzrə 83 nəfər hərbi həkim, 33 nəfər hərbi felçşer məzun olur.