Azərbaycan Tibb Universitetini əla qiymətlərlə başa vuran məzunlarımız

Həsənli Ülkər Mübariz qızı  

1994-cü ildə Yevlax şəhərində anadan olub. 2001-ci ildə Yevlax şəhər 8 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2011-ci ildə məktəbi əla qiymətlərlə başa vurub.Orta məktəbdə oxuduğu illər ərzində dəfələrlə rayon və respublika fənn olimpiadalarında iştirak edib. 

Respublika fizika olimpiadasinin 3-cüsü, Respublika Xüsusi İstedadlı Gənclərinin bilik yarışının kimya fənni üzrə 2-cisi, “Ana dilimizi sevək, sevdirək” adlı inşa müsabiqəsinin gümüş medalçısıdır. 2011-ci ildə 685 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil sahəsindəki uğurlarını universitet həyatında da davam etdirməyə çalışıb və bu il universiteti fərqlənmə diplomu ilə bitiriir.

Arzusu  bacarıqlı, savadlı bir həkim kimi xalqımızın sağlamlığının keşiyində durmaqdır.

 

 

 

 

 

 

 Əmircanova Nərmin Niyazi qızı

1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Nərimanov rayonundakı “Ankara məktəbi” liseyinin I sinfinə gedib. Təhsil aldığı müddətdə məktəbin ictimai işlərində və 

 tədbirlərində fəal iştirak edib, rayon, respublika olimpiadalarında, inşa müsabiqəsində uğurlu nəticələr əldə edib. 2011-ci ildə “Ankara-məktəbi” liseyini əla qiymətlərlə bitirərək elə həmin il  Azərbaycan Tibb Universitetinin  I müalicə-profilaktika fakültəsinə qəbul olub. Universitetdə oxuduğu illər ərzində Türkiyənin İstanbul şəhərində tibbi təcrübə keçib. 

ATU-nu fərqlənmə diplomu ilə bitirir.

Arzusu bacarıqlı mütəxəssis kimi yetişmək və Azərbaycan səhiyyəsinin inkişafında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdir.

 

 

 

 

 

 Quliyeva Günel Mahir qızı

1995-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. 2000-ci ildə I sinfə gedib.

 Oxuduğu illərdə bir neçə dəfə təlim- tərbiyəyə görə təltifnamələr alıb, məktəb üzrə fənn olimpiadalarında birinci yer tutubdur. O, həmçinin, Heydər Əliyevin xatirəsinə həsr olunmuş inşa müsabiqəsində də iştirak edib. 2011-ci ildə Günel orta məktəbi bitirib və elə həmin il qəbul imtahanında yüksək nəticə əldə edərək Azərbaycan Tibb Universitetinə qəbul olub. Tələbəlik illərində simpozium və konfranslarda fəal iştirak edən Günel neçə elmi iş hazırlayıbdır. “Yaxşı həkim yalnız tibbi biliklərlə kifayətlənməməlidir”-deyə fikirləşən Günel fransız, alman, ingilis dillərini öyrənib, həmçinin rəsm sahəsində də bir sıra uğurlar qazanıb, bir neçə rəsm sərgisində rəsmləri nümayiş etdirilibdir. Musiqi sahəsinə də uşaqlıqdan marağı olan Günel, elə məktəb illərində xor müsabiqəsində birinci yeri tutub, indi isə pianino ifa edir.2017-ci ildə universiteti əla qiymətlərlə bitirən Günel rezidentura təhsilini Amerikada almaq niyyətindədir.

 

 

 

Nabalıyeva Aygül  

1994-cü ildə Bakıda anadan olub. 2000-2011-ci illərdə Bakı şəhər 275 saylı orta məktəbdə təhsil alıb. 2011-ci ıldə 676 balla ATU-nun müalicə işi fakültəsinə qəbul olunub.

Oxuduğu illər ərzində seminar və konfranslarda iştirak edib. Müxtəlif sertifikatlara layiq görülüb. Ən böyük hədəfi savadlı, tanınmış həkim olaraq ölkəmizin səhiyyəsinin adını dunyada tanıtdırmaq və ixtisası üzrə savadlı tələbələr yetişdirməkdir.

 

 

 

 

 

 

 

 

Kənan Quliyev

1993-cü ildə Bakı şəhərində ziyalı ailəsində anada olub. 2000-ci ildə Binəqədi rayonundakı 99 saylı orta məktəbin I sinfinə gedib. Orta məktəbdə oxuduğu illər ərzində mütamadi olaraq müxtəlif fənlər üzrə  şəhər və respublika olimpiadalarında yüksək nəticələr əldə edib. Fərdi olaraq, respublika və beynəlxalq idman yarışlarında yüksək nəticələrlə fərqlənib. 2011-ci ildə həmin məktəbi yüksək qiymətlərlə bitirərək, elə həmin il TQDK tərəfindən keçirilən qəbul imtahanında 2011-ci il bilik yarışının öncülləri sırasında yüksək balla ATU-nun I müalicə-profilaktika fakültəsinə daxil olub.

Universitetdə oxuduğu müddət ərzində TEC-in konfranslarında müxtəlif mövzular üzrə dəfələrlə elmi işlər hazırlamış və müdafiə etmiş, bunun nəticəsi olaraq diplom və sertifkatlarla təltif olunmuşdur.

İmtahanlardan “əla” qiymətlər alaraq, qardaşı, 2015-ci il məzunu  Quliyev Qismət kimi universiteti fərqlənmə diplomu ilə bitirir. Rezidentura imtahanlarının I mərhələsində yüksək nəticə əldə edərək, arzu və məqsədlərinə doğru uğurla addımlamaqdadır. Gələcək məzunlara öz üzərlərində işləməyi, hədəflərinə doğru uğurla addımlamağı və bu sevinci yaşamağı arzulayır.

 

 

 

 

 Seydəliyeva Aytən İlham qızı

1994-cü ildə Qax şəhərində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbin I sinfinə gedib. Orta təhsil müddətində dərs əlaçısı olmaqla bərabər, müxtəlif fənn olimpiada və müsabiqələrinin iştirakçısı və qalibi olub. 2011-ci ildə G.Əsgərova adına 200 saylı məktəbi əla qiymətlərlə bitirərək həmin il 675 balla Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə müxtəlif elmi seminar və konqreslərdə iştirak edib.

2014-cü ildə Hacettepe Universiteti Tibb fakültəsində 4 fərqli ixtisas üzrə iş təcrübəsi keçib. 2015-ci ildə Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) təşkil etdiyi konqresin iştirakçısı olub, həm də konqresin proqramına daxil olan ümumi və vaskulyar cərrahiyyə üzrə treyninq kurslarında iştirak edərək müvafiq sertifikata layiq görülüb.

2015 və 2016-cı illərdə tələbə və gənc həkimlər üçün keçirilən II və III Beynəlxalq Tibb Konqresində, uyğun olaraq, radiologiya üzrə “The efficiency of MRI in the identification of brain tumors” adlı  elmi məruzə ilə, terapiya üzrə isə   “The role of cytokines in diabetic nephropathy” mövzusunda poster prezentasiya ilə çıxış edib və təşkilati komitə tərəfindən sertifikat alıb. Məruzəsi münsiflər heyəti tərəfindən maraqla qarşılanıb və tədqiqatın inkişaf etdirilməsində əməkdaşlıq təklif olunub.

2017-ci ildə Avstriyanın tibb üzrə nüfuzlu “European Journal of Biomedical and Life Sciences” jurnalında “Analysis of risk factors  and diagnosis of celiac disease” adlı elmi məqaləsi residentlər tərəfindən müsbət rəy verilərək dərc olunub.

Hazırda universiteti fərqlənmə diplomu ilə bitirir. Başlıca məqsədi təhsilini xaricdə davam etdirmək, qabaqcıl dünya səhiyyəsinin elmi və təcrübi nailiyyətlərinə yiyələnərək Azərbaycan xalqı qarşısında həkim vəzifəsini şərəflə icra etməkdir.

 

 Əkbərzadə Nərmin Elçin qızı  

1993-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

 1999-cu ildə Nizami rayonu 70 sayli pilot məktəbin I sinfinə gedib. 2007-ci ildə BTAL’a (Baki-Türk Anadolu liseyi) daxil olub. Bu müddətdə dərs əlaçısı olmaqla yanaşı, bir çox müxtəlif fənn olimpiada və müsabiqələrinin iştirakçısı olubdur. 2011-ci ildə 564 balla Azərbaycan Tibb Universitetinin II müalicə işi fakültəsinə daxil olub. Təhsil  aldığı müddətdə bir çox elmi konfranslarda və seminarlarda iştirak edib. 2015-ci ildə Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) təşkil etdiyi konqresdə “Bariatric and Metabolic surgery” mövzusunda müvəfəqiyyətlə çıxış edib. Həmçinin tələbə və gənc həkimlər üçün keçirilən II Beynəlxalq Tibb Konqresində iştirak edərək sertifikat alıb. 2016-2017-ci illərdə Barselona və Amsterdamda üzvü olduğu EASL (Europen Association for the study of the Liver) tərəfindən keçirilən konfranslarda iştirak edibdir. 2016-2017-ci illərdə APASL (Asian Pacific Association for the study of the Liver) üzvüdür. Beynəlxalq dil sertifikatı (İELTS-2016-score 6.0) var.

Hazırda universiteti fərqlənmə diplomu ilə bitirir. Ən böyük arzusu Vətəninə və ailəsinə layiq həkim olmaqdır.

 

 

 

 Tağıyeva Vüsalə Zübeyid qızı

1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Nizami rayonu 238 saylı orta məktəbdə I sinfə gedib. 2008-ci ildə daxil olduğu Kimya-Biologiya liseyini əla qiymətlərlə bitirərək elə həmin ildə yüksək balla Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Bu illər ərzində yüksək göstəriciləri ilə seçilən tələbəmiz əlaçı diplomuna layiq görülmüşdür.

Gələcəkdə mükəmməl şəkildə ixtisaslaşaraq savadlı bir həkim kimi xalqımızın sağlamlığın keşiyində durmaq arzusundadır.

 

 

 

 

 

 

 

Quliyeva Nərmin İlham qızı 

1993-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilinə 2001-ci ildə Xətai rayonu 18 saylı orta məktəbdə başlayıb. 2011-ci ildə 324 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Orta təhsili müddətində kimya fənnindən Respublika olimpiadalarında yüksək göstəricilər əldə edib.

2011-ci ildə TQDK-nın keçirdiyi qəbul imtahanında 638 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Universitetdə oxuduğu müddətdə də öz müvəffəqiyyətlərini davam etdirərək tibbi biliklərini mükəməlləşdirmək məqsədilə Türkiyənin Şişli-Etfal Klinikasında tibbi təcrübə keçibdir. Bununla yanaşı, ali təhsilinin son illərində 1 saylı Şəhər Klinik Xəstəxanasında tibb bacısı olaraq fəaliyyət göstəribdir. Arzusu xaricdə təhsilini davam etdirərək bir mütəxəssis həkim kimi öz xalqina layiqli xidmət göstərməkdir.