Azərbaycan Tibb Universitetində (ATU) yay məktəbi fəaliyyətə başlayıb. Yay məktəbinə 36 fənn üzrə 426 tələbə cəlb olunub.
Qurumun müdiri Mahir Quliyevin sözlərinə görə, burada dərslər iyulun 10-dan etibarən başlayıb və 5 həftə davam edəcək. 6-cı həftədə artıq imtahan veriləcək: “Bu iş üçün hər dekanlıqdan bir nəfər rəhbər seçilib. Bundan başqa, prosesə hər gün nəzarət olunur və rəhbərliyə məlumat verilir”.
M. Quliyev yay məktəbinin tələbələr üçün çox rahat bir üsul olduğunu bildirdi: “Tibb Universitetində bildiyiniz kimi, fənnlərin ardıcıllıq məsələsi var. Məsələn, Anatomiya-1 fənnindən imtahan verməyən tələbə, Anatomiya-2 fənninin imtahanına buraxılmır. Belə tələbələr üçün bu yay məktəbi çox böyük şansdır. 20162017-ci ilin I semestrində Anatomiya-1 fənnindən kəsilən tələbələr, yay məktəbində Anatomiya-2 fənnini götürərsə və bu fənni müvəffəqiyyətlə verərsə, II kursda Anatomiya-3 fənnini götürə biləcək. Əgər tələbə bunu götürməsə, onda məcburdur ki, II kursun I semestrində Anatomiya-3-ün əvəzinə, Anatomiya-2-ni götürsün. Bu da tələbənin müəyyən qədər geridə qalmasına gətirib çıxarır. Yəni yay məktəbində oxumaq tələbələrin xeyrinədir. Bu səbəbdən də tələbələr buna müsbət baxırlar”.