İtaliyanın nümayəndə heyəti ATU-da
İtaliyanın nümayəndə heyəti ATU-da
Mayın 7-də Azərbaycan Tibb Universitetinin müalicə işləri və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Əziz Əliyev İtaliyanın La Sapienze universitetindən gəlmiş nümayəndə heyətini-Kamilla Floranini Xəstəxanasının baş direktoru, professor Aldo Morrone, genetik laboratoriya müdiri, professor Paola Qrammatiko, neonatoloq Glasinto Antonio Marrokko, biotexnologiya mütəxəssisi Əsgər İbrahimi və prental diaqnostika mütəxəssisi İsabella Torrenteni qəbul etmişdir.
Professor Əziz Əliyev qonaqlara ATU-nun tarixi inkişaf yolu, maddi-texniki bazası barədə ətraflı məlumat vermiş, həmçinin ölkəmizdə rast gəlinən genetik xəstəliklər, molekulyar-genetik və sitogenetik laboratoriyaların yaradılmasının əhəmiyyətindən söhbət açmışdır. Bildirmişdir ki, əsas məqsəd İtaliyanın Kamilla Floranini Xəstəxanası ilə Azərbaycan Tibb Universitetinin xəstəxanaları arasında əməkdaşlığın qurulması, yeni molekulyar-genetik və sitogenetik laboratoriyaların yaradılması istiqamətində görüləcək işlərin müzakirəsidir.
Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, Azərbaycan Tibb Universitetində yaradılacaq molekulyar-genetik və sitogenetik laboratoriyaların lahiyəsi nəzərdən keçirilmiş, layihənin yekun variantı işlənib hazırlanmışdır.
Eyni zamanda laboratoriyalarda çalışacaq mütəxəssislərin hazırlanması üçün İtaliya tərəfinin təcrübələrindən istifadə olunmasına qərar verilmişdir.
Görüşdə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova, Cərrahi Klinikanın direktoru, dosent Hacıqulu Bağırov, Tədris Terapevtik Klinikanın mərkəzi laboratoriyasının müdiri, dosent Ramin Bayramlı və «Arash Medical» şirkətinin nümayəndəsi Cavid Əsədov iştirak etmişlər.
La Sapienza Universitetindən gələn qonaqlar mayın 8-də Tədris Terapevtik Klinikada «Tibbi genetikanın klinikada əhəmiyyəti», «Nadir rast gəlinən dəri xəstəlikləri», «Tibbi-məhkəmə ekspertizası» və s. mövzularda ATU mütəxəssisləri üçün maraqlı mühazirələr oxumuşlar.
Görüş daha sonra ATU rəhbərliyi ilə işgüzar şəraitdə davam etmiş, qonaqlar TTK-nın mərkəzi laboratoriyası ilə yaxından tanış olmuşlar. Hər iki xəstəxananın elmi araşdırmalar və kadr mübadiləsi yönümündə yaxından əməkdaşlığının əhəmiyyəti vurğulanmışdır.