Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Tibbi şurasının iclası keçirilib. Klinikanın kafedra və şöbə müdirləri, idarə rəhbərlərinin, professor və dosentlərin iştirakilə keçirilən iclasda Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev çıxış edərək tibbi şuranın fəaliyyətinin əhəmiyyətindən danışdı: “Şura iclasında gördüyümüz işlər, planlarımız haqqında müzakirə açmalı, klinikanın üzləşdiyi çətinliklərin həlli üçün birgə təklif səsləndirib, uyğun qərarlar verməliyik. Şura iclasında istər təhsil, istər müalicə yönlü fəaliyyətimizlə bağlı hesabatlar dinlənilməlidir”.
Daha sonra professor S.Hadıyev şura iştirakçılarını iclasın gündəliyi ilə tanış edib. Gündəliyə əsasən, 3 məsələ müzakirəyə çıxarılıb. Birinci məsələyə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasında tədris prosesinin vəziyyəti haqqında professor D.Pənahovun məruzəsi dinlənlib. Bundan sonra klinikanın ginekologiya və urologiya şöbələrinin fəaliyyəti üzrə hesabatlar səsləndirilib. Hesabatların müzakirəsindən sonra cari məsələlərlə bağlı təkliflər səsləndirilib.