Artıq tələbələrin şikayət və təklifləri daha tez öz həllini tapacaq
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) fakültələr üzrə tələbə dekanlarının seçimi başa çatıb.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli tələbə dekanı seçilmiş gəncləri təbrik edib. Rektor bildirib ki, tələbə dekanları ATU-nun böyük elmi şuralarında iştirak edəcək, tələbələrin istək və təkliflərini rəhbərliklə bölüşəcəklər: “Siz qrup nümayəndələrinizin, fakültədəki tələbələrin rəğbətini qazanaraq, bu ada layiq görülmüsünüz. Sizin əsas işiniz tələbələr arasında olan şikayət və təklifləri rəhbərliyə, dekanlara ötürməkdən ibarətdir. Sizin fəal əməyiniz sayəsində biz bu sahədə daha aktiv işləməli, bir-birimizə kömək etməliyik”.
Rektor G.Gəraybəyli ATU-da təhsil alan tələbələrə daim diqqət və qayğı göstərməyə çalışdığını dedi. Onların buradakı həyatı, problemləri, dərs prosesində yaranan məsələlərlə bağlı fikirlərini hər zaman dinləməyə hazır olduğunu vurğuladı. Rektor gənclərdən daha aktiv fəaliyyət gözlədiyini söylədi: “Universitetdə mədəni, sosial aksiyalar, sərgilər və digər tədbirlər keçirə bilərsiniz. Bu istiqamətdə sizdən maraqlı təkliflər gözləyirəm. Bundan başqa, dəfələrlə tələbələr mənə hansısa dərsliklə bağlı şikayətlərini bildiriblər. Sizin işiniz məhz bu şikayətləri araşdırmaq və bu kimi məsələlərin həllində bizə yardım etməkdir”.
Daha sonra rektor G.Gəraybəyli tələbə dekanlığının əsasnaməsi ilə tələbə dekanlarını və dekanları tanış etdi.
Tələbə dekanların siyahısı:
I müalicə-profilaktika fakültəsinin tələbə dekanı - Əhmədli Əziz (II kurs);
II müalicə-profilaktika fakültəsinin tələbə dekanı - Alimli Məhərrəm (V kurs);
Stomatologiya fakültəsinin tələbə dekanı - Kərimova Nigar (IV kurs);
Əczaçılıq fakültəsinin tələbə dekanı - Abbaszadə Xəyalə (II kurs);
İctimai səhiyyə fakültəsinin tələbə dekanı - Ağazadə Xədicə (II kurs);
Hərbi tibb fakültəsinin tələbə dekanı - Quliyev Kamil (III kurs).