(+99412) 597-38-98

370078, Bakı, Mərdanov qardaşları küç., 98, tel.: 595-54-37

Kafedra müdiri dos., respublikanın əməkdar müəllimi I.R. Əhmədov

Qidalanma gigiyenası və kommunal gigiyena kafedralarının hər ikisi 1942-ci ildə təşkil edilmiş və 1987-ci ilə qədər sərbəst fəaliyyət göstərmişdir. 1987-ci ildə kafedralar birləşdirilmişdir.

Kafedrada tibbi-profilaktika ixtisası üzrə təhsil alan 3-5 kursların tələbələrinə təhsil proqramına müvafiq olaraq kommunal gigiyena, qidalanma gigiyenası və dietoloyiya fənnləri tədris olunur.

Kafedranın akademik personalı 2 professor (1 nəfər  0,5 ştat vahidi), 3 dosent 1  baş müəllim və 1 nəfər (0,25 ştat vahidi) assistentdən ibarətdir.

Kommunal gigiyena kafedrasının ilk müdiri prof.  D.I.Koqan (1942-1944) olmuşdur. Müxtəlif illərdə kafedraya dosent C.R.Nuriyev (1944-1968), dosent L.M.Tağızadə (1968-1980), dosent A.K.Kərimov (1980-1986) və prof. B.S.Kiçibəyov (1986-1987) rəhbərlik etmişlər.

 Kommunal gigiyena kafedrasında o dövrlərdə respublikanın yaşayış məntəqələrinin su təchizatının gigiyenik qiymətləndirilməsi, Mingəçevir və Ceyranbatan su hövzələrinin sanitariya mühafizəsi, kənd yaşayış məntəqələrinin baş planının işlənməsi, atmosfer havasının çirklənməsi, ona nəzarət üsulları və b. istiqamətlərdə elmi-tədqiqat işləri aparılmışdır. 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 20-dən artıq məqalə və tövsiyyələr çap olunmuşdur. Həmin dövrlərdə kafedrada tədrisin təkmilləşdirilməsi, tədris prosesinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir.

Qidalanma gigiyenası kafedrasına yarandığı ilk illərdə (1942-1946) ümumi gigiyena kafedrasının müdiri prof. M.M.Əfəndizadə, sonra (1946- 1950) kommunal gigiyena kafedrasının müdiri dosent C.R.Nuriyev (hər ikisi əvəzçilik üzrə) rəhbərlik etmişlər. Sonrakı illərdə kafedraya dosent Ə.H.Abdulov (1950-1963), prof. Ə.M.Məmmədov (1964-1965 əvəzçilik üzrə), dosent N.C.Bağırov (1965-1978), prof M.H.Kərimova  rəhbərlik etmişlər.

1950-ci ildən  dosent Ə.H.Abdulovun rəhbərliyi altında kafedrada tədris işinin təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Kafedra əməkdaşlarının 20 elmi məqaləsi və qida gigiyenasına dair yaddaş kitabçası çar edilmişdir.

1964-cü ildən (dosent N.C.Bağırovun rəhbərliyi dövründə) kafedrada tədris işlərin ilə bərabər, elmi-tədqiqat işlərinin keyfiyyətinə də diqqət artırılmışdır.

Kafedranın elmi fəaliyyətinin əsas istiqamətlərini neft qazmaçılarının qidalanmasının səmərələşdirilməsi, məktəbəqədər uşaq müəssisələrində qidalanmanın öyrənilməsi, yeyinti sənayesində tətbiq edilən poliamid qətranının gigiyenik və toksikoloji səciyyələndirilməsi, əhalinin qidasının mikroelement tərkibinin öyrənilməsi və s. məsələlər təşkil etmişdir.

Kafedra əməkdaşlarının 80-ə yaxın elmi məqaləsi, qida gigiyenasına dair yaddaş kitabçası, «Qidalanma gigiyenasından praktik məşğələlərə  rəhbərlik», «Azərbaycan müalicə kulinariyası», tələbələr üçün tədris vəsaitləri və 2 metodik tövsiyə çar edilmiş, 1 ixtiraya müəlliflik şəhadətnaməsi alınmışdır.1 doktorluq (M.H.Kərimova 1975-ci ildə) və 3 namizədlik dissertasiyası müdafiə edilmişdir.

1978-ci ildə qidalanma gigiyenası kafedrasının müdiri vəzifəsinə prof. M.H.Kərimova seçilmişdir. O, 1987-ci ildən 1999-cu ilə qədər iki kafedranın birləşdirilməsi yolu ilə yaradılan “qidalanma və kommunal gigiyena” kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə kafedrada tədrisin keyfiyyətinin yüksəldilməsi, tədrisin müasir yanaşmalarına geniş yer verilmiş, azərbaycan dilində “Qida zəhərlənmələri və onlara qarşı profilaktik tədbirlər” adlı tədris vəsaiti (N. C. Bağırov, M. H. Kərimova), “Qida obyektlərində sanitariya-mikrobioloji nəzarət” adlı dərs vəsaiti  (M. H. Kərimova, N. C. Bağırov ), “Mineral gübrəkər, qida və yem əlavələri, çirkab sularının tətbiqi və onlardan istifadə olunmaqla əldə olunan yeyinti məhsullarının keyfiyyəti üzərində sanitar-gigiyenik nəzarət” adlı dərs vəsaiti  (M. H. Kərimova, İ. R. Əhmədov) nəşr edilib təkəbələrin ixtiyarına verilmiş, tədrislə bərabər elmi fəaliyyətin də vüsəti nəzərəçarpan dərəcədə yüksəlmişdir.

Həmin dövrdə kafedrada elmi-tədqiqat işlərinin əhatə dairəsi daha da genişləndirilmiş, elmi-tədqiqatların əksəriyyəti pestisidlərlə təmasda olan kənd təsərrüfatı əməkçilərinin qidalanması, vitamin problemi ilə əlaqədar (müxtəlif əhali qrupları üzrə qidalanmanın öyrənilməsi, onların rasionlarının vitaminlərlə zənginləşdirməsi) məsələləri, qidalanmanın səmərəliliyinin öyrənilməsi, «Stress və qidalanma» mövzularında elmi-tədqiqat işləri aparılmışdır.

Kafedralar birləşdikdən sonra, eləcə də tədris proqramında dəyişikliklə əlaqədar tədris proqramına yeni bölmə – «dietologiya» kursu daxil edilmişdir. Bununla əlaqədar olaraq, kafedranın əməkdaşları – M.H.Kərimova, I.R.Əhmədov, I.R.Ələsgərova, A.Q. Nəcəfova bu bölmə üzrə tədris prosesinin keyfiyyətini yüksəltmək və tələbələrin fənni mənimsəməsinə kömək etmək məqsədilə Azərbaycan və rus dilində «Dietologiya»ya dair dərs vəsaiti yazıb çap etdirmişlər. Eyni zamanda seminar məşğələləri üçün metodik vəsaitlərlər, tələbələrin biliyini yoxlamaq üçün proqramlaşdırılmış nəzarət vasitələri və situasion məsələlər tərtib edilmişdir.

Kafedrada «Şəhər və kənd əhalisinin, uşaq və yeniyetmələrin qidalanmasının səmərələşdirilməsi», «Əhalinin faktik qidalanması və sağlamlıq vəziyyəti», «Bakı şəhəri atmosfer havasının fotooksidantlarla çirklənməsinin gigiyenik təsiri, çirklənmə mənbələrinin məktəbyaşlı uşaqların əmək qabiliyyətinə təsirinin sanitariya - gigiyena baxımından qiymətləndirilməsi» mövzularında kompleks elmi tədqiqat işləri həyata keçirilmişdir. Bu işlər əsasında əməkdaşlardan 3 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 1 nəfər doktorluq dissertasiyasını başa çatdıraraq ixtisaslaşdırılmış şuraya təqdim etmişdir.

Tədqiqatlarını əsasən qidanın, o cümlədən milli Azərbaycan xörəklərinin bioloji dəyərinin öyrənilməsinə həsr edən M.H.Kərimovanın  rəhbərliyi altında ymumi götürdükdə 9 namizədlik dissertasiyası müdafiə olunmuş, 2 doktorluq dissertasiyası işlənmişdir. Moskva şəhərinə köçməsi ilə əlaqədar 1999-cu ildə O, öz xahişi ilə kafedra müdiri vəzifəsindən azad edilmişdir.

Həmin vaxtdan kafedraya dos. I.R. Əhmədov rəhbərlik edir.

Bu dövrdə kafedrada tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqət daha da artırılmış,  tədrisin texniki təchizatı gücləndirilmiş, mühazirə və məşğələlərdə multimedia sistemi, overxeyt kimi müasir sistemlər myvəffəqiyyətlə tətbiq edilir.

2000-ci ildən etibarən kafedrada «Mikronutrient çatışmazlıqları ilə mübarizə» regional proqramı çərçivəsində «Azərbaycan Respublikası  əhalisinin müxtəlif qrupları arasında alimentar patologiyaların inkişafında qidalanmanın rolu və  müasir şəraitdə profilaktikası yolları» mövzusunda elmi tədqiqat işi başa çatdırılıb. Hazırda «Müxtəlif əhali qrupları arasında yod defisiti səviyyəsinə duzun universal yodlaşdırılması proqramının tətbiqinin effektivliyinin qiymətləndirilməsi» mövzusunda elmi tədqiqat işi davam etdirilir.

Kafedra əməkdaşları daimi olaraq koordinator, ekpert və konsultantlar kimi bir çox beynəlxalq təşkilatlarla birlikdə: UNİCEF, AIB, WHO, WFP, GTZ və s. Milli səviyyədə Səhiyyə Nazirliyi xətti və UNİCEF-in dəstsyi ilə Qidalanma və mikronutrientlər çatışmazlığı problemi çərçivəsində «Yod satışmazlızı xəstəlikləri», «A vitamin çatışmazlızı» və «Alimentar anemiyanın» profilaktikasına dair çox geniş tədbirlər həyata keçirirlər. Kafedra əməkdaşları müxtəlif sahələrin mütəxəssisləri: səhiyyə və təhsil işçiləri, ictimaiyyət nümayəndələri, GEM-lər, gömrük xidməti, sanitariya karantin xidməti işçiləri, duz və un istehsal müəssisələri işçiləri və laborator xidmətləri üçün müvafiq metodik vəsaitlər-treninq paketləri (12 vəsait) hazırlayaraq həmin qruplarla treninqlər keçirmiş və iştirakçıların həmin vəsaitlərlə təminatına imkan yaratmışlar. Dos. I.R. Əhmədov tərəfindən Respublika Sanitariya Epidemioloji xidməti üçün Yodlaşdırılmış xörək duzunun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət normativ sənədləri: «Duz istehsalı müəssisələri üçün sanitariya qaydaları» və  «Yodlaşdırılmış xörək duzunun monitorinqi», «Yodlaşdırılmış xörək duzunda yodun miqdarının təyin edilməsi üsulları» adlı metodik tövsiyyələr hazırlanmışdır. Müvafiq orqanların bu sahədə fəaliyyətini asanlaşdırmaq üçün hər 3 sənədi və yodlaşdırılmış duza aid bütün qanunvericilik və normativ sənədlərini özündə birləşdirən vahid sənəd «Yodlaşdırılmış duza dair sənədlər toplusu» adlı vəsait çap olunmuşdur. UNİCEF-in dəstsyi ilə respublikanın bütün Gigiyena Epidemiologiya Mərkəzlərinin qidalanma gigiyenası şöbəsinin və laboranoriyalarının həkimləri ilə bu mövzuya dair treninqlər keçirilmiş və vəsait iştirakçılara paylanmışdır.

Kafedranın dosenti Q. Hacıyeva tərəfindən tələbələr üçün “Müalicə-profılaktik qidalanma” adlı tədrıs vəsaiti hazırlanmışdır (2005). Kafedranın bəzi əməkdaşları- dos. Qəniyeva Q.S. həmmüəllif kimi ingilis dilində “Gigiyenadan tədris vəsaiti” (2009) hazırlamışdır.

Son dövrdə kafedrada bir namizədlik dissertasiyası müdafiə edilmiş, bir doktorluq dissertasiyası başa çatdırılaraq AAK-a təqdim olunmuş və bir doktorluq işi də davam etdirilir.

Kafedranın professoru M.S.Qasımovun (bir neçəsində əməkdaşlarımızın həmmüəllifliyi ilə)  son illərdə «Pəhriz xörəkləri. Azərbaycan mətbəxi» (1995) kitabı, «Ümumi dietologiyanın əsasları» (1997) adlı dərs vəsaiti, «Azərbaycan mətbəxində pəhriz» (2004), «Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz» (2004), «Диетическое питание в кулинарии» (2004), «Sağlam həyat tərzi uğrunda» (2005) «За здоровый образ жизни» (2005) kitabları, «Sosial təminat sistemində yoxsul, qoca və ahıl yaşlı adamların səmərəli və pəhriz qidalanmasının təşkili» (2006); İ.R. Əhmədov və başqalarının da həmmüəllifliyi ilə «Məktəblilərin gigiyena və sağlamlıq üzrə biliyini artırmaq üçün» (2006), ”Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirmə texnologiyasının tibbi-gigiyenik cəhətləri” adlı metodik tövsiyələri, «Sahibkarlar üçün sanitariya və gigiyena qaydaları» (2009), “Əmək və əhalinin Sosial Təminat Nazirliyi sistemində az təminatlı, ahıl və qoca  yaşlı  adamların, əlillərin səmərəli  və  pəhriz qidalanmasının təşkili” (2015) adlı metodik tövsiyə çap edilmişdir.

Kafedra müdiri I.Əhmədov Səhiyyə Nazirliyi və Respublika Hökümətinin göstərişi ilə mütəmadi olaraq Azərbaycan respublikası əhalisinin müxtəlif qrupları üçün qidalanma normaları və minimum istehlak səbəti məhsul toplusunun (ərzaq zənbili) işlənməsində iştirak edir.

Kafedra əməkdaşları səhiyyə orqanları əməkdaşlarına daim təcrübi və konsultativ köməklik göstərir; sağlam qidalanma, düzgün həyat tərzi və digər gigiyenik məsələlərə dair mütəmadi olaraq əhalinin maariflənməsinə çalışırlar. Dos. I.R. Əhmədov, dos.Q.M. Hacıyeva, prof. S.Ə.Məmmədova, ass. I.F. Ramazanova müxtəlif televiziya kanallarında mütəmadi çıxışlar edirlər.

Kafedra əməkdaşları tərəfindən 500-dən çox elmi iş, o cümlədən 35-dan çox metodik tövsüyyələr çap edilmişdır.