Azərbaycan Tibb Universitetinin (ATU) epidemioligiya kafedrası Tibbi profilaktika  fakültəsinə daxildir. Kafedra 1943-cü ildə  məşhur epidemioloq, tropikoloq və malyarioloq alim, Almaniyanın Hamburq Universitetini bitirmiş prof. İ.Ə.Axundov tərəfindən təşkil edilmişdir. Ilk illərdə kafedra Malyariya və Tibbi Parazitologiya İnstitutunun bazaslnda yerləşirdi. Bu dövrdə kafedrada yalnız sanitariya-gigiyena fakültəsinin tələbələrinə dərs keçirilirdi. Hazırda isə epidemiologiya fənni müalicə-profilaktika, tibbi-profilaktika və tibbi-biologiya, stomatologiya fakültələrinin tələbələrinə tədris edilir.

Kafedraya aşağıdakı professorlar rəhbərlik etmişdir:

Professor İsmayıl Əbdülxaliq  oğlu Axundov – 1943-cü ildən  1952-ci ilə qədər;

Professor Pyotr Petroviç Popov – 1954-1964-cü illər;

Professor, əməkdar elm xadimi Tağı Ələkbər oğlu Tağızadə - 1952-1954-cü illər və 1964-1992-ci illər.

1992-ci ildən hal – hazıra kimi kafedraya əməkdar elm xadimi, əməkdar müəllim, tibb elmləri doktoru, professor İ.Ə.Ağayev rəhbərlik edir.

Kafedranın bütün tarixi ərzində burada aparılan elmi işlərin əsasını Azərbaycanın ölkə patologiyasının və səhiyyəysinin əsas problemləri təşkil etmişdir. Uzun müddət əsas elmi problem leptospirozlar, salmonelyozlar və helmintozların epidemilogiyasının öyrənilməsi olmuşdur. Hazırda “Azərbaycanda yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi” mövzusu üzrə elmi işlər aparılır. Bundan başqa, kafedranın nəzdində klinik-epidemiloji laboratoriya fəaliyyət göstərir. Burada yoluxucu və parazitar  xəstəliklərin laborator diaqnostikası aparılır ki, onların həyata keçirilməsində  müasir bakterioloji, virusoloji, parazitoloji, seroloji müayinə metodlarından istifadə edilir.  

Epidemiologiya kafedrasında yeni tədris proqramına əsasən epidemiologiya fənni müalicə-profilaktika, tibbi profilaktika və tibbi biologiya, stomatologiya fakultələrində azərbaycan, rus və ingilis  dillərində tədris edilir.

Kafedra AZ1078, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 98 ünvanında,  ATU-nun 5№-li korpusunun 6-cı mərtəbəsində yerləşir.