2000-ci ilin may ayında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə dövrün tələblərinə uyğun olaraq hərbi həkim kadrlarının hazırlanması üçün vacib addım atılır, Azərbaycan Tibb Universitetində yeni Hərbi Tibb Fakültəsi yaradılır. Hərbi Tibb Fakültəsinin tərkibində Hərbi terapiya kafedrası fəaliyyət göstərir. 2004-cü ildən Hərbi terapiya kafedrası adlandırılır.
Kafedrada kursantların diplomaqədərki dövrdə hərbi terapiya üzrə həkim və feldşer hazırlığı, diplomdansonrakı dövrdə ixtisaslaşdırılması və təkmilləşdirilməsi həyata keçirilir.
Kafedraya 2000-2013 illərdə tibb elmləri doktoru, professor Rafiq Quliyev, 2013-2019 illərdə Saqil Məmmədov, 2020-2021 illərdə Samil Qasımov, Mehriban Quliyeva rəhbərlik etmişdirlər. 2021-ci ildən hal-hazıra kimi kafedraya Abbas Quliyev rəhbərlik edir.
Kafedrada tədris çoxistiqamətli olub, Hərbi Tibb fakültəsinin Hərbi Həkim İxtisası hazırlığı kurslarının kursantlarına Hərbi terapiyası, Hərbi Feldşer hazırlığı kursunun kursantlarına Feldşer işinin əsasları və tibbi deontologiya, Ümumi terapiya, Hərbi terapiya, Azərbaycan Tibb Universitetinin Tibb 1 və Tibb 2, Tibb bacısı, Stomatologiya fakültələrinin tələbələrinə Mülki müdafiə fənnləri tədris olunur. Hərbi terapiya kafedrası terapevtik profilli rezidentlərin hazırlanmasında iştirak edir.
Qeyd edilənlərlə yanaşı, kafedranın müəllimləri tərəfindən Milli Müdafiə Universitetinin planına uyğun olaraq sanitar təlimatçılar və tibb bacılarına, adyunktlara, təkmilləşdirilmə kursunun dinləyicilərinə Hərbi tibb fənnindən məşğələlər keçirilir. Kafedranin müəllimləri Müdafiə Nazirliyinin planına uyğun olaraq keçirilən təlimlərdə iştirak edib təcrübə qazanırlar.
Hərbi terapiyası müstəsna əhəmiyyətli hərbi-tibb elmi və tədris fənni kimi geniş elm sahəsini təmsil edir.
Kafedrada tədris azərbaycan və rus dilində aparılır.
Tədris olunan fənnlər üzrə tədris proqramları və fənnin işçi tədris proqramları (sillabuslar) daima yenilənir .
Kafedranın tədris fəaliyyəti Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalın terapevtik bölmələrində təşkil edilmişdir. Tədris otaqlarının metodiki bazası müasir tələblərə cavab verən elektron avadanlıqlarla təchiz edilmişdir. Bütün tədris siniflərində, mühazirə zallarında kompüter və barko cihazları quraşdırılmışdır. Tədris olunan fənnlər üzrə otaqlar stendlər və tədris ləvazimatları ilə təmin edilmişdir.
Hərbi terapiya kafedrasında tədrisin məqsədi hər bir hərbi tibb işçisinin istər qoşunlarda, istərsədə hospitallarda yiyələndikləri bilik və bacarıqlarından məharətlə istifadə etməsindən ibarətdir.
Kursantların istifadəsi üçün kafedrada tədris edilən fənlər üzrə dərslik və dərs vasitələri hazırlanmış, onların günün tələblərinə uyğun dəyişdirilməsi və yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, kafedranın fəaliyyət dövründə aşağıda qeyd oıunan dərslik və dərs vəsaitləri hazırlanmışdır: “Hərbi terapiyanın əsasları” (2004), “Hərbi terapiya fənni üzrə təcrübi məşğələlərə rəhbərlik” (2007), “Feldşer işi” (2009) “Radiasiya zədələnmələri” (2021), “Posttravmatik visseral patologiyalar” (2023), Hərbi Həkim Hazırlığı kursunun kursantları üçün “Hərbi terapiya” (2023), Hərbi Feldşer Hazırlığı kursunun kursantları üçün yenilənmiş tədris proqramına uyğun “Ümumi terapiya” (2025) və “Hərbi terapiya” (2026)
Kafedranın zabit-müəllim heyəti Silahlı Qüvvələrin tibbi profilaktik yönümlü qurumları ilə sıx əlaqələr saxlayır, onlarla metodik-təcrübi mübadilə aparırlar və kursantlara dərs prosesində ətraflı məlumatlar çatdırılır. Bu məqsədlə kafedranın zabit heyəti il ərzində Azərbaycan ordusunun Döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlimlərdə iştirak edir. Dərs prosesi zamanı professor-müəllim heyəti təhsil alanların vətənpərvərlik, milli dəyərlərə, vətən sevgisinin daim yüksək qalmasına xüsusi diqqət ayırır
Kafedra profili üzrə elmi-tədqiqat işlərinin aparılmasını təmin edir.
Elmi fəaliyyət kafedranın prioritet istiqamətlərindən olub, konfrans və seminarların keçirilməsi, iştirak və çıxışların təşkil olunması, elmi məqalələrin və prezentasiyaların tərtibinə xüsusi yer ayrılır. Kafedranın əsas elmi istiqaməti istər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçular arasında rast gəlinən visseral patologiyalardır Kafedranın zabit-müəllim heyəti tərəfindən yazılmış 150-dən çox elmi məqalə həm yerli ,həm də xarici jurnal və toplularda dərc olunmuşdur.
Kafedrada müəllim-zabit heyətinin pedaqoji stajı kifayət qədərdir, əsas etibarilə Müdafiə Nazirliyinin qurumlarında xidmət etmiş zabitlər, o cümlədən 1-ci və 2-ci Qarabağ müharibəsində təcrübə keçmiş, səhra şəraitində tibbi təminatın xüsusiyyətlərini bilən təcrübəli heyət fəaliyyət göstərir.
Kafedranın zabit-müəllim heyəti 44 günlük Vətən müharibəsində ön cəbhədə ilk tibbi yardım, xəstələrin çeşidlənməsi, müayinə və müalicə işi, tibbi təxliyənin təşkili, hərbi hissələrin tibbi təminatı məsələləri, müxtəlif hərbi hospitallarda yaralı və xəstələrin müayinə və müalicə edərək, yenidən döyüş meydanına qaytarılmalarında yaxından iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş komandan cənab İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunmuşlar
Dinləyici və kursantlar arasında tərbiyəvi işlərin təşkilinə xüsusi diqqət yetirilir, onlara milli qürur, vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların mübarizə əzmi, mənəvi sərvətlərimizə, ekoloji mühitə qayğıkeş münasibət aşılandırılır. Tərbiyəvi işin əsas məqsədini yüksək ixtisas və mənəvi-psixoloji keyfiyyətlərə malik tibb kadrlarının hazırlanması təşkil edir.