“Təsdiq edirəm”
Azərbaycan Tibb Univarsitetinin rektoru
_____________prof. Gəray Gəraybəyli
“______”__________________2021-ci il
Azərbaycan Tibb Univarsitetinin
İnformasiya sistemlərinin təşkili və idarəetmə mərkəzinin
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Tibb Universitetinin (bundan sonra - ATU) struktur bölməsi olan İnformasiya sistemlərinin təşkili və idarəetmə mərkəzi (bundan sonra –Mərkəz) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində ATU-nun vahid kompüter şəbəkəsinin, internet səhifəsinin yaradılması, təkmilləşdirilməsi, onların işinin təşkil olunması, keyfiyyətli, təhlükəsiz və fasiləsiz internet bağlantısının təmin edilməsi sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, ATU-nun Nizamnaməsini, rektorun sərəncamlarını, əmrlərini və bu Əsasnaməni rəhbər tutur.
1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən ATU-nun strukturuna daxil olan bölmələri, həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Mərkəzin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları
2.1.Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. ATU-nun müasir standartlara uyğun informasiya sistemlərinin yaradılmasına, tətbiqi və inkişaf etdirilməsinə texniki dəstək verir;
2.1.2. Müvafiq məlumat bazalarının formalaşdırılması, genişləndirilməsi və mövcud informasiya sistemlərinə texniki dəstək göstərir.
2.2. Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. ATU üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir;
2.2.2. ATU-nun kompüter, server və şəbəkə avadanlığının əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiya edilməsi və işlək vəziyyətdə saxlanmasını təmin edir, bu sahədə nəzarəti həyata keçirir;
2.2.3. ATU-nun kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir;
2.2.4. ATU-nun internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün optimal şəraitin yaradılmasını təmin edir;
2.2.5. ATU bölmələrinin kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təşkil və təmin edir;
2.2.6. ATU-nun fəaliyyəti üçün alınacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının parametrlərini müəyyən edir və texniki tələblərin müəyyən olunmasını həyata keçirir;
2.2.8. İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problem və nasazlıqları aradan qaldırır;
2.2.9. ATU-nun əməkdaşlarına vəzifə səlahiyyətlərinə uyğun olaraq informasiya sistemlərinə daxil olma hüquqlarının verilməsini təmin edir;
2.2.10. ATU-nun lokal və qlobal şəbəkələrinin yaradılması, dəstəklənməsi üzrə işləri yerinə yetirir, mütəmadi monitorinqlərin aparılmasını təmin edir;
2.2.11. ATU-nun informasiya sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması, qəza hallarının və səhvlərin təsirinin azaldılması, eləcə də nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür, sistemlərin ehtiyat surətlərinin çıxarılmasını və saxlanılmasını təşkil edir;
2.2.14. ATU-nun informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir;
2.2.15. ATU-da mövcud olan proqram təminatına, təşkilati texniki vasitələrə xidməti təşkil edir, onların işlək vəziyyətdə olmasını təmin edir;
2.2.16. ATU-nun əməkdaşlarına informasiya texnologiyaları (bundan sonra – İT) sahəsində praktiki köməklik göstərir, proqram və texniki vasitələrin quraşdırılmasını təmin edir;
2.2.17. ATU üzrə proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemlərin həlli üzrə tədbirlər görür;
2.2.18. Mərkəzin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və ATU rəhbərliyinə təqdim edir;
2.3. Mərkəzin aşağıdakı hüquqları vardır:
2.3.1. ATU-da tətbiq olunan iş proseslərinin proqram təminatının yaradılması, kompüter və şəbəkə avadanlıqlarının idarə edilməsi, ATU-nun internet səhifəsinin, elektron poçtunun fasiləsiz işinin təşkili prosesinə zərurət yarandıqda mütəxəssislərin cəlb edilməsi üçün ATU-nun rəhbərliyinə müvafiq təkliflər vermək;
2.3.2. ATU strukturlarının İT-nin idarə edilməsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsindəki fəaliyyətinə nəzarəti və metodiki rəhbərliyi həyata keçirmək;
2.3.3. Müvafiq sahədə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, ATU-nun fəaliyyətinə aid informasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
2.3.4. İT sahəsində modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata keçirilməsi üçün təkliflər vermək;
2.3.5. Müvafiq sahədə ATU-nun strukturları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin layihələrinə dair təkliflər vermək;
2.3.6. Müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;
2.3.7. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində ATU-nun strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan belə məlumatları (sənədləri) almaq;
2.3.8. ATU-da və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə ATU-nu təmsil etmək, onların işində iştirak etmək;
2.3.9. Müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
2.3.10. Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
2.3.11. Mərkəzin funksiyalarının icrası üçün lazım gəldikdə, outsorsinq xidmətinin təşkili barədə məsələ qaldırmaq;
2.3.12. Qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
3. Mərkəzin vəzifələri
3.1. Universitetin informasiya təminatı sahəsində texniki baxımdan qarşıya qoyduğu məqsəd və hədəflərə nail olmaq üçün işlənilən mexanizmlərin tətbiqində iştirak edir, bu məqsədlə cəlb olunan daxili və xarici resursların əlaqələndirilməsini və səmərəli fəaliyyətini təşkil edir;
3.2. Mövcud təşkilati resurslar daxilində Universitetin fəaliyyətinə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ həllərin tətbiq olunması imkanlarını araşdırır və bu istiqamətdə yerli və ya xarici şirkətlərlə aparılan danışıqlarda, təlimlərdə iştirak edir;
3.3. Universitetin ehtiyaclarına uyğun olaraq yeni proqram təminatının hazırlaması üzrə layihələrin planlaşdırılması, koordinasiyası, tətbiq edilməsi sahəsində işlər görür;
3.4. Universitetin ehtiyaclarına uyğun olaraq yeni proqram təminatı və avadanlıqların alınmasına dair təkliflər verir, seçim və alış prosesində iştirak edir;
3.5. Yeni proqram təminatlarının və verilənlər bazalarının Universitetin İT infrastrukturuna tətbiqini, habelə tətbiq olunmuş proqram təminatlarının və verilənlər bazalarının işlək vəziyyətdə olmasını təmin edir, modernizasiya və miqrasiya (köçürmə) işlərini aparır;
3.6. Universitetdə istifadə olunan proqram təminatının və verilənlər bazalarının sənədləşdirilməsini, proqram təminatının quraşdırılması və konfiqurasiya olunmasını təmin edir;
3.7. Proqram təminatının və verilənlər bazalarının işini təhlil edir, bu barədə hesabatları Universitetin rəhbərliyinə təqdim edir;
3.8. Səlahiyyətlərinə uyğun olaraq İT sistemlərində, o cümlədən proqram təminatı, verilənlər bazalarının işində problemləri aşkar edir, həmin problemlərin operativ və keyfiyyətlə aradan qaldırılmasını, habelə test və profilaktik işlərin həyata keçirilməsini təmin edir;
3.9. Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasına riayət edir;
3.10. Qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.