Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Departamentinin fəaliyyəti sayəsində ATU-nun bir çox sahələrdə işin tamamilə elektronlaşdırılmasına nail olunub.
Elektron Universitet. Departament tərəfindən “Elektron universitet” layihəsi çərçivəsində tələbələr üçün 7 moduldan, müəllimlər üçün 4 moduldan ibarət Elektron Jurnal – Tələbə Məlumat Sistemi və Personal Məlumat Sistemi yaradılıb. Elektron jurnalda sistematik və məlumatverici tələbə bileti nömrələri, eləcə də tədris qrupları və fənlərin adları kodlaşdırılıb.
Tələbə Məlumat Sistemi: Tələbə Məlumat Sistemində bəzi zəruri bölmələr yaradılıb. “Davamiyyət” bölməsində tələbələr davamiyyət qeydlərinə baxa, həmçinin fənlər üzrə limit göstəriciləri ilə müqayisədə öz qeydlərini yoxlaya bilərlər. “Qiymət” bölməsi tələbələrin cari və ötən semestrlər ərzində dərs aldıqları fənlər üzrə semestrdaxili qiymətlərinə və semestrsonu imtahan nəticələrinə baxmaq üçün nəzərdə tutulub. Tələbə Məlumat Sistemindəki “Sınaq imtahanı” bölməsindən istifadə edərək tələbələr həm yeni imtahan sistemi ilə tanış olur, həm də öz biliklərini imtahandan əvvəl yoxlaya bilirlər. I və II kurs tələbələri üçün xüsusi düzəldilmiş açıq tipli suallardan ibarət sınaq imtahanları tələbələrə həmin tip sualların formatı ilə tanışlıq imkanı verir. “Test bankı”nda tələbələr cari semestrdə keçdikləri fənlərin imtahan suallarına uyğunlaşdırılmış test nümunələri ilə tanış olurlar. Onun “Anket” hissəsində isə hər semestrin sonunda müəllimlər dərs dedikləri tələbələr tərəfindən əvvəlcədən hazırlanan kateqoriyalar və ballar üzrə qiymətləndirilirlər. “Tədris proqramı” bölməsi məlumat xarakterli olaraq, tələbənin öz tədris proqramı ilə taniş olması üçün nəzərdə tutulub. “Sənəd sifarişi” – tələbəyə lazım sənədləri (arayış, transkript və s.) sifariş etmək üçün bölmədir.
Personal Məlumat Sistemi: Personal Məlumat Sistemindəki “Davamiyyət jurnalı” hissəsi müəllimlərin keçdiyi dərsin tarixinə müvafiq olaraq davamiyyət göstəricilərini qeyd etməsi üçün nəzərdə tutulub. Buradakı “Qiymət jurnalı”na müvafiq olaraq müəllimlərin tələbələrin fəaliyyətinə əsaslanaraq təyin etdikləri qiymətlər daxil edilir. “Fakültə və kafedralar” hissəsi sistemin informativ bölməsi olaraq fəaliyyət göstərir. Sadalananlarla yanaşı, universitetin tədris hissəsi və dekanlıq işçiləri nəzərə alınaraq hər biri üçün sistemin aşağıdakı bölmələri aktiv edilib.
İmtahan Mərkəzi. İmtahan Mərkəzində istifadə olunan Moodle proqramı qurularaq ATU-nun mövcud strukturuna uyğunlaşdırılıb. Universitetin bütün kurslarına aid tələbələrin hamısının eyni zamanda bu sistem üzərindən mərkəzləşdirilmiş vahid imtahan sistemi vasitəsilə imtahanlarını vermələri üçün şərait yaradılıb. Tələbə siyahıları dəqiqliklə yığılaraq təkcə ad/soyada görə deyil, identifikator göstəricisinə (tələbə bileti nömrəsinə) əsasən sistemə yerləşdirilib. Tələbələr üçün üç dildə - Azərbaycan, rus, ingilis dillərində “İmtahan sistemindən istifadə qaydaları” başlığı altında izahedici video material hazırlanaraq universitetin rəsmi saytına, YouTube kanalına, Facebook səhifəsinə yerləşdirilib. Tələbələr üçün imtahan sessiyası başlamazdan əvvəl universitetin rəsmi saytında yerləşdirilmiş “Sınaq imtahanı” başlığı altında sınaq portalı istifadəyə verilir. Tələbələr bundan istifadə edərək həm yeni imtahan sistemi ilə tanış olur, həm də öz biliklərini imtahandan əvvəl yoxlaya bilirlər. I və II kurs tələbələri üçün xüsusi düzəldilmiş açıq tipli suallardan ibarət sınaq imtahanları tələbələrə həmin tip sualların formatı ilə tanışlıq imkanı verir. ATU-dakı “Aralıq Qiymətləndirmə İmtahanları” da İmtahan Mərkəzində tam elektron qaydada keçirilir. Tələbələr öz qiymətlərini imtahan gününün sonunda Tələbə Məlumat Sistemində şəxsi kabinetlərinə daxil olaraq öyrənə bilirlər. İmtahanın nəticələrinin dekanlıqlara təhvil verilməsi prosesi də avtomatlaşdırılıb və mərkəzləşdirilibdir. Bunun üçün xüsusi proqram təminatı yaradılıbdır ki, bu da dekanlıqların imtahandan sonra etdikləri hesablama və statistika ilə bağlı işlərini minimuma endirir.
Korporativ email sistemi – @amu.edu.az (Gmail) ATU-nun bütün işçilərinin, eləcə də yeni tədris ilində universitetə qəbul olacaq tələbələrin vahid korporativ emaillərlə təmin olunması üçün Google şirkəti ilə danışıqlar aparılıb, lazımi sənədləri və məlumatları təqdim etdikdən sonra “G Suite for Education” planı ödənişsiz olaraq əldə edilib. Universitetin saytından “Webmail” keçidi vasitəsilə birbaşa qoşulma yaradılıb. Bunun vasitəsilə artıq bütün universitet işçiləri “@amu.edu.az” və tələbələr “@student.amu.edu.az” sonluqlu email ünvanlarından istifadə edərək gündəlik elektron poçtla bağlı gördükləri işləri daha rahat şəkildə edə bilə və limitsiz olaraq hər bir istifadəçi üçün məxsusi ayrılmış bulud yaddaşından istifadə edərək öz fayllarını saxlaya bilərlər.
Admission.amu.edu.az Xarici tələbələrin universitetə qəbul olunması prosesini elektronlaşdırmaq məqsədilə admission.amu.edu.az portalı yaradılıb. Bu portal vasitəsilə universitetə sənəd göndərmək istəyən xarici tələbələr portala daxil olaraq universitet həyatı, tələbə yataqxanaları, tədbirlər və digər sosial fəaliyyətlər barədə məlumat əldə edə, eləcə də qəbul qaydaları ilə ətraflı və interaktiv şəkildə tanış ola bilirlər. Namizədlər özlərinə aid olan müvafiq məlumatları dolduraraq qeydiyyatdan keçib sənədlərini elektron formatda sistemə yükləyirlər. Bundan sonra Xarici Tələbələr üzrə dekanlığın məsul işçisi tərəfindən həmin namizədin elektron ərizəsinə baxılır və ərizədən asılı olaraq uyğun cavab portal vasitəsilə namizədin elektron ünvanına göndərilir. Sənədləri qəbul olunan tələbələrə portal avtomatik olaraq onlayn intervyu üçün vaxt göndərir və planlaşdırılan vaxtda namizəd ilə qəbul komissiyasının üzvləri arasında elektron vasitələrlə təchiz olunmuş intervyu otağında müsahibə keçirilir. Bundan sonra yekun nəticə yenidən portal vasitəsilə həmin tələbəyə bildirilir.
Lisenziyalar: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzInTelecom, BestComp Group, Microsoft Korporasiyasının Azərbaycan təmsilçiliyinin təşəbbüsü ilə həyata keçirilən Edulicense sosial layihəsi vasitəsilə tələbələrə Windows 10 Education və Office 365 Education paketinin lisenziyalarının əldə edilməsinə nail olunub.
İnformasiya Texnologiyaları Departamentinə Rəmzi Əliyev rəhbərlik edir.