MÖVZUNUN ADI:
Təbii, yarımsintetik və sintetik üzvi və qeyri-üzvi kimyəvi maddələrin alınması, identifikasiyası, bioloji fəallıqlarının və toksikliklərinin in silico, in vitro və in vivo araşdırılması.
MÖVZUNUN AKTUALLIĞI:
Müasir dövrdə təbii mənşəli bioloji fəal maddələrin tədqiqi əczaçılığın ən prioritet istiqamətlərindən biridir. Bitkilər canlı orqanizmlər üçün müxtəlif farmakoloji təsirə malik çoxsaylı ikincili metabolitlərin – xüsusilə alkaloidlərin, flavonoidlərin, saponinlərin, terpenoidlərin və digər birləşmələrin əsas təbii mənbəyidir. Bu birləşmələr yüksək fizioloji aktivliyə malik olmaqla yanaşı, antioksidant, antimikrob, xərçəng əleyhinə və digər farmakoloji təsirlərə malikdirlər. Alkaloidlər müxtəlif fizioloji fəallıq göstərməklə geniş farmakoloji spektrə malik maddələrdir və onların bir çoxu tibbdə əvəzolunmaz dərman vasitələri kimi istifadə olunur. Həmçinin məlumdur ki, bir çox alkaloidlər terapevtik dozada müalicəvi, lakin yüksək dozada zəhərli təsir göstərdiyinə görə toksik təsir potensialına da malikdirlər. Bu səbəbdən onların bitki xammalından ayrılması, kimyəvi quruluşunun öyrənilməsi və toksikoloji xüsusiyyətlərinin müəyyənləşdirilməsi təhlükəsiz istifadənin elmi və praktik baxımdan əsasını təşkil edir. Azərbaycanın zəngin və hələ tam öyrənilməmiş florasının potensial biofəal maddələrin mənbəyi olması bu mövzunun həm də regional və strateji əhəmiyyətə malik olmasını göstərir. Yerli bitki növlərindən təcrid edilən bioloji fəal maddələrin bioloji aktivliklərinin, antioksidant potensialının və toksikoloji xüsusiyyətlərinin öyrənilməsi yeni dərman maddələrinin, antidotların və təbii mənşəli preparatların hazırlanması üçün elmi əsas verir. Beləliklə, bitki xammalından alkaloidlərin və digər bioloji fəal maddələrin alınması, identifikasiyası, tədqiqi və antioksidantlığının yoxlanılması mövzusu həm fundamental, həm də tətbiqi baxımdan aktual olub, təbii dərman maddələrinin kəşfi, farmakoloji və toksikoloji tədqiqatların inkişafı, eləcə də ölkənin bioresurs potensialının səmərəli istifadəsi üçün mühüm elmi baza yaradır.
Salisil turşusu əsasında bioloji fəal monomerlərin və sopolimerlərin sintezi üçün yeni məlum istiqamətlərin işlənib hazırlanması və təkmilləşdirilməsi, həmçinin aşağı toksiklik və daha az yan təsir ilə birlikdə artan bioloji fəallıqla xarakterizə olunan salisil turşusu əsasında effektiv terapevtik agentlərin məqsədyönlü axtarışı aktualdır.
Müasir texnikanın inkişafı sənayenin tələblərinə uyğun yeni kompleks xassələrə malik polimer materialların yaradılmasını ön plana çəkir. Belə xassələrə malik polimerlərin alınması üçün müxtəlif reaksiyaya daha qabil polifunksional monomerlərin sintezi məqsədə uyğundur. Onların əsasında polifunksional polimerlərin yeni səmərəli sintez üsullarının əsaslı şəkildə işlənib hazırlanması və bu tip polimerlərin yeni çeşidlərinin alınması, sintez qanunauyğunluqlarının, onların xassələrinin və praktiki əhəmiyyətinin müəyyənləşdirilməsi yüksəkmolekullu birləşmələr kimyasının mühüm aktual problemlərindən biridir.
MƏQSƏDİ:
Tədqiqatın əsas məqsədi – seçilmiş bitki xammalından alkaloidlərin və digər bioloji fəal maddələrin ekstraksiyası, təmizlənməsi, kimyəvi tərkibinin və quruluşunun müasir analitik üsullarla (xromatoqrafik və spektrometrik) identifikasiyası, həmçinin onların bioloji və toksikoloji xüsusiyyətlərinin in silico, in vitro və in vivo öyrənilməsidir.
Sintezin təkmilləşdirilmiş üsullarını inkişaf etdirmək, salisil turşusu törəmələrinin bioloji fəallığını öyrənmək, yaranan birləşmələrin quruluşunu, müxtəlif növ bioloji fəallığı və kəskin toksikliyi arasında əlaqənin müəyyən edilməsidir. Salisil turşusunun vinil, allil- və metakroilsalisilatların dərmanabənzərlik xüsusiyyətlərinin in silico araşdırılması.
Yeni növ polifunksional monomerlərin sintezi, alınan poli-p-(2-funksionaləvəzli tsiklopropilstirolların radikal homo- və birgəpolimerləşməsi.
ELMİ YENİLİK DƏRƏCƏSİ:
Tədqiqat nəticəsində seçilmiş bitki xammalından alkaloidlər və digər bioloji fəal maddələr ilk dəfə təcrid ediləcək və müasir analitik üsulların köməyi ilə onların kimyəvi strukturu müəyyənləşdiriləcək. Bitki xammalında bu maddələrin miqdarı və illər üzrə dəyişmə dinamikası ilk dəfə elmi əsaslarla öyrəniləcək. Təcrid olunmuş maddələrin antioksidant fəallığı, bioloji və toksikoloji xüsusiyyətləri in silico, in vitro, in vivo üsullarla ilk dəfə qiymətləndiriləcək. Alınacaq nəticələr bitkinin potensial farmakoloji əhəmiyyətini və gələcəkdə yeni təbii dərman mənbəyi kimi istifadəsini müəyyən etməyə imkan verəcək.
Kompüter proqramları vasitəsilə müəyyən edilmiş perspektiv salisil turşusu əsasında bioloji fəal monomerlərin və sopolimerlərin sintezi, identifikasiyası, ADME parametrləri və dərmanabəzərlik xüsusiyyətlərinin araşdırılması.
Yeni növ polifunksional monomerlərin sintezi və onların radikal polimerləşməsi əsasında müxtəlif məqsədyönlü UB- şüaların təsirinə qarşı həssas, optiki şəffaf, yüksək adgeziyaya malik, zərbəyə və mexaniki möhkəmliyə davamlı neqativ tipli rezist materiallar hazırlanacaq.
TƏTBİQ SAHƏSİ:
Məhkəmə-kimyəvi ekspertiza, dopinq-nəzarət, kəskin zəhərlənmənin laborator diaqnostikası, dərman vasitələrinin ekspertizası, qida təhlükəsizliyi laborator diaqnostikası, tədris prosesi, müvafiq sahələrdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi. Bu tədqiqatın nəticələri təbii mənşəli bioaktiv birləşmələrin kəşfi, alınması və qiymətləndirilməsi sahəsində geniş tətbiq imkanlarına malikdir. Bitki xammalı əsasında yarımsintetik törəmələrin hazırlanması və onların in silico, in vitro və in vivo üsullarla təhlükəsizlik və fəallıq profilinin qiymətləndirilməsi nəticələri dərman preparatlarının seçimi və dizaynı üçün istifadə oluna bilər. Eyni zamanda, tədqiqat yerli təbii resursların səmərəli istifadəsinə və farmakoloji potensialının qiymətləndirilməsinə töhfə verir. Bu sahədə əldə olunan metod və məlumatlar gələcək elmi və praktik tədqiqatlar üçün də önəmli resurs təşkil edir.
Salisil turşusu əsasında bioloji fəal maddələrin sintezi əməli sahələr və tədris prosesində tətbiq edilməsi nəzərdə tutulur, müvafiq sahələrdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi.
Sintez edilmiş tsiklopropan tərkibli polimerlər neqativ tipli rezist material kimi mikroelektronikada inteqral mikrosxemlərin hazırlanmasında, MMA və stirolla birgəpolimerləri isə optiki şəffaf polimer materiallar kimi optoelektronikada, elektronolitoqrafik proseslərdə tətbiq edilir.
SƏMƏRƏLİLİK:
Təklif edilən üsullar iqtisadi cəhətdən əlverişlidir, işin gedişinə uzun vaxt tələb edilmir, reaktivlər asan tapılan və ucuzdur, bahalı və mürəkkəb qurğular tələb olunmur.
Aparılacaq tədqiqatlar, təklif edilən üsullar yerli bitki ehtiyatlarının əczaçılıq sənayesində xammal kimi istifadəsi və təbii birləşmələrə əsaslanan preparatların hazırlanması istiqamətində səmərəli olaraq elmi-praktik töhfə verəcək.
Təklif edilən üsullar salisil turşusunun törəmələrinin asan yolla birgə polimerlərinin alınmasına zəmin yaradır.
Yeni növ polifunksional monomerlərin sintezi və onların radikal polimerləşməsi əsasında müxtəlif məqsədyönlü polimer materialların alınması qarşıya qoyulan konkret məsələnin mahiyyəti və səmərəli şəkildə həlli ilə bağlıdır.