Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı: Müxtəlif qrup şəxslərdə rast gəlinən psixi pozuntuların xüsusiyyətlərinə və komorbidliyinə qarşı innovativ yanaşmalar

İş 1. “Psixi pozuntuların psixosomatik və somato psixiatrik xüsusiyyətləri, müalicə və profilaktikası”

İş 2: “ Psixotik və qeyri-psixotik pozuntularının göstəricilərinə kliniki, psixofarmakoloji və innovasion yanaşmada alınan nəticələr ”

İş 3: “Gender aspektlərində qeyri -psixotik pozuntuların göstəriciləri  Hamiləlik və doğuşdan sonrakı dövrlərdə”

İş 4:“ Neyroinkişaf pozuntularında diaqnostika, komorbidlik xüsusiyyətləri və etioloji faktorların öyrənilməsi ”

 

Mövzunun aktuallığı:

Bu gün psixosomatik və somatopsixi xəstəliklərlə bağlı problem diaqnostika və bu cür pasiyentlərə yardım göstərilməsi baxımından böyük aktuallıq kəsb edir. Bu şəxslərin bir çoxu öz psixi vəziyyətlərini həmişə düzgün şəkildə dərk etmir və emosional pozuntularını ifadə etməkdə çətinlik çəkərək tez-tez fiziki vəziyyətləri ilə bağlı şikayətlər edirlər. Bundan əlavə, psixi pozuntuları olan şəxslərin fiziki simptomlarla bağlı yardım axtarması bəzən ətrafdakıların diqqətini cəlb etmək və dəstək almaq istəyi ilə əlaqədar ola bilər. Depressiya, təşviş, posttravmatik stress kimi pozuntuların simptomları pasiyentləri problemlərinə qarşı empatiya yaratmaq məqsədilə tibbi yardıma müraciət etməyə təşviq edə bilər. Nəhayət, psixi pozuntuları müşayiət edən stiqma da mühüm rol oynaya bilər və bu, psixiatrik və ya psixoloji yardıma müraciətə mane ola bilər.

Hazırda fərdiləşdirilmiş yardımın inkişafı xüsusi aktuallıq kəsb edir. Bu yanaşma pasiyentlərin müayinəsi və müalicəsində innovativ metodların tətbiqini nəzərdə tutur.

Fərdiləşdirilmiş yardım haqqında danışarkən diqqət mərkəzində həmişə cinsiyyət və yaş aspektləri qalmalıdır. Məsələn, buna nümunə olaraq hamiləlik və doğuşdan sonrakı dövrdə qadınların psixi sağlamlıq sahəsindəki ehtiyaclarını qeyd etmək olar. Yaş aspektlərinə toxunarkən isə ilk növbədə neyroinkişaf pozuntularının erkən diaqnostikasını və etiopatogenetik amilləri nəzərə alınmaqla yardım göstərilməsini vurğulamaq lazımdır.

 

Məqsəd:

Tədqiqatın məqsədi müxtəlif əhali qruplarına –  o cümlədən qadınlara, uşaqlara və komorbid patologiyası olan pasiyentlərə - psixiatrik yardımın göstərilməsində innovativ yanaşmaların inkişaf etdirilməsidir.

 

Üsullar və aparatlar:

Tədqiqat kliniko-epidemioloji, kliniko-psixoloji və statistik tədqiqat metodlarına əsaslanacaq. Əlavə olaraq laborator analizlər və neyrovizualizasiya metodlarından istifadə ediləcək. İşdə icbari tibbi sığorta sistemi çərçivəsində mövcud olan standart avadanlıqlardan istifadə olunacaq.

 

Tədqiqatın obyekti:

Tədqiqatın obyektini psixosomatik pozuntular və somatopsixi vəziyyətlər, psixotik və qeyri-psixotik pozuntular, həmçinin uşaqlarda və yeniyetmələrdə neyroinkişaf pozuntuları təşkil edir.

 

Elmi yenilik dərəcəsi:

Tədqiqatın elmi yeniliyi göstərilən məsələlərin Azərbaycanda kifayət qədər az öyrənilməsi ilə bağlıdır. Araşdırma beynəlxalq psixi və davranış pozuntularının 11-ci yenilənmiş təsnifatına əsaslanacaq. İlk dəfə olaraq bu iş çərçivəsində bir sıra skrininq alətləri və klinik şkalalar Azərbaycan dilinə tərcümə ediləcək və adaptasiya olunacaq.

 

Tətbiq sahəsi:

Ümumi psixiatriya, uşaq psixiatriyası, klinik psixologiya, psixoterapiya, psixofarmakoterapiya, sosial psixiatriya.

 

Alınan nəticələr:

Psixosomatik pozuntulardan əziyyət çəkən xəstələrdə xəstələnmə, diaqnostika və müalicə ilə bağlı yeni məlumatların əldə olunması, yeni diaqnostik kateqoriyaların gender xüsusiyyətlərinin müəyyənləşdirilməsi, həmçinin neyroinkişaf pozuntularının etiopatogenetik mexanizmlərinin dəqiqləşdirilməsi planlaşdırılır.

 

Səmərəlilik:

Əldə olunan nəticələr fərdiləşdirilmiş diaqnostika və müalicə sahəsində biliklərimizi genişləndirəcək və müxtəlif əhali qruplarına göstərilən psixiatrik yardımın səmərəliliyini artırmağa imkan verəcək.