Mövzunun adı:
Ağciyərlərin spesifik və qeyri-spesifik iltihabi xəstəliklərinin yayılması, diaqnostika və müalicəsinin optmallaşdırılması
Mövzunun aktuallığı:
Ağciyərlərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri həm dünyada, həm də ölkəmizdə insanlar arasında ən çox rast gəlinən patologiyalardandır. Belə ki, ÜST-nın məlumatına əsasən dünyada infeksion xəstəliklər arasında ölüm göstəricisinə görə “lider” olan vərəm xəstəliyinin də ən çox zədələdiyi orqan, tənəffüs orqanlarıdır. ÜST-nın məlumatına əsasən hər il dünyada 10 milyondan çox insan vərəmlə xəstələnir ki, onların da 2 milyona yaxını bu xəstəlikdən dünyasını dəyişir. Son illərdə dərmanlara davamlı vərəm hallarının artması da qeyri-qənaətbəxş epidemioloji göstəricidir. Ona görə də vərəmin belə formaları ilə mübarizə daha da gücləndirilməlidir.
Pnevmoniya insanlar arasında ən çox rast gəlinən xəstəliklərdən biri olub, ildə hər 1000 nəfərdən 10-15, yaşlı insanlar arasında (60 yaşdan yuxarı) isə hər 1000 nəfərdən 25-44 nəfəri pnevmoniya ilə xəstələnir. Ölüm səbəbinin ümumi strukturunda pnevmoniya 5-ci yeri tutur. Hospitaldankənar pnevmoniyadan ölüm gənc və orta yaşlı insanlarda daha az (1-3%), yuxarı yaş qruplarında isə daha çox (15-30%) müşahidə olunur. Hospital pnevmoniyası zamanı isə ölüm göstəricisi daha yüksəkdir (35-50%).
O cümlədən, son illər xəstələnmə sayı ilbəil artan ağciyərlərin xronik obstruktiv xəstəliyindən ölənlərin sayı artaraq, xəstəliklərdən ölüm göstəriciləri arasında 3-4-cü yeri tutur.
Ağciyərlərin interstisial xəstəlikləri ağciyərlərin interstisial toxumasının iltihabı və fibrotik dəyişikliklərlə xarakterizə olunan geniş qrup xəstəliklərini özündə birləşdirir. Son zamanlar bu xəstəliklərin geniş yayılması onların diaqnostikasının və müalicəsinin optimallaşdırılmasının aktuallığını artırır.
Həm qazanılmış, həm də anadangəlmə bronxoektaziya xəstəliyi, ağcyərlərin absesi və qanqrenası differensial diaqnostika baxımından öz əhəmiyyətini itirməmiş və onların müalicəsi hələ də aktual olaraq qalır.
Məqsədi:
Azərbaycanda ağciyərlərin spesifik və qeyri-spesifik iltihabi xəstəliklərinin yayılması, diaqnostika və müalicəsinin optmallaşdırılmasının öyrənilməsidir
Elmi yenilik dərəcəsi:
Dərmana rezistent ağciyər vərəmi olan xəstələrin müalicəsində yeni preparatların tətbiqi və onların əlavə təsirlərinin öyrənilməsi, AXOX-un yeni strategiyaya uyğun diaqnostika və müalicəsinin optimallaşdırılmasının öyrənilməsi, ağciyərlərin qeyri-spesifik iltihabi xəstəliklərinin diaqnostika və müalicəsində yeni üsulların tətbiqi.
Tətbiq sahəsi:
Səhiyyə sistemi, müalicə-profilaktika müəssisələri, o cümlədən ambulator-poliklinika müəssisələri, xəstəxanalar, sağlamlıq mərkəzləri, müalicə-diaqnostika mərkəzləri.
Səmərəlilik:
Əhalinin tibbi savadlılığının artırılması, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması.