MÖVZUNUN ADI : Reproduktiv sağlamlığı təmin edən ginekoloji, social və genetik faktorların qadınların həyat keyfiyyətinə təsiri
Aktuallıq. Reproduktiv sağlamlıq qadın orqanizminin bioloji, psixoloji və sosial rifahının əsas göstəricisidir və onun ümumi həyat keyfiyyətinə bilavasitə təsir göstərir. Qadının həyatı boyunca hamiləlik, doğuşvə menopauza kimi fizioloji mərhələlər zamanı orqanizmdə mühüm hormonal və metabolik dəyişikliklər baş verir ki, bu dəyişikliklər bir çox hallarda həm perinatal, həm də ginekoloji nəticələrin formalaşmasında əsas rol oynayır.
Hamiləlik dövründə müşahidə olunan risk amilləri (ana yaşı, ekstragenital xəstəliklər, qidalanma pozğunluqları, psixososial stress, irsi faktorlar və s.) ana və dölün sağlamlığına, doğuşun gedişinə və perinatal nəticələrə bilavasitə təsir edir. Menopauza və postmenopauzal dövrdə hormonal balansın pozulması (estrogen və progesteron səviyyələrinin azalması, gonadotrop hormonların yüksəlməsi) qadın orqanizmində funksional dəyişikliklərə, ginekoloji xəstəliklərin (endometrioz, miyoma, neoplastik törəmələr, atrofik proseslər və s.) yaranma tezliyi və gedişatının xüsusiyyətinə təsir göstərir. Statistik məlumatlara əsasən, müasir zamanda qadınların orta yaşama müddəti artmaqdadırvə, buna görə də qadın həyatının 1/3 hissəsini menopausal dövrdə keçirməli olur. Nəzərə alsaq ki, menopauza özlüyündə müxtəlif xroniki somatik və onkoloji xəstəliklərin yaranmasının risk faktorudur, bu dövrdə qadının həyat keyfiyyətinin təmin edilməsi xüsusi diqqət tələb edir.
Azərbaycan Respublikasında son illərdə doğuşların strukturunda və reproduktiv göstəricilərdə müəyyən sabitlik müşahidə olunsa da, analıq yaşın artması, ekstragenital xəstəliklərin spektrının genişlənməsi və reproduktiv pozğunluqların çoxalması qeyd edilir. Eyni zamanda, postmenopauzal yaş qrupunda ginekoloji patologiyaların (xüsusilə funksional törəmələr və atrofik dəyişikliklər) artımı müşahidə olunur. Bu mənzərə 2026–2030-cu illər ərzində reproduktiv sağlamlıq və qadın həyat keyfiyyəti üzrə aparılacaq elmi araşdırmaların aktuallığını birdaha sübut edir.
Məqsəd.
Müxtəlif yaş dövrləri, həmçinində hamiləlik zamanı qadın orqanizmində baş verən patoloji prosesslərin onların reproduktiv sağlamlığı, həyat keyfiyyəti, psixoloji vəziyyəti, reproduktiv potensialına və perinatal nəticələrə təsirinin kompleks şəkil də qiymətləndirməkdir.
Vəzifələr
Material və metodlar.
Tədqiqat Azərbaycan Tibb Universitetinin I Mamalıq və Ginekologiya kafedrasında aparılacaq. İşin aparılması mövzulardan və qoyulan məqsəd və vəzifələrdən irəli gələrək retrospektiv və prospektiv müşahidə tədqiqatı formasında planlaşdırılır.
Tədqiqat qrupu: reproduktiv yaşda, postmenopausal və hamiləlik dövründə olan qadınlar. Pasiyentlər yaş, reproduktiv status və tədqiq olunacaq meyarlara görə qruplaşdırılacaq.
Metodlar: klinik və anket sorğusu (WHOQOL-BREF, Menopause Rating Scale, EQ-5D-5L), laborator analizlər: qanın ümumi və biokimyavi analizləri, hormonların təyyini (FSH, LH, E2, AMH, prolaktin, progesteron və s.), ultrasəs və Doppler müayinələri, statistic təhlil (müasir statistic paketlərə daxil olan proqramlarla dispersiya, korelyasiya və reqressiya analizləri).
Səmərəlilik
• Reproduktiv dövrlərdə (hamiləlik, menopauza, postmenopauza) təsir faktoru–nəticə əlaqələrinin elmi əsasda müəyyənləşdirilməsi.
• Erkən aşkarlama və fərdiləşdirilmiş profilaktika üçün praktik göstəricilərin formalaşdırılması.
• Kafedranın elmi fəaliyyətinin inkişafı, nəticələrin konfranslarda və yüksək indekslaşma və impact faktoru olan jurnallardan əşr perspektivi.
Praktik əhəmiyyət
• Hamiləlikdə risk faktorları və perinatal nəticələr üzrə aparılacaq analizlər praktiki mama-ginekoloji fəaliyyət üçün risk stratifikasiyası alqoritminin tərtibinə imkan verəcək.
• Menopauza və postmenopauzal dövrdə hormonal dəyişikliklərin öyrənilməsi nəticəsində ginekoloji xəstəliklərin gedişinə təsir edən hormonal göstəricilərin lokal normativ diapazonları müəyyən ediləcək.
• Ana və dölün sağlamlığının qorunması üçün diaqnostik və profilaktik yanaşmaların qiymətləndirilməsi müasir diaqnostik protokolların tətbiqi üçün əsas yaradacaq.
• Endometriozun kompleks müalicəsi və proqnozlaşdırılması üzrə nəticələr əməliyyat sonrası reabilitasiya taktikasının təkmilləşdirilməsi və residiv riskinin proqnozu baxımından praktik dəyər daşıyacaq.
• Ümumilikdə tədqiqatın nəticələri tələbə və rezidentlərin klinik tədrisində real nümunə kimi istifadə edilərək metodik vəsaitlərin hazırlanmasına əsas yaradacaq.
Elmi yenilik
• Respublikada ilk dəfə olaraq reproduktiv yaş, hamiləlik və postmenopausal dövrdə olan qadınların həyat keyfiyyəti göstəricilərininbioloji və klinik determinantlarla inteqrasiyası sistemli şəkildə öyrəniləcək.
• Qadın sağlamlığının kompleks qiymətləndirilməsi üçün sorğu və laborator göstəricilərin kombinə olunmuş analizindən istifadə ediləcək.
• Əldə ediləcək nəticələr əsasında reproduktiv sağlamlığa təsir edən risk meyarları və proqnostik modellər işlənib hazırlanacaq.
Mövzuya daxil olan alt tədqiqat istiqamətləri
- Hamiləlikdə risk faktorlarının ana və dölün perinatal nəticələrinə təsiri.
- Menopauza və postmenopauzal dövrdə hormonal dəyişikliklərin ginekoloji xəstəliklərin gedişinə təsiri.
- Ana və dölün sağlamlığının qorunması məqsədilə innovativ diaqnostik və profilaktik yanaşmalar.
- Endometriozun kompleks müalicəsi və diaqnostikasının qiymətləndirilməsi, xəstəliyin proqnozlaşdırılması