Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı:

Diabetik osteopeniyaların patogenezində limfa sisteminin  rolu, limfadrenajın pozulma mexanizmləri, adekvat korreksiya üsullarının işlənib hazırlanması

Mövzunun aktuallığı:

Şəkərli diabet (ŞD) bütün dünya ölkələrinin səhiyyə sistemi qarşısında duran mühüm tibbi-sosial problemlərdən biri hesab olunur. Xəstəliyin patogenezinin  öyrənilməsində bir sıra əhəmiyyətli nəticələr əldə olunsa da, müasir korreksiya metodları angiopatiyaların inkişafının və proqressivləşməsinin qarşısını tam ala bilmir, nəticədə əlillik və erkən ölüm halları artır. Bütün bunlar şəkərli diabetin patogenezinin daha dərindən öyrənilməsini və müalicəsinə prinsipcə yeni yanaşmaların işlənib hazırlanmasını tələb edir. 

Hazırda müəyyən edilmişdir ki, damar ağırlaşmalarının inkişafında xronik hiperqlikemiya fonunda inkişaf edən oksidləşdirici stress, endotelial disfunksiya və hemostazın pozulması həlledici əhəmiyyət kəsb edir. Belə ki, ŞD zamanı xroniki hiperqlikemiya fonunda qlükozanın autooksidləşməsi nəticəsində lipid mübadiləsinin pozulması, LPO-nun fəallaşması və endotelial disfunksiya üçün əlverişli şərait yaranır. Sonuncu, damar divarından külli miqdarda vazoaktiv və prokoaqulyantlardan ibarət bioloji fəal maddələrin qana keçərək damardaxili laxtalanmanın gücləndirməsinə, makro- və mikroangiopatiyaların inkişafına səbəb olur.

Məqsədi:

Şəkərli diabetdə sümük metabolizminin pozulması zamanı  toxumaların limfadrenajının  rolunun öyrənilməsi, geniş təsir diapazonuna  malik olan D vitamini vasitəsilə adekvat  korreksiya üsullarının işlənib hazırlanması.

Elmi yenilik dərəcəsi :

  • Alloksan ŞD zamanı diabetik osteopatiya ilə qan və limfanın LƏF sistemi, oksidləşdirici stress və toxumaların limfadrenaj funksiyası arasında qarşılıqlı əlaqənin öyrənilməsi, kompleks müayinə üsullarının təsirinin və əldə edilən nəticələrin müqayisəli elmi təhlili diabetik osteopatiyanın patogenezində limfa sisteminin rolunu təsdiq edir.
  • Modelləşdirilmiş alloksan şəkərli diabet zamanı diabetik osteopatiya fonunda sümük toxumasında gedən metabolik dəyişikliklərin markerləri, o cümlədən laxtalanma-əks-laxtalanma-fibrinoliz sistemi göstəriciləri,  lipid tərkibi, LPO məhsullarının səviyyəsindəki dəyişikliklər qanda olduğu kimi, limfada da aşkarlanır.
  • Kompleks müalicədə limfatrop xassəli fitopreparatların toxumaların limfadrenaj funksiyasına təsirinin öyrənilməsi məqsədəuyğun hesab olunur.  Lantus solostar, angioflyuks və D vitamininin istifadəsi həm qanda, həm də limfada tədqiq edilən göstəricilərə uzun müddətli terapevtik effekt göstərir.

Tətbiq sahəsi:

Patoloji fiziologiya, endokrinologiya, limfologiya, reanimatologiya, nefrologiya, cərrahiyyə, kardiologiya, hepatologiya, oftalmologiya.

Səmərəlilik:

Klinik və eksperimental tədqiqatların əsasında  limfatrop təsirli fitopreparatlardan və geniş təsir diapazonuna  malik olan D vitaminindən  şəkərli diabetdə sümük toxumasında gedən metabolik dəyişikliklərin profilaktika və müalicəsində istifadə edilməsi üçün yeni imkanların yaranması