Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Kafedranın mövzusunun adı - Həzm traktının kəskin və xroniki cərrahi xəstəliklərinin, qarın divarı yırtıqlarının, çanaq dibi və yumşaq toxuma defektləri, qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyalarının diaqnostika və həmçinin cərrahi müalicəsinin, cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektlərinin öyrənilməsi.

Elmi problemin adı - Həzm traktı anastomozlarının, qarın divarı, çanaq dibi və yumşaq toxuma defektlərinin regenerasiya problemi

Mövzunun aktuallığı - Həzm traktının kəskin və xroniki cərrahi xəstəlikləri, qarın divarı yırtıqları, çanaq dibi və yumşaq toxuma defektləri, qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyaları ilə stasionara müraciət edən xəstələr ümumilikdə cərrahi xəstələrin 80%-nə yaxınını təşkil edir. Hər il respublikamızın müxtəlif regionlarından minlərlə xəstə bu patologiyalarla ATU-nun Tədris-Cərrahi klinikasına müraciət edir və cərrahi əməliyyatlara məruz qalır. Bu patologiyaların əməliyyatdan sonrakı dövrdə meydana çıxa biləcək ağırlaşmaları ümumilikdə müalicə prosesi üçün ciddi problemlər yaradır və xəstələrin həyat keyfiyyətini aşağı salır. Müalicənin qeyri-qənaətbəxş nəticələri əməliyyatdan sonrakı dövr üçün ciddi fəsad olmaqla yanaşı sərf olunan xərcləri kəskin artıraraq ağır sosial-maddi problemlərə də səbəb olur. Ağırlaşmalara səbəb olan risk amillərini aradan qaldırmağa və mədə-bağırsaq traktı anastomozları, qarın divarı, çanaq dibi və müxtəlif nahiyələrdə toxuma regenerasiyasını yaxşılaşdırmağa  yönəldilmiş yeni müalicə protokollarının tətbiqi və müxtəlif biomaterialların istifadəsi, ağırlaşma hallarının müəyyən qədər azalmasına  yardım etsə də, problemin həqiqi mənada həllinə gətirib çıxarmamışdır. Odur ki, bu sahədə yeni elmi-tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac vardır.

Tədqiqatın məqsədi - Həzm traktının kəskin və xroniki cərrahi xəstəliklərinin, qarın divarının yırtıqlarının, çanaq dibi və yumşaq toxuma defektləri, qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyalarının müalicəsinin nəticələrini yaxşılaşdırmaq, əməliyyatdan sonrakı ağırlaşmaların qarşısını almaq, xəstələri erkən aktivləşdirməklə çarpayı günlərini azaltmaq, əməliyyatların funksional və kosmetik nəticələrini daha qənaətbəxş etməkdir.

Tədqiqatın vəzifələri:

  1. Həzm traktının kəskin və xroniki xəstəliklərinin, qarın divarı yırtıqlarının, çanaq dibi/yumşaq toxuma defektlərinin, eləcə də simultan patologiyaların müalicəsində minimal invaziv, funksional-qoruyucu və anatomik rekonstruktiv yeni cərrahi üsulların və ya mövcud üsulların modifikasiyalarının tətbiqini araşdırmaq və onların müqayisəli effektivliyini qiymətləndirmək.
  2. Əməliyyatdan sonrakı ağırlaşmaların qarşısını almaq, xəstələri erkən aktivləşdirmək və çarpayı günlərini azaltmaq məqsədilə mini-invaziv əməliyyatlarla açıq əməliyyatların müqayisəli öyrənilməsi və bu əməliyyatların preoperativ hazırlıq, intraoperativ idarəetmə, postoperativ qulluq protokollarını işləyib hazırlamaq və tətbiq etmək.
  3. Əməliyyatdan sonrakı spesifik ağırlaşmaların (məsələn, anastomoz tutmazlığı, infeksiya, yara problemləri) yaranma riskini proqnozlaşdıran erkən biokimyəvi, immunoloji və ya instrumental markerləri müəyyən etmək və bu risklərin qarşısını almaq üçün effektiv profilaktik strategiyalar (antibiotikoterapiya, xüsusui tikiş növlərinin tətbiqi, drenaj, toxuma dəstəyi) hazırlamaq.
  4. Seçilmiş cərrahi müdaxilələrdən sonra həzm, sidik-cinsiyyət və ya dayaq-hərəkət sistemlərinin funksional nəticələrini (məsələn, sfinkterin funksiyası, defekasiya tezliyi, yırtıq residivi) obyektiv meyarlarla qiymətləndirmək, eyni zamanda kosmetik nəticələri və xəstələrin əməliyyatdan sonrakı həyat keyfiyyətini müvafiq sorğu vasitələri ilə dəyərləndirmək.
  5. Qarın divarı yırtıqları, çanaq dibi və yumşaq toxuma defektlərinin bərpası zamanı istifadə olunan sintetik və ya bioloji materialların (xüsusi tərkibdə hazırlanmış torlar/meşlər, tikiş materialları), eləcə də regenerasiyanı sürətləndirən preparatların bioloji uyğunluğunu, regenerasiyaya təsirini və onların residiv riskinə, infeksiyaya və kosmetik nəticələrə təsirini müqayisəli şəkildə təhlil etmək.
  6. Qarın boşluğu və kiçik çanaq orqanlarının simultan patologiyaları olan xəstələrdə standart qarın və transvaginal giriş strategiyalarının təhlükəsizlik, əməliyyat müddəti, postoperativ morbidlik və maliyyə-səmərəlilik baxımından müqayisəli təhlilini aparmaq və optimal cərrahi yanaşmanı əsaslandırmaq.

Elmi yenilik dərəcəsi: İlk dəfə qarın yırtıqlarının plastikası üçün antibiotik hopdurulmuş xüsusi torlar giqant və residiv yırtıqları olan xəstələrdə tətbiq edilmiş, çanaq dibinin müxtəlif dərəcəli defekti olan qadınlarda yeni effektiv hibrid rekonstruktiv əməliyyat növü – uretrosfinkteroplastika+subfassial tikişlərin qoyulması uğurla həyata keçirilmiş, kolorektal anastomoz qoyulmuş bir neçə xəstədə Laennek preparatının əməliyyatönü təyini və gərginliyi azaldan yeni fiksəedici tikişlərin qoyulması ilə anastomoz regenerasiyasının optimallaşmasına, sürətlənməsinə və əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikasına nail olunmuşdur. Müqayisəli üsulla mini-invaziv əməliyyatların açıq müdaxilələrə nəzərən üstün tibbi, sosial, iqtisadi cəhətləri ətraflı tədqiq edilmişdir.

Tətbiq sahəsi: Dövlət müəssisələri və özəl klinikalar daxil omaqla bütün cərrahi stasionarlar, tibb mərkəzləri.

Səmərəlilik: Antibiotik hopdurulmuş torların tətbiqi ilə qarnın ön divarında böyük ölçülü defektlərin bərpa olunması imkanı artır və residivlərin yaranması ehtimalı azalır, mini-invaziv əməliyyatların tətbiqinin effektivliyinin sübut olunması ilə xəstələrin erkən aktivləşdirilməsi, çarpayı günlərinin minimuma endirilməsi və müalicəyə sərf olunan maddi vəsaitin azaldılmasına nail olunur və bu nəticələrə əsaslanaraq əhali arasında müvafiq maarifləndirmə işi aparılır, çanaq dibinin rekonstruksiyası üçün təklif olunan hibrid üsul ilə əməliyyatların effektivliyi yüksəlir və xəstələrin həyat keyfiyyəti yaxşılaşır, kolorektal anastomoz tutmazlığının profilaktikası üçün təklif olunan metodun tətbiqi ilə əməliyyatdan sonrakı ağırlaşmaların inkişaf tezliyini azaltmaq və reabilitasiya dövrünü qısaltmaq mümkün olur.