Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin profil kafedralarından olan farmakoqnoziya kafedrası 1938-ci ildə Azərbaycan Dövlət Əczaçılıq İnstitutunun nəzdində yaradılmışdır. Yarandığı gündən kafedraya professor Dəmirov İsrafil Adış oğlu rəhbərlik etmişdir. İ.A.Dəmirovun əmək fəaliyyətinin 55 ili tibb universitetinin əczaçılıq fakültəsi ilə bağlı olmuşdur. O, uzun illər ərzində kafedranın əməkdaşları ilə birlikdə öz elmi-tədqiqat işlərini Azərbaycanın dərman bitkilərinin öyrənilməsinə sərf etmişdir. İ.A.Dəmirov Azərbaycan xalq təbabətinin təcrübəsindən elmi təbabətdə istifadə olunmasına böyük diqqət yetirmişdir. Eləcə də mühüm yabanı dərman bitkilərinin yayılması, onların xammal ehtiyatı və tədarükü məsələlərini öyrənmişdir. Farmakoqnoziya kafedrasının ilk müdiri olmuş professor İ.A. Dəmirovun rəhbərliyi altında 8 elmlər namizədi, 1 elmlər doktoru hazırlanmışdır. 1941-45-ci müharibə illərində İ.A.Dəmirovun işləyib hazırladığı üsulla əsasən yabanı nardan limon turşusunun və sonra ondan da hematologiyada geniş istifadə olunan natrium-sitratın istehsalı təşkil edilmişdir. İ.A.Dəmirovun təklif etdiyi üsul əsasında acı yovşan bitkisindən santoninin istehsalı zavod miqyasında həyata keçirilmişdir.

Professor İ.A.Dəmirov respublikada orta və ali əczalılıq təhsilinin təşkilatçılarında biri olmaqla, yüksək ixtisaslı elmi əczaçı kadrların hazırlanmasında da böyük rol oynamışdır. Onun yetirmələri nəinki Azərbaycanda, həmçinin keçmiş SSRİ-nin müxtəlif ölkələrində fəaliyyət göstərirlər. İ.A.Dəmirov 1952-ci ildə “Azərbaycanın yovşan bitkisinin bəzi növləri santonin almaq üçün yeni xammal mənbəyi ola bilər” mövzusunda namizədlik dissertasiyası mövzusu və 1970-ci ildə “Azərbaycanın dərman bitkilərinin öyrənilməsi və istifadəsinə dair materiallar” mövzusunda dissertasiya müdafiə edərək əczaçılıq elmləri doktoru elmi dərəcəsi almışdır. Ona 1954-cü ildə dosent, 1972-ci ildə prpfessor elmi adı, 1990-cı ildə isə “Azərbaycanın əməkdar əczaçısı” fəxri adı verilmişdir. Onun 250-dən artıq elmi əsəri respublikada və xaricdə dərc edilmişdir. Onun elmi əsərləri sırasında 10 monoqrafiya, 2 dərslik, 2 dərs vəsaiti və 3 tədris metodik vəsait var.

Kafedranın ilk müəllimləri dosentlər İslamova Nabat Ağaəli qızı, Manafov Ənvər Beydulla oğlu, Xəlilov Cəmil Səlahəddin oğlu olmuşlar. Dosent İslamova N.A. Azərbaycan florasında olan çətiryarpaq (Asperula) və dilqanadan (Galium) cinslərinin bəzi növlərinin fitokimyəvi tədqiqini həyata keçirmiş, yeni dərman xammalı və Qalen preparatı təklif edilmişdir. Dosent Manafov Ə.B. Azərbaycanda bitən bəzi südləyən (Euphorbia) növlərinin tədqiqi ilə məşğul olmuş, onların fitokimyəvi tədqiqini həyata keçirmiş, həmçinin bu bitkilərin anatomik quruluşundakı fərqli diaqnostik əlamətlərini müəyyən etmişdir. Dosent Xəlilov C.S. Azərbaycan florasından olan bəzi xaçgülü növlərinin farmakoqnostik tədqiqini həyata keçirmiş, bu bitki növlərindən fərdi şəkildə alkaloidlər almışdır.

1990-cı ildən 2017-ci ilə qədər kafedraya İ.A.Dəmirovun yetirməsi olan professor Kərimov Yusif Balakərim oğlu rəhbərlik etmişdir. Professor Y.B.Kərimov 51 ildir ki, ATU-da fəaliyyət göstərir. 26 il Farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında 5 əczaçılıq üzrə fəlsəfə doktoru və 2 əczaçılıq elmləri doktoru hazırlanmışdır. 190-dan artıq elmi əsərin müəllifidir. Ümumilikdə 13 ixtiranın sahibidir ki, bunlardan da 4-ü istehsal prosesində tətbiqini tapmışdır. “Əczaçılıq və farmakoterapiya” jurnalının redaksiya heyətinin üzvü, “Farmakom” jurnalının və “Çelovek i lekarstvo” nəşrinin redaksiya şurasının üzvüdür. “SSRİ-nin ixtiraçısı” medalına layiq görülmüşdür. “Beynəlxalq Naturapatiya Assosiasiyasının üzvüdür və həmin assosiasiyanın “Qalen medalına” layiq görülmüşdür. Onun kafedraya rəhbərliyi dövründə Fransanın Aralıq Dənizi Tibb Universitetinin Farmakoqnoziya laboratoriyasının əməkdaşları ilə, Gürcüstan Respublikasının İ.Q.Kutateladze adına Farmakokimya Elmi Tədqiqat İnstitutu, Rusiyanın Sankt-Peterburq Əczaçılıq Akademiyası və Ukraynanın Milli Əczaçılıq Universiteti ilə sıx elmi əməkdaşlıq həyata keçirilmişdir. Əczaçılıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professordur.

2017-ci ildən kafedraya Y.B.Kərimovun yetirməsi olan Cavanşir İsa oğlu İsayev rəhbərlik edir. O, 200-dən artıq elmi məqalə və tezisin, 3 dərsliyin, 1 monoqrafiyanın, 4 dərs vəsaitinin, həmçinin 6 ixtiranın müəllifidir. Hazırda kafedrada doktorantura pilləsində təhsil alan 4 doktorantın elmi işlərinə rəhbərlik edir.

Farmakoqnoziya kafedrasında hal hazırda 2 əczaçılıq elmləri doktoru, professor, 2 dosent, əczaçılıq üzrə fəlsəfə doktoru, 1 dosent biologiya üzrə fəlsəfə doktoru, 1 dosent tarix üzrə fəlsəfə doktoru, 4 baş müəllim, əczaçılıq üzrə fəlsəfə doktoru, 3 baş müəllim, biologiya üzrə fəlsəfə doktoru, 4 assistent fəaliyyət göstərir.

Kafedrada əczaçılıq fakultəsinin I kurs tələbələrinə əczaçılıq botanikası 1 və əczaçılıq botanikası 2 fənləri, II, III və IV kurs tələbələrinə isə  farmakoqnoziya 1, farmakoqnoziya 2, farmakoqnoziya 3 və farmakoqnoziya 4 fənləri, fitoterapiya, eləcə də seçim fənni olan bioloji fəallığa malik qida əlavələritədris olunur.

Tədris-metodiki bölmənin işi  kafedranın iş planına və Tibb Universitetinin  tədris hissəsinin tələbinə uyğun olaraq aparılmışdır. Bir çox mövzular üzrə təcrübi dərslər üçün tələbələrə və müəllimlərə aid metodiki göstərişlər, tələbələrin auditoriyadan kənarda müstəqil hazırlaşmaları üçün suallar  hazırlanmışdır.

Farmakoqnoziya kafedrasında təhsilin ikinci pilləsi olan Magistratura səviyyəsində hər il 8 magistrant “Farmakoqnoziya” ixtisaslaşması üzrə qəbul olur. 2025-2026-cı tədris ilindən başlayaraq kafedrada “Əczaçılıq fitoterapiyası” ixtisaslaşması üzrə magistrant qəbulu planlaşdırılmışdır.

Kafedrada son 5 ildə beş doktorant təhsil almışdır. Əksər doktorantlar dissertasiya işlərini yekunlaşdırmış və müdafiə ərəfəsindədirlər.

Farmakoqnoziya kafedrasının əsas fəaliyyəti yüksək ixtisaslı əczaçı kadrların hazırlanmasıdır. Əczaçı kadrların hazırlanması ilə yanaşı Azərbaycan florasından olan bitkilərdə bioloji fəal maddələrin aşkar edilməsi, tədqiqi və tibbdə istifadəsi, bəzi yabanı bitkilərin xammal ehtiyatının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri də aparılır. Hazırda kafedrada “Azərbaycan ərazisində etnofarmakoloji tədqiqatların aparılması, tərkibində bioloji fəal maddələr olan bəzi bitkilərin farmakoqnostik tədqiqi və yeni fitopreparatların hazırlanmasında istifadəsi” mövzusu üzrə elmi tədqiqat işləri yerinə yetirilir. Tədqiqat işlərində məqsəd yabanı bitkilərdən alınan bioloji fəal birləşmələr əsasında əhalinin təlabatına müvafiq keyfiyyətli və zərərsiz fitopreparatlar yaratmaqdır. Son illər kafedra əməkdaşları tədqiqat obyekti kimi Azərbaycan florasından olan Hedysarum atropatanum və H. formosum, Gentiana gelida, G. septemfida, G. asclepiadea, G. cruciata, Iris carthalinae, I. imbricata və I. medwedewii; Phlomis pungens, Salvia glutinosa, S. verticillata, Fraxinus exselsior, Mentha longifolia, M. aquatica, M. pulegium, Satureja hortensis, Thymus sp., Dracocephalum austriacum, D. botryoides, Campanula saxifraga subsp. meyeriana, C. saxifraga subsp. aucheri, C. glomerata, C. sarmatica, Alchemilla caucasica, A. seracata, A. venosa və s. yabanı bitki növlərini öyrənirlər.

Farmakoqnoziya kafedrasının əməkdaşlarının əldə etdiyi nailiyyətlər sırasında Tahir Süleymanovun və Cavanşir İsayevin əczaçılıq elmlər doktoru dissertasiyası müdafiə etmələrini, professor elmi dərəcəsi almasını, dosent Səbinə Əliyevanın, dosent Sənəm Əliyevanın, baş müəllim Aytən Şükürovanın və baş müəllim Elvin Kərimlinin əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etməsini göstərmək olar.

Hazırda kafedrada 1 doktorant var. Həm kafedranın əməkdaşları, həm də doktorant Azərbaycan florasından olan yabanı dərman bitkilərinin farmakoqnostik tədqiqi ilə məşğul olurlar. Onların tədqiqat işlərinin bir hissəsi Türkiyə universitetlərində, digər bir hissəsi isə Ulan-Ude şəhərində yerləşən Rusiya Federasiyasının Elmlər Akademiyasının Sibir Şöbəsinin ümumi və eksperimental biologiya İnstitutunun təbii kimyəvi birləşmələrin tədqiqi laboratoriyasında yerinə yetiriləcək, eləcə də həmin institutun əməkdaşları ilə birlikdə müştərək tədqiqatların aparılması, qrant layihələrində birgə iştirak, beynəlxalq və milli konfranslarda iştirak etmək, ekspedisiyaların təşkil olunması planlaşdırılır. Farmakoqnoziya kafedrası beynəlxalq əlaqələr və müqavilələrə əsasən Fransanın Aralıq Dənizi Tibb Universitetinin Farmakoqnoziya laboratoriyasının əməkdaşları ilə, Türkiyənin Hacettepe və Əskişəhər Anadolu Universitetinin farmakoqnoziya kafedrasının fitokimyəvi laboratoriyası ilə, Gürcüstan Respublikasının İ.Q.Kutateladze adına Farmakokimya Elmi Tədqiqat İnstitutu ilə, Rusiya Federasiyasının Elmlər Akademiyasının Sibir Şöbəsinin ümumi və eksperimental biologiya İnstitutunun təbii kimyəvi birləşmələrin tədqiqi laboratoriyası ilə, Rusiyanın Sankt-Peterburq Əczaçılıq Akademiyası və Ukraynanın Milli Əczaçılıq Universiteti ilə sıx elmi əməkdaşlıq həyata keçirir.

Farmakoqnoziya kafedrasında mütəmadi olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin və ölkənin müxtəlif Tibb kolleclərinin farmakoqnoziya fənnini tədris edən mütəxəssisləri üçün təkmilləşmə kursları təşkil edilir. Kafedranın əməkdaşlarının elmi tədqiqat işlərinin yekunu olaraq “Qobustan” və “Şəfa” qidaya bioloji əlavələr, “Faqolin” və “Fitotussin” dərman preparatları hazırlanmışdır. Həmin preparatlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq qurumunda dərman vasitəsi kimi qeydiyyata alınmışdır.

Kafedranın dosenti Məmmədova Nərgiz “Dodaqçiçəyikimilər fəsiləsinin efir yağlı bitkilərinin öyrənilməsi” istiqaməti üzrə fəaliyyət göstərir. Onun rəhbərliyi altında dodaqçiçəyikimilər fəsiləsinə aid olan Teucrium, Nepeta, Mentha, Satureja cinsinin bitkiləri tədqiq olunur. Bu cinslərə daxil olan bəzi bitkilərin farmakoqnostik tədqiqi həyata keçirilmiş, onlardan efir yağı alınmış, efir yağlarının antimikrob fəallığı tədqiq olunmuşdur. Adları qeyd olunan cinsə aid bəzi bitki növlərinin xammallarının fərqli diaqnostik əlamətləri müəyyən edilmişdir.

Kafedranın dosenti Əliyeva Səbinə “Azərbaycanın təbii müalicəvi vasitələrinin kosmetologiyada tətbiqinin araşdırılması” elmi istiqamət üzərində fəaliyyət göstərir. Dermatologiya, fiziologiya, farmakologiya, cərrahiyyə, eləcə də kimya, fitokimya, farmakognoziya sahəsindəki elmi nailiyyətlər kosmetologiyanın yeri və rolunu əhəmiyyətli dərəcədə dəyişdirdi. Hal hazırda kosmetologiya orqanizmə  təsir dərinliyi və effektivliyinə görə tibb və əczaçılıqla sıx əlaqəlidir. Xüsusən, kosmetologiyanın  inkişaf tendensiyası müşahidə olunur ki, bunun da xarakterik xüsusiyyəti tərkibinə yeni bioloji aktiv maddələrin və köməkçi maddələrin daxil olması hesabına kosmetik vasitələrin resepturasının əhəmiyyətli dərəcədə mürəkkəbləşməsidir. Müasir baxımdan bitki mənşəli kosmetik vasitələr kifayət qədər farmakoloji aktivliyi, dəri hüceyrələrindəki gedən fizioloji proseslərə təsir göstərmək qabiliyyəti ilə xarakterizə olunur ki, bu da onları dərman vasitələrinə yaxınlaşdırır.  Bu sırada təbii bitən, həmçinin  becərilən dərman  bitkiləridən geniş istifadə olunur. 

Dosent Əliyeva Sənəm Azərbaycan florasında növlərin sayına görə zəngin cinslərdən biri olan adaçayı (Salvia) cinsinin bəzi növlərini farmakoqnostik tədqiq etmişdir. Tədqiqat işlərinin nəticələrinə əsasən Azərbaycan florasında yayılan və perspektivli hesab edilən S. verticilata və S. glutinosa ölkəmizə xaricdən gətirilən S. officinalis növünü əvəz edə bilən bitkilər kimi müəyyən edilmişdir. S. glutinosa otunun efir yağının kimyəvi tərkibində 41 komponent aşkar edilmişdir ki, bunlardan da germakren D, α-farnezen, β-kariofillen, β-kadinen, humulen, skvalen və α-kadinol miqdarca üstünlük təşkil edir. S. verticillata otunun tərkibindəki lipidlərin yağ turşularının 12 maddədən ibarət olduğu və bunlardan palmitin, linolen, linol və stearin turşularının miqdarca üstünlük təşkil etdiyi aşkar edilmişdir. S. verticillata əsasında tərkibi kompleks birləşmələrdən ibarət yeni dərman vasitəsi - "Salvident" məhlulu işlənib hazırlanmışdır.

Kafedranın baş müəllimi Kərimli Elvin “Azərbaycan florasında yayılan tərkibində efir yağı olan bəzi bitkilərin farmakoqnostik tədqiqi” istiqamətin elmi fəaliyyətini davam etdirir. Ferula L. cinsinin dünyada 130-a yaxın növü  yayılmışdır. Cinsin Qafqazda 10, Azərbaycanda isə 8 növü vardır. Əsas komponent tərkibini terpenoidli kumarinlər, laktonlar, efir yağları təşkil edir. Tədqiqat zamanı Ferula persica köklərindən bitsiklik terpenoidli kumarinlər və laktonlar alınaraq, müasir spektroskopik üsullarla tədqiq edilmişdir. Tədqiqatlarda ekstraksiya, nazik təbəqəli və  sütunlu xromatoqtafiya, kimyəvi üsullar və spektroskopik  tədqiqatlardan istifadə edilmişdir. Nəticə etibarilə aşağdakı bioloji birləşmələr alınmışdır: Ostol - alkilləşmiş kumarin; konferol; moqoltavidin və badrakemin - bitsiklik  terpenoidli kumarinlər. Həmçinin badxızin və badxızidin seskviterpen laktonları alınmışdır. Bu maddələrin stukturlarının təyin edilməsində spektroskopik UB-ultrabənövşəyi, İQ-infraqırmızı, NMR-nüvə maqnit rezonansı, həm 1 ölçülü PMR, 13C NMR, DEPT və 2 ölçülü COSY, HSQC, HMQC, HMBC, NOESY, X-ray rentgen struktur analiz üsullarından istifadə edilmişdir. Ferula persica meyvələrində isə terpenoidli kumarinlərdən: konferol və badrakemin alınmışdır. Ferula persica köklərindən və meyvələrindən hidrodistilyasiya üsulu ilə efir yağı alınaraq GC-MS Qaz-xromatoqrafiyalı kütlə spektroskopiyasından istifadə edilmişdir. Bu komponentlərin içərsində əsas üstünlüyü təşkil edən kükürdlü birləşmələrdir.

Baş müəllim Mustafayeva Xuraman tədris prosesi ilə yanaşı Beynəlxalq elmi mühitdə də aktiv iştirak edir. “Pharmacognosy Communications” elmi jurnalının redaksiya heyətinin üzvüdür. O, fitokimyəvi analiz, dərman bitkilərinin bioloji fəal maddələrinin tədqiqi və etnofarmakologiya sahəsində elmi-tədqiqat layihələrini həyata keçirir. Elmi fəaliyyəti çərçivəsində UFAZ _Fransa-Azərbaycan Universiteti və Elm və Təhsil Nazirliyinin Geofizika və Geologiya institutunun əməkdaşalrı ilə əməkdaşlıq quraraq birgə tədqiqat layihələrində iştirak edir. Farmakoqnoziya, fitokimya, fitofarmasiya, tədqiqat işinin aparılması və elmi dizayn fənlərindən bakalavr və magistratura səviyyəsində dərslər aparmaqla yanaşı, magistrant tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edir.

Baş müəllim Şükürova Aytən Azərbaycan florasında olan tikanlı odotu (Phlomis pungens) bitkisinin otuna aid müvəqqəti farmakopeya məqaləsi işlənib hazırlamış və bu sənəd müvafiq qurum tərəfindən təsdiq edilmişdir. Bitkidən iridoid və feniletanoid birləşmələrinə aid fərdi maddələr alınmışdır. Tikanlı odotu bitkisinin xammalının ehtiyatının təyini aparılmışdır. Həmçinin, bitkinin otundan alınmış ekstraktın farmakoloji tədqiqatları aparılmış, onun şəkərli diabet və antioksidant təsirləri öyrənilmişdir. Hazırda Betonica və Centaurea cinsinə aid bəzi bitkilərin farmakoqnostik tədqiqi istiqamətində fəaliyyət göstərir.

Kafedranın assistenti Babayeva Nərmin “Hedysarum cinsinə aid bəzi bitki növlərinin farmakoqnostik tədqiqi” mövzusu üzrə dissertasiya işini yerinə yetirir. Azərbaycan florasında növlərin sayına görə zəngin fəsilələrdən biri olan paxlakimilər fəsiləsinə aid köpükotu - Hedysarum cinsinə daxil olan H. formosum, H. sericeum və H. atropatanum növlərini farmakoqnostik tədqiq etmişdir. Hər üç bitkinin xammalının morfoloji-anatomik quruluşunda diaqnostik əhəmiyyət kəsb edən əlamətlər öyrənilmişdir. Fitokimyəvi tədqiqatlar nəticəsində həmin bitki növlərindən müxtəlif qrup bioloji fəal birləşmələrə aid olan 11 fərdi maddə alınmışdır. Perspektiv bitki növlərinə aid ehtiyatşünaslıq tədqiqatları həyata keçirilmişdir. Eləcə də tədqiq olunan bitkilərin müxtəlif ekstraktlarının və alınmış fərdi maddələrin bəzi farmakoloji xüsusiyyətləri öyrənilmişdir.

Kafedranın doktorantı olmuş Qədimli Aydan “Azərbaycan florasından olan Gentiana (acıçiçək) cinsinə aid bəzi bitki növlərinin farmakoqnostik tədqiqi” mövzunda dissertasiya işini yekunlaşdırmışdır, hazırda dissertasiya işinin müdafiəsi həyata keçirilir. Acıçiçək (Gentiana) cinsinin Azərbaycan florasında cinsə aid 14 bitki növü yayılmışdır. 4 növ acıçiçək bitkisi: G. septemfida, G. gelida, G. cruciata və G. asclepiadea xammal ehtiyatına görə maraq kəsb edir. Bu bitkilərin həm otu, həm də yeraltı hissəsi müasir fiziki-kimyəvi üsullardan olan HPLC-DAD-ESI-QQQ-MS vasitəsilə öyrənilmişdir. Bu bitkilərdə ksantonlar, flavonoidlər və iridoidlərə aid 100-dən artıq təbii birləşmələrin olması aşkar edilmişdir. Elmi tədqiqat işinin davamı olaraq öyrənilən acıçiçək növlərindən müxtəlif təbii birləşmələr qrupuna aid 15 fərdi maddə təcrid edilmişdir. Gentiana septemfida Pall. bitkisinin kökümsov və köklərindən və Gentiana asclepiadea L. bitkisinin isə otundan alınan 98% metanollu ekstraklar boru xromatoqrafiya və orta axınlı maye xromatoqrafiya üsulları ilə işlənmişdir. Nəticədə G. septemfida Pall. bitkisindən 7, G. asclepiadea L. bitkisindən isə 5 maddə izolyasiya edilmiş və NMR identifikasiya üçün tədqiqatlara başlanılmışdır. Hesabat dövründə isə izolyasiya edilmiş maddələrin nüvə maqnit rezonansı (NMR) (1H, 13C, COSY, HMQC və HMBC) spektrofotometriya üsulundan istifadə edilməklə identifikasiyası aparılmışdır. Nəticədə Gentiana asclepiadea L. bitkisinin otundan alınmış 5 maddədən 3-ü (mangiferin, izoorientin, izoviteksin),  Gentiana septemfida Pall. bitkisinin kökümsov və köklərindən alınmış 7 maddənin hamısı təyin edilmişdir.

Farmakoqnoziya kafedrasının assistenti Cəfərova Günay “Bəzi İlanbaşı (Dracocephalum L.) növlərinin farmakoqnostik öyrənilməsi”dissertasiya mövzusu üzərində çalışır. Azərbaycan florasında maraq kəsb edən cinslərdən biri də İlanbaşı (Dracocephalum) cinsidir. Ölkənin müxtəlif coğrafi ərazilərdə 4 ilanbaşı bitkisi yayılmışdır. Müəyyən edilmişdir ki, D. austriacum və D. botroides növləri ümumiyyətlə farmakoqnostik tədqiqatlara cəlb edilməmişdir. İlkin fitokimyəvi tədqiqatlar hər iki bitkinin tərkibində efir yağları, flavonoidlər, polisaxaridlər, iridoidlər və digər qrup təbii birləşmələrin olmasını göstərmişdir. Avstriya ilanbaşı bitkisinə aid ehtiyatşünaslıq tədqiqatları yerinə yetirilmişdir.

Kafedranın assistenti Səfərova Nilufər “Azərbaycan florasında olan zəngçiçəyi (Campanula L.) cinsinə aid bəzi bitkilərin farmakoqnostik tədqiqi” dissertasiya mövzusu üzərində çalışır. Tədqiqat zamanı Azərbaycan florasında rast gəlinən zəngçiçəyi – Campanula cinsinə aid perspektiv növlər müəyyən edilmişdir. C.saxifraga subsp. meyeriana farmakoqnostik tədqiqatlara cəlb edilmişdir. Bitki qurudulduqdan sonra toz halına salınmış və metanol vasitəsilə ekstraksiya edilmişdir. C.saxifraga subsp. meyeriana bitkisinin kökündən və otundan metanollu ekstrakt alınmışdır. Kökdən poliamid və silikaqel tətbiq edilmiş sütundan istifadə etməklə p-OH benzoy turşusu, kempferol-3-O-qalaktozid, kempferol-3-O-qlikozid izolə edilmişdir. Yerüstü hissənin ekstraktından  isə kversetin-3-O-qlikozid, kempferol-7-O-diqlikozid və kversetin-7-O-diqlikozid (4,8 mq) ayrılmışdır. Daha sonra poliamid sütundan kempferol izolə edilmişdir. Ümumilikdə kökdən 3, yerüstü hissədən  4 fərqli maddə izolə edilmişdir.

Hazırda Farmakoqnoziya kafedrasında Nağıyev Elvin doktorantura pilləsində təhsil alır. O, “Azərbaycan florasına aid şaxduran (Alchemilla L. ) cinsinin bəzi bitki növlərinin farmakoqnostik tədqiqi” dissertasiya mövzusu üzərində çalışır. Müəyyən etmişdir ki, Azərbaycan ərazisində yayılmış şaxduran növlərinin heç biri hal hazıra qədər farmakoqnostik tədqiqata cəlb edilməmişdir. Şaxduran bitkisinin xammal kimi otu və kökümsovları fitokimyəvi tədqiqatlara cəlb edilmişdir. Eynilik və xromatoqraffik analiz nəticəsində müəyyən edilmişdir ki, şaxduran bitkilərinin tərkibində fenol təbiətli birləşmələrdən hidroliz olunan və kondensləşmiş aşı maddələri, fenolkarbon turşuları, aqlikon və qlikozid şəklində flavonoidlər, eləcə də polisaxaridlər vardır. İlkin fitokimyəvi tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan ərazisində yayılmış şaxduran növləri bioloji fəal birləşmələrlə, xüsusən fenol təbiətli maddələrlə zəngindir, onların tədqiqi aktualdır və aparılan tədqiqat işləri nəticəsində farmakopeya növü olan A. vulgaris növünə analoq yeni bitki xammalı təklif etmək perspektivi vardır. Tədqiqat çərçivəsində Azərbaycan florasında rast gəlinən Alchemilla L.  – şaxduran cinsinə daxil olan perspektiv növləri aşkar ediləcək, yayılma arealı geniş və xammal ehtiyatı çox olan bitkilər farmakoqnostik tədqiqatlara cəlb olunacaq, perspektiv bitkilərdən aşı maddələri, flavonoidlər, efir yağları, polisaxaridlər və digər qrup bioloji fəal birləşmələr alınaraq tədqiq olunacaq, öyrənilən bitkilərin istifadə imkanlarını əsaslandırmaq üçün onlardan alınan müxtəlif çıxarışların, ekstraktların, fraksiyaların və fərdi maddələrin bioloji fəallıqları in vitro və in silico tədqiqatlarla müqayisəli öyrəniləcəkdir ki, bu da Azərbaycan Respublikasında istifadə olunan dərman bitki xammalının çeşidini genişləndirməyə zəmin yaradacaqdır. Azərbaycan florasından olan perspektiv şaxduran bitkilərindən alınacaq müxtəlif qrup bioloji fəal birləşmələrin bioloji fəallaqlarını müəyyən etdikdən sonra bitki xammalına, substansiyaya və hazırlanacaq dərman vasitəsinə aid analitik-normativ sənədlərin layihələri işlənib hazırlanacaq və təsdiq ediləcək.        

Son illər Farmakoqnoziya kafedrasında etnofarmakoloji tədqiqatlar yerinə yetirilir. Azərbaycanın müxtəlif bölgələrində yerli əhali arasında yazılı və şifahi sorğu keçirməklə dərman bitkilərinin istifadəsi haqqında məlumat toplanılır. Sonra həmin məlumatlar statistik işlənmə və digər müasir üsullarla analiz edilir. Alınmış nəticələr Azərbaycanın, eləcə də dünyanın yüksək indeksləşmiş elmi jurnallarında dərc edilir.

Kafedrada yerinə yetirilən elmi işlərin nəticələri dünyanın nüfuzlu jurnallarında: Antioxidants, Metabolites, Plants və s. dərc edilir.

Farmakoqnoziya kafedrasında ölkənin bitki mənşəli dərman vasitələrinin çeşidini artırmaq məqsədilə müxtəlif bitki xammallarına aid elmi tədqiqatlar həyata keçirilir. Hazırda kafedranın əməkdaşları əczaçılıq fakültəsinin digər ixtisas kafedraları ilə birlikdə Respublikada yüksək ixtisaslı əczaçı kadrların, magistrantların və doktorantların hazırlanması sahəsində, həmçinin ölkə florasında olan yabanı dərman bitkilərinin farmakoqnostik baxımdan tədqiqi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

 

Ədəbiyyat siyahısı

1. Kashchenko N.I., Jafarova G.S., Isaev J.I., Olennikov D.N., Chirikova N.K. Caucasian Dragonheads: Phenolic Compounds, Polysaccharides, and Bioactivity of Dracocephalum austriacum and Dracocephalum botryoides. // Plants- 2022, 11, p. 2126. https://doi.org/10.3390/plants11162126

2. Olennikov D.N., Gadimli A.I., Isaev J.I., Kashchenko N.I., Prokopyev A.S., Kataeva T.N., Chirikova N.K., Venno C. Caucasian Gentiana Species: Untargeted LC-MS Metabolic Profiling, Antioxidant and Digestive Enzyme Inhibiting Activity of Six Plants // Metabolites- 2019, 9, p. 271. https://doi.org/10.3390/metabo9110271

3. Isayev J.I., Hajiyeva E.M., Mustafayeva Kh.N., Yagubov K.M., Babayeva N.T., Safarova N.M., Gadimli A.I., Jafarova G.S. Ethnopharmacological study of the treatment of diseases of the respiratory system in the Zuvand geobotanical territory of Azerbaijan // Azerbaijan Medical Journal, 2024, (3), p. 121-127. https://doi.org/10.3492/amj.2024.3.021

4. Isayev J.I., Hajiyeva E.M., Babayeva N.T., Jafarova G.S., Safarova N.M., Gadimli A.I. Ethnopharmacological study of the treatment of diseases of the digestive system in the geobotanical region of Azerbaijan Nakhichevan Highlands // Azerbaijan medical journal, 2024, (4), p. 151-157. https://doi.org/10.3491/amj.2024.4.024

5. Isayev J.I., Hajiyeva E.M., Babayeva N.T., Jafarova G.S., Safarova N.M., Gadimli AIsayev J.I.,  Babayeva N.T., Jafarova G.S., Mustafayeva Kh. N., Hajiyeva E.M., Safarova N.M., Gadimli A.I. Ethnopharmacological study of the treatment of cardiovascular diseases in the Guba mountain geobotanical region of Azerbaijan// Azerbaijan medical journal, 2025, (1), p. 171-176. https://doi.org/10.34921/amj.2025.1.030.

6. Olennikov, D.N., Kashchenko, N.I., Gadimli, A.I. et al. Polysaccharides from Three Species of Gentiana // Chemistry of Natural Compounds- 2022, 58, p. 799-803. https://doi.org/10.1007/ s10600-022-03801-y

7. Kerimov, Y.B., Isayev, J.I. Pharmacognostic study of medicinal plants flora of Azerbaijan and prospect of their use // Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal. 2010, 10(2), p.13-18.

8. Olennikov D.N., Jafarova G.S., Isaev D.I. New acacetin glycosides from the genus Dracocephalum // Chemistry of Natural Compounds, 2022, v. 61(3), p. 452-458. https://doi.org/10.1007/ s10600-025-04676-5

9. Shahla Jafarova, Tuba Aydın, Javanshir Isayev, Ruya Saglamtas, Fevzi Ozgokce, Cavit Kazaz, Ahmet Çakir. Anti-Alzheimer, Antiglaucoma, and Antidiabetic Activities of Sainfoin (Onobrychis buhseana Boiss.) // Chemistry and biodiveesrsity, 2025, № 1, p. 76-81. https://doi.org/10.1002/cbdv.e202402013  

10. Kərimov Y.B., İsayev C.İ., Süleymanov T.A. Azərbaycan florasının perspektiv yabanı bitkilərinin axtarılmasının müasir istiqamətləri və onların əczaçılıq istehsalında istifadəsi // Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, 2024, № 2, s. 35-57.

11. Gadimli A.I., Suleymanova T.H., Isayev J.I. Study of antimicrobial and antifungal properties of some species of Gentiana L. distributed in Azerbaijan // Azerbaijan medical journal, 2024, № 2, p. 131-135.