Məhkəmə təbabəti kafedrasının İnkişaf Strategiyası Azərbaycan Respublikasının təhsil siyasətinə, Azərbaycan Tibb Universitetinin nizamnaməsinə, ali tibb təhsili üzrə mövcud normativ-hüquqi sənədlərə və beynəlxalq ali tibb təhsili standartlarına uyğun olaraq hazırlanmışdır.
Strategiyanın əsas məqsədi kafedranın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, məhkəmə təbabəti sahəsində yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsi və elmi potensialın gücləndirilməsidir.
KAFEDRANIN İŞİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
I. TƏDRİS-METODİKİ İŞLƏR ÜZRƏ
1. Müasir tədrisin təşkili və keyfiyyətinin artırılması:
· Klinik və məhkəmə təbabəti sahəsi üzrə müasir bilik, bacarıq və şəriştələrə malik mütəxəssislərin hazırlanması.
· Tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və tədris proqramlarının yenilənməsi.
· Nəzəri biliklərlə praktik və məhkəmə-tibbi bacarıqların inteqrasiyasının gücləndirilməsi.
2. Tədris materialları və metodiki təminatın inkişafı:
· Yeni elektron tədris materiallarının (virtual laboratoriyalar, interaktiv vəziyyət simulyasiyaları, onlayn kurslar) hazırlanması.
· Məhkəmə təbabəti üzrə Azərbaycan və ingilis dillərində dərslik, dərs vəsaiti, praktikum və metodiki göstərişlərin hazırlanması və nəşri.
· Beynəlxalq qabaqcıl tədris materialları və ekspertiza protokolları əsasında kitabxana fondu və elektron resurs bazasının formalaşdırılması.
3. Müəllim heyətinin peşəkar inkişafı:
· Professor-müəllim heyətinin müasir tədris texnologiyaları (problem əsaslı öyrənmə, iş oyunları, klinik halların təhlili) üzrə bacarıqlarının artırılması.
· Müəllimlərin ingilis dilində bilik səviyyəsinin yüksəldilməsi və beynəlxalq proqramlarda iştirak imkanlarının genişləndiriliməsi.
· Gənc, perspektivli, dil bilən və müasir metodlara yiyələnmiş müəllim kadrlarının cəlb edilməsi və motivasiyası.
4. Tələbə hazırlığının keyfiyyətinin yüksəldilməsi:
· Tələbələrin məhkəmə-tibbi ekspertiza sahəsində bacarıqlarının inkişafı üçün praktiki mərkəzlər və simulyasiya laboratoriyaları ilə əməkdaşlıq.
· Tələbə biliklərinin qiymətləndirilməsi üçün çoxsəviyyəli testlər, praktiki tapşırıqlar və vəziyyət ssenariləri əsasında sorğu materiallarının hazırlanması.
· Rezident və doktorantların elmi-tədqiqat işlərinin məhkəmə təbabətinin aktual problemlərinə yönəldilməsi.
5. Beynəlxalq və milli əməkdaşlığın genişləndirilməsi:
· Dünyanın qabaqcıl məhkəmə-tibbi mərkəzləri və universitetləri ilə tədris və tədqiqat əlaqələrinin inkişafı.
· Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Prokurorluq orqanları və digər qurumlarla praktiki tərbiyə və təlim üzrə birgə layihələrin həyata keçirilməsi.
II. ELMİ-TƏDQİQAT İŞLƏRİ ÜZRƏ
1. Prioritet elmi istiqamətlərin müəyyən edilməsi və həyata keçirilməsi:
· Milli prioritetlər (cinayətkarlıqla mübarizə, terrorizm, insan alveri, ekoloji cinayətlər) ilə əlaqədar elmi layihələrin hazırlanması.
2. Beynəlxalq elmi əlaqələrin və layihələrin inkişafı:
· Avropa və dünyanın qabaqcıl məhkəmə-tibbi institutları ilə birgə tədqiqatların, mübadilə proqramlarının təşkili.
· "Horizon Europe", "COST", "Erasmus+" kimi beynəlxalq qrant proqramlarında aktiv iştirak üçün potensialın səfərbər edilməsi.
3. Elmi nəticələrin beynəlxalq səviyyədə təqdim edilməsi:
· Kafedra əməkdaşlarının elmi məqalələrinin Scopus, Web of Science, PubMed indekslənən jurnallarda nəşri.
· Beynəlxalq konfrans, simpozium və seminarlarda aktiv iştirak.
· Müəllimlərin xarici ölkələrdə keçirilən ixtisasartırma kursları, treninqlər və staj proqramlarında iştirakının təmin edilməsi.
4. Milli qrant və dövlət proqramlarına cəlb olunma:
· Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyi və digər qurumların elmi layihələrinə müraciət və iştirak.
· Məhkəmə təbabəti sahəsində praktiki problemlərin həllinə yönəlmiş tətbiqi tədqiqat layihələrinin həyata keçirilməsi.
III. KADR HAZIRLIĞI VƏ İXTİSASARTIRMA
1. Müxtəlif səviyyəli kadr hazırlığının təşkili:
· Əsas (baza ali) tibb təhsili səviyyəsində əsas peşəkar bilik və bacarıqların formalaşdırılması.
· Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə rezidentlərin praktiki və nəzəri hazırlığının təkmilləşdirilməsi.
· Doktorantlar üçün elmi-tədqiqat işlərinin müasir ekspertiza metodları və innovativ texnologiyalar əsasında aparılması.
2. Davamlı peşəkar təlim və ixtisasartırma:
· Mövcud məhkəmə-tibbi ekspertlər, həkimlər, hüquqşünaslar və hərbi personal üçün xüsusi kurslar, seminarlar və sertifikat proqramlarının təşkili.
· Məhkəmə təbabəti sahəsində beynəlxalq sertifikasiya və attestasiya proqramları ilə inteqrasiya.
IV. MƏNƏVİ VƏ İCTİMAİ TƏRƏQQİ
1. Tələbələrin peşəkar-etik formalaşması:
· Məhkəmə-tibb ekspertinin etik prinsipləri, obyektivliyi, insan hüquqlarına hörmət məsuliyyəti üzrə təlim və tərbiyə işlərinin aparılması.
· Milli-mənəvi dəyərlərə sadiqliyin, vətənpərvərliyin və peşəkar ləyaqətin aşılanması
· Tələbələrə Azərbaycan Respublikasının qanunvericiliyinə hörmət və ekspert məsuliyyəti ruhunun aşılanması.
· Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizin identifikasiyasında məhkəmə-tibbi ekspertlərin rolunun təbliği.
2. İctimai maarifləndirmə və elmi-populyarlıq fəaliyyəti:
· Məhkəmə təbabətinin aktual məsələləri haqqında ictimaiyyətin məlumatlandırılması, seminarlar, açıq dərslər, media çıxışları.
· Gənc nəslin həkim-ekspert kariyerasına marağının artırılması üçün tədbirlərin keçirilməsi.
V. MADDİ-TEXNİKİ VƏ PRAKTİKİ BAZANIN INKIŞAFI ÜZRƏ
1. Müasir tədris-eksperimental baza yaradılması:
· Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi ilə elmi-praktiki əlaqələrin ən yüksək səviyyəyə çatdırılması.
· Kafedranın nəzdindəki məhkəmə təbabəti muzeyinin (preparatlar fondunun) rəqəmsallaşdırılması və tədris üçün əlçatan edilməsi.
· Dərs otaqları və tədris laboratoriyalarının müasir tələblərə uyğun vəziyyətdə saxlanılması;
· Tədris və elmi-tədqiqat avadanlıqlarının mərhələli şəkildə yenilənməsi;
· Praktiki məşğələlər üçün simulyasiya və texniki vasitələrin təmin edilməsi;
· Rəqəmsal texnologiyaların və kompüter təminatının gücləndirilməsi;
· Müasir ədəbiyyatla təmin olunmuş oxu və resurs məkanının təşkili.