Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Tibbi mikrobiologiya və  immunologiya kafedrasının elmi fəaliyyəti 2 istiqamət üzrə aparılır:

  1. Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların törədicilərinin xüsusiyyətləri, diaqnostika problemləri, müalicə və profilaktikasının mikrobioloji prinsipləri.
  2. Müxtəlif bitki mənşəli və kimyəvi maddələrin antimikrob xüsusiyyətinin öyrənilməsi.

 

Plan üzrə aparılan elmi-tədqiqat işləri

2024-2028-ci illər üçün  kafedranın elmi-tədqiqat işinin mövzusu “Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların törədicilərinin xüsusiyyətləri, diaqnostika problemləri, müalicə və profilaktikasının mikrobioloji prinsipləri” kimi təsdiq edilmiş və onun illər üzrə planı qəbul olunmuşdur:

Mözvunun adı: “Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların törədicilərinin xüsusiyyətləri, diaqnostika problemləri, müalicə və profilaktikasının mikrobioloji prinsipləri.”

 

Elmi rəhbər: Kafedra müdiri, prof.Qədirova Həqiqət

Mərhələ 1: “Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyalar (SƏİn) haqqında ümumi məlumatların toplanması, mövcud vəziyyətin müəyyən edilməsi və tədqiqat obyektlərinin seçilməsi.”

Mərhələ 2: “SƏİn törədən mikroorqanizmlərin identifikasiyası, mikrobioloji xüsusiyyətləri və antimikrob preparatlara davamlılığının öyrənilməsi.”.

 

Mövzunun aktuallığı.

Bütün dünyada səhiyyənin strateji  vəzifəsi tibbi yardımın keyfiyyətini təmin etmək və təhlükəsiz xəstəxana şəraiti yaratmaqdan ibarətdir.

Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyalar (SXƏİ) səhiyyə sahəsində ən çox rast gəlinən neqativ və arzuolunmaz hadisələrdən biridir. Bu gün infeksion xəstəliklərə qarşı mübarizə tədbirlərindəki inkişafa və uğurlara baxmayaraq, SXƏİ-lər, onların rastgəlmə  tezliyi, letallıq dərəcəsi, maddi ziyanı və antimikrob rezistentlikdə oynadığı rol baxımından əhəmiyyətini qoruyub saxlamaqda davam edir. SXƏİ-ın yükünün aşağı və orta gəlirli ölkələrdə inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək olduğu bildirilir. Təxmin edilir ki, antibiotiklərə davamlı bakteriyaların yaratdığı infeksiyaların 63,5%-i səhiyyə xidmətləri ilə ilə əlaqəlidir. Son illərdə Acinetobacter, Klebsiella və Pseudomonas cinslərinə aid  olan növlərində karbapenem rezistentliyi mühüm problem olsa da, Staphylococcus aureus-da metisilin rezistentliyi və Enterococcus faecium-da vankomisin rezistentliyi öz əhəmiyyətini saxlamaqda davam edir. Səhiyyə müəssisələrində SXƏİ üçün əsas yüksək riskli sahələr Reanimasiya və İntensiv Terapiya (RİT) şöbələridir. RİT-də xəstəxanaya yerləşdirilən xəstələrdə həm SƏİn, həm də antimikrob rezistentlik (AMR) nisbətlərinin daha yüksək olduğu bildirilir. Rezistent mikroorqanizmlərlə yoluxmuş xəstələrdə ölüm nisbəti həssas mikroorqanizmlərlə yoluxmuş xəstələrə nisbətən ən azı iki-üç dəfə yüksəkdir. Buna görə də, illərdir davam edən "səssiz pandemiya" adlanan AMR-i və səhiyyə sisteminə digər mənfi təsirləri azaltmaq üçün SƏİn-in qarşısının alınması qlobal prioritetdir. SXƏİ və AMR-nin inkişafının qarşısını almaq üçün infeksion profilaktika və nəzarət (İPN) tədbirləri və antimikrobial idarəetmə (AMİ) proqramları məhdud resursları olan ölkələr üçün daha çox əhəmiyyət kəsb edir, çünki onlar ölkə iqtisadiyyatına əhəmiyyətli bir yük gətirir.

1970-ci illərin əvvəllərində xəstəxanadaxili infeksiyalara nəzarətin effektivliyini qiymətləndirmək üçün aparılan SENIC (Study on the Efficacy of Nosocomial Infection Control - Nozokomial İnfeksiyaya Nəzarətin Effektivliyi üzrə Tədqiqat, ABŞ) tədqiqatında SXƏİ-lərin qarşısının alınması üçün müşahidə və/yaxud infeksiyaya nəzarət tədbirlərinin həyata keçirilməsi meydana çıxdı və SƏİn-lərin qarşısının alınmasına yönəlmiş təcrübələr geniş vüsət aldı.

2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İPN proqramları üçün səkkiz əsas komponentdə ümumiləşdirilmiş tövsiyələr verdi və daha sonra 2018-ci ildə İPN təcrübələri üçün minimum tələbləri müəyyən etdi. Bundan əlavə, ÜST İnfeksiyanın Qarşısının Alınması və Nəzarət Qiymətləndirilməsi Çərçivəsi (IPCAF) sorğu vərəqini yayımladı.

Yaşadığımız COVID-19 pandemiyası İPN proqramlarının xəstələrin və səhiyyə işçilərinin təhlükəsizliyi, eləcə də qlobal sağlamlıq təhlükəsizliyi üçün nə qədər zəruri olduğunu göstərdi. İPN proqramlarının həyata keçirilməsi ilə səhiyyə xidmətlərindən istifadə edənlər və bu xidməti verənlər üçün təhlükəsiz və keyfiyyətli tibbi xidmət göstərilə bilər.

Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyalar dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mühüm səhiyyə problemi olaraq qalmaqdadır. Azərbaycan Respublikasında son illər səhiyyə xidmətlərinin inkişafı müşahidə olunur. Bununa əlaqədar olaraq, səhiyyə müəssisələrində invaziv müdaxilələrin də sayı artmaqdadır. Bu da öz növbəsində nozokomial mühitdə baş verən infeksiya riskini təbii olaraq artırır.

Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların profilaktikası və mövcud antibiotiklərə qarşı rezistentliyin inkişafının qarşısının alınması ölkəmizin səhiyyə sistemi qarşısında dayanan aktual problemlərdəndir. Lakin Azərbaycanda bu xəstəliklərin törədicilərinin mikrobioloji xüsusiyyətlərinə dair tədqiqatlar çox azdır və əsasən sistemli xarakter daşımır. Qeyd edilənlər və mövcud elmi işlərin təhlili göstərir ki, ölkəmizdə səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların etiloji xüsusiyyətlərinin, bu infeksiyalara dair diaqnostika problemlərinin, müalicə və profilaktikasının mikrobioloji prinsiplərinin sistemli şəkildə araşdırılması mühüm əhəmiyyət kəsb edir. 

 

Tədqiqatın məqsədi. 

Azərbaycan Respublikasının səhiyyə müəssisələrində yayılan səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların törədicilərinin xüsusiyyətlərinin öyrənilməsi, bu infeksiyaların diaqnostik problemlərinin həllinə, müalicə və profilaktikasının mikrobioloji prinsiplərinə dair təkliflərin hazırlanmasıdır.

 

Tədqiqatın vəzifələri. 

  1. Azərbaycan Respublikasının səhiyyə müəssisələrində yayılan səhiyyə xidmətləri ilə əlaqəli infeksiyalara dair ümumi məlumatların toplanması, mövcud vəziyyətin müəyyən edilməsi və tədqiqat obyektlərinin seçilməsi;
  2. Səhiyyə xidmətləri ilə əlaqəli infeksiya törədicilərinin indikasiyası və mikrobioloji xüsusiyyətlərinin öyrənilməsi;
  3. Səhiyyə xidmətləri ilə əlaqəli infeksiya törədicilərinin antimikrob preparatlara həssaslığı, o cümlədən antibiotiklərə rezistentlik xüsusiyyətlərinin tədqiqi;
  4. Səhiyyə xidmətləri ilə əlaqəli infeksiya törədicilərinin antibiotiklərə davamlı ştamlarının genotiplərinin təyini;
  5. Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların mikrobioloji diaqnostika problemləri üzrə təkliflərin hazırlanması;
  6. Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların müalicə və profilaktikasının mikrobioloji prinsipləri üzrə təkliflərin hazırlanması.

 

Material və metodlar

Bakı şəhərinin müxtəlif profilli səhiyyə müəssisələrində müalicə alan, səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaları olan xəstələrdən götürülmüş klinik materiallar (qan, sidik, bəlğəm, onurğa beyni mayesi, həmçinin boğaz, traxeya, yara və kateter nümunələri) mikroskopik, kultural, immunoloji və molekulyar-genetik üsullarla müayinə edilmişdir. Tədqiqatlar kafedranın elmi-tədqiqat laboratoriyasında, Referans Klinik Laboratoriya Mərkəzində, Panacea Klinikasında, İnci Laboratoriyalarında, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının laboratoriyalarında kafedranın əməkdaşları, doktorantları, rezidentləri və magistrantları tərəfindən aparılmışdır.  

Səhiyyə müəssisələrinin mikrobioloji laboratoriyalarında və kafedranın Elmi Tədqiqat Laboratoriyasında aparılan mikroorqanizmlərin kultivasiyası nəticəsində inkişaf etdiyi aşkar edilən bütün mikroorqanizmlər SXƏİ baxımından qiymətləndirilmişdir.

Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaları törədən mikroorqanizmlər və onların antimikrob preperetlara rezistentlik dərəcələri müasir üsullardan istifadə etməklə retrospektiv və prospektiv olaraq qiymətləndirilmişdir. Tədqiqatların  bütün məlumatlarını özündə əks etdirən elektron sistem hazırlanmışdır.

Klinik materialdan izolə edilən mikroorqanizmlərin kultivasiyası və identifikasiyası mikrobioloji üsullardan və avtomatlaşdırılmış bakteriya identifikasiyası sistemlərindən istifadə etməklə həyata keçirilmişdir. Əldə edilmiş ştamların antibiotiklərə həssaslıq və fenotipik rezistentlik profilləri disk-diffuziya, qoşa disk, E-test, mikrodurulaşma və avtomatlaşdırma üsulları ilə tədqiq edilmişdir. Fenotipik rezistentlik profilləri kimi: qram-mənfi bakteriyalarda geniş spektrli beta-laktamaza (ESBL) və karbapenemaza sintezi, stafilokoklarda induksiya olunan klindamisin rezistentliyi və metisilin rezistentliyi, enterokoklarda isə yüksək səviyyəli gentamisin və vankomisin rezistentliyi araşdırılmışdır.

Mikroorqanizm ştamlarının genotipik rezistentlik profilləri sekvenləşdirmə metodu tətbiq edilməklə tədqiq edilmişdir. 

Tədqiqatlar Tibbi mikrobiologiya və immunologiya kafedrasının laboratoriyalarından və müvafiq razılaşma və əməkdaşlıq yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, həmçinin ATU-nun rəsmi əməkdaşlıq etdiyi xarici universitetlərin bazalarında aparılmışdır.

 

Tədqiqatın elmi yeniliyi.

Azərbaycanda yayılan səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların törədiciləri və onların antibiotiklərə rezistentlik xüsusiyyətlərinin müəyyən edilməsindən, həmçinin bu xəstəliklərin diaqnostika problemlərinə, müalicə və profilaktikasının mikrobioloji prinsiplərinə dair səmərələşdirici təklif və tövsiyələrin verilməsindən ibarətdir.

 

Tədqiqatın praktik əhəmiyyəti.

Tədqiqatlar zamanı əldə ediləcək nəticələr səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların törədicilərinin xüsusiyyətlərinin müəyyən edilməsinə mühüm töhfələr verəcək və tərtib olunacaq SƏİn-lərin müasir diaqnostika, müalicə və profilaktikasına dair metodik tövsiyələr həmin xəstəliklərin yayılmasının qarşısının alınmasına, eləcə də  müalicə və profilaktikasının effektivliyinin artırılmasına müsbət təsir göstərəcəkdir.

 

Klinik bazalar kimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikaları, Mərkəzi Hərbi Klinik Hospital,  K.Fərəcova ad. ET Pediatriya İnstitutu, M.Topçubaşov ad. Elmi-Cərrahiyyə Mərkəzi, Mir-Qasımov ad. Pespublika klinik Xəstəxanası, Binəqədi Tibb Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Q.Qarayev ad.Uşaq Xəstəxanası, 1-li Şəhər Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Abşeron rayon mərkəzi Xəstəxanası, HB-Güven Klinikası, Yeni Gəncə Tibb Mərkəzi, Leyla Tibbi Mərkəzi, Lor-Klinika seçilmişdir. 

Mikrobioloji tədqiqatların aparılması üçün  Tibbi mikrobiologiya və immunologiya kafedrasının mikrobioloji laboratoriyası, Referans Klinik Laboratoriya Mərkəzi və onun filialları, İnci laboratoriyaları və onun filialları, Panacea laboratoriyası  və Mərkəzi Hərbi Klinik Hospitalın mikrobioloji laboratoriyası təyin edilmişdir.

Mövzu üzrə kafedra əməkdaşları ilə birlikdə tibbi xidmətlə əlaqəli respirator, bağırsaq, yara, sidik yolları infeksiyaları və sepsis olan xəstələrdən alınmış patoloji material mikrobioloji müayinə olunmuş, törədicilər aşkar edilmiş və onların antimikrob preparatlara həssaslıği təyin edilmişdir. 

Mövzunun icrası məqsədilə müxtəlif tibb müəssisələrindən götürülmüş 9193  nümunədən 2890 əsnək yaxması, 460 bəlğəm nümunəsi, 833 burun yaxması, 59 qulaq yaxma nümunəsi, 35 traxeal aspirat, 7 bronxalveolyar lavaj, 3850 sidik nümunəsi, 250 yara möhtəviyyatı, 809 vaginal yaxma nümunəsi olub.

Aparılmış tədqiqatlar zamanı aşağıdakı nəticələr əldə edilmişdir :

 

  1. Kafedranin elmi-laborator fonduna (ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının mikrobioloji laboratoriyaları, eləcə də Referans Klinik Laboratoriya Mərkəzi, İnci Laboratoriyaları, Panacea Klinikası. V.Axundov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mikrobiologiya Laboratoriyası və Türkiyənin Yıldız-Texnik Universitetinin Biotexnologiya və Biomühəndislik şöbəsinin  Laboratoriyası) elmi-tədqiqat işlərini aparmaq üçün cəmi 9193 müxtəlif patoloji material (sidik nümunəsi, yara mohtəviyyatı, əsnək yaxması, bəlğəm nümunəsi,  burun yaxması, qulaq yaxması, traxeal aspirat nümunəsi  və  bronxalveolyar lavaj nümunəsi) daxil olmuşdur. Patoloji materialdan müxtəlif patogen mikroorqanizm ştamları (5417) aşkar edilmişdir.  
  2. Bakı şəhərində yerləşən müxtəlif laboratoriyalardan əldə edilmiş 5417 patogen mikroorqanzimlərdən 1864-ü çoxprofilli stasionar müəssisələrdən izolə edilmişdir. Onların 936-sı (50.21%) qram müsbət bakteriyalar, 808-ni (43,34%) qram mənfi
    bakteriyalar, 120-si (6.43%) Candida cinsli göbələk növləri təşkil edir. 84
    kandidemiya halından 23.8%-də Candida pelliculosa izolə olmuşdur.
    Candida albicans 19.04%, Candida tropicalis və Candıda parapsilosis
    14.28% nümunədən izolə edilmişdir;
  3. Əsas respirator patogen kimi K.pneumoniae, P.aeruginosa və A.baumannii müəyyən edilmiş və onların əksər antibiotiklərə yüksək səviyyədə davamlılığı qeyd edilmişdir.
  4. Sidik yolları infeksiyaları zamanı ən çox rast gəlinən törədici kimi E.coli (65-75%) və K.pneumoniae göstərilmişdir. Təcrid edilən izolyatlar arasında yüksək səviyyədə geniş spektrli betalaktamaza sintez edən ştamlar aşkar edilmişdir.
  5. Yara infeksiyaları zamanı ətioloji əhəmiyyətli mikroorqanizmlər kimi S.aureus, P.aeruginosa və K.pneumoniae müəyyən edilmiş və onların geniş istifadə olunan antibiotiklərə rezistentlik göstərilmişdir.
  6. Sepsis  zamanı isə əsas patogen kimi ESBL sintez edən Klebsiella spp. və E.coli göstərilmişdir.
  7. Vaginal yaxmalarda isə 809 nümunədən 623 Candida albicans törədici kimi göstərilmişdir.
  8. Ən çox izolə edilən qram-mənfi bakteriyalardan  Klebsiella pneumoniae (22.15%), Serratia marcescens (18.49%), E.coli (16.81%), Acinetobacter spp. (11.44%), Enterobacter spp. (9%), Acinetobacter baumannii (8.52%), Pseudomonas aeruginosa (6.08%) və
    Stenotrophomonas maltophilla (4.87%) ştamları aşkar edilmişdir.
  9. Qram-mənfi bakteriyalar arasında yüksək səviyyədə (18.24% hallarda) antibiotiklərə davamlı izolyatlar aşkar edilmişdir. Serratia marcescens 31.57%-i, Klebsiella pneumonia ştammlarının 31.16%-i, Acinetobacter spp. 17.02%, Enterobacter spp. 16.21%, Acinetobacter baumannii 8.57%. Serratia spp. ştamlarının isə 41.66%-i istifadə edilmiş bütün antibiotiklərə
    qarşı davamlı olmuşdur.
  10. Qram-mənfi bakteriyalar arasında karbapenem davamlılığı ciddi
    səviyyələrdə aşkar edilmişdir. İmipenemə davamlılıq: Serratia spp.
    (75%), Enterobacter spp. 67.56%; E.coli (64.28%), Pseudomonas aeruginosa (60%), Acinetobacter baummanni (60%), Klebsiella pneumoniae (59.74%), Acinetobacter spp. (56.09%), Serratia marcescens (55.26%), Meropenemə davamlılıq: Serratia spp. (66.66%), Enterobacter spp. 62.12%, Klebsiella pneumoniae (57.14%), Serratia marcescens (56.57%), Pseudomonas aeruginosa (52%), Acinetobacter baummanni (51.42%), E.coli (42.85%), Acinetobacter spp. (42.68%). Ertapenemə davamlılıq: Enterobacter spp. 54.05%., Klebsiella pneumoniae (51.94%), Serratia marcescens (51.31%), E.coli (50.0%), Serratia spp. (50.0%).

 

Tədqiqatlar davam edir. Plandan kənar elmi- tədqiqat işləri.

Kafedranın çoxillik tədqiqat mövzusu olan “Müxtəlif bitki mənşəli və kimyəvi maddələrin antimikrob xüsusiyyətinin öyrənilməsi” adlı elmi-tədqiqat işi çərçivəsində bir neçə yeni maddərərin antimikrob xüsusiyyətləri öyrənilmişdir.

1. Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat Mikrobiologiya, ET Botanika və ET Polimer Materiallar İnstitutları, ET Kimya İnstitutunun Sumqayıt filialının, eləcə də  Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu və ATU arasında bağlanmış müqavilələrə əsasən kafedraya təqdim edilmiş 9 efir yağının, 69 kimyəvi maddələrin, qlisinat törəmələrinin, limon, şam, keklik otu və  Johrenia Paucijuga bitkisindən alınmış yaglarinin, eləcə də keçi buynuzu ekstratının antimikrob təsiri  müqayisəli öyrənilmişdir. Bundan başqa, müxtəlif bitkilərdən alınmış efir yağlarının təmizlənmiş qətransız ağ naftalanla müxtəlif nisbətlərdə durulaşmaları, eləcə də alma turşusu və b. maddələrlə olan kombinasiyalarının antimikrob xüsusiyyətləri öyrənilmişdir.

2. Azərbaycan Tibb Universitetinin  Umumi  və toksikoloji kimya,  Əczaçılıq texnologiyası və idarəçiliyi, Əczaçılıq kimyası və farmokoqnoziya, Əczaçılıq texnologiyası və idarəçiliyi, Biofizika və Bioüzvü kimya kafedralarında sintez olunmuş  12 fərqli tərkibə malik olan kimyəvi maddənin, o cümlədən  Medicago falacata xammalının spirtli ekstraktı, xammaldan alınmış saponin məcmusu, saponin və flavonoid məcmusu üzrə təqdim edilən məhlulların antimikrob xüsusiyyətləri öyrənilmişdir.

3. Bakı Dövlət Universitetinin “Üzvi kimya” kafedrasında yeni sintez olunmuş 15 fərqli tərkibə malik olan kimyəvi maddələrin antimikrob xüsusiyyətləri öyrənilmişdir.

4. ATU-nun Farmakoqnoziya kafedrasında, AMEA-nın Botanika institutunda bitkilərdən alınmış efir yağları və müxtəlif məhsulların (19 ədəd), AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun (NKPİ) və Polimer materialları institutunda yeni sintez edilmiş maddələrin (26 maddə) antimikrob təsiri öyrənilmişdir.

 5.  AMEA-nın Botanika institutunun müxtəlif laboratoriyalarının əməkdaşlarının təqdim etdiyi 80 bitki ekstraktının və 9 efir yağının antimikrob təsirləri öyrənilmişdir. 

6. Tibbi mikrobiologiya və immunologiya  kafedrası ilə V.Y.Axundov  adına  ET Tibbi  Profilaktika  və Neft Kimya Prosesləri İnstitutları arasında bağlanmış elmi əməkdaşlığa dair müqaviləyə əsasən birgə tədqiqat işləri aparılmışdır:

    1. Üzərlik yağı, itburnu yağı, dağ nanəsi yağı, poruq yağı,  çöl nanəsi yağlarının            antimikrob xüsusiyyətləri öyrənilmiş və göstərilmişdir ki, təqdim  edilən efir   yağlarından  yalnız  poruq yağı və  çöl  nanəsi  yağları  antimikrob təsir göstərmişdir.
    2. İtburnu, çöl nanəsi və   saturea efir yağları,  eləcə də onların alma turşusu, mentol, vitaminlər və b. maddələrlə olan kombinasiyalarının antimikrob xassələri öyrənilmişdir.   Aparılan tədqiqatların nəticələri olaraq, məlum olmuşdur ki, itburnu yağına B1, B2, və K vitaminlərinin əlavə edilməsi nəticəsində əmələ gələn kompozisiya  orta antimikrob aktivliyə malik olmuşdur. Çöl nanəsi yağı  orta aktiv olduğu halda, saturea yağı ilə kompozisiya şəklində  güclü antimikrob xüsusiyyət göstərmişdir. Daha cüclü, hətta ekstremal antimikrob xassələr çöl nanəsi və saturea efir yağlarına 0,01%-li alma turşusunun və mentolun əlavə olunması ilə əldə edilmişdir.
    3. Sərt dağ nanəsi, limon, adi cirə, sürünən kəklikotu, şam qozası və birillik dərman poruğu bitkilərindən alınmış  efir yağlarının antimikrob xüsusiyyətlərinin öyrənilmişdir. Ən güclü antibakterial təsir adi cirə (Carum carvi) yağıında, ən güclü antifunqal təsir birillik poruq (Stachys annua) yağında aşkar edilmişdir. 
    4. Müxtəlif bitkilərdən alınmış efir yağlarının təmizlənmiş qətransız ağ naftalanla müxtəlif nisbətlərdə durulaşmaları, eləcə də  alma turşusu və b. maddələrlə olan kombinasiyalarının  antimikrob xüsusiyyətlərinin öyrənilməsidir. Dağ nanəsi, çöl nanəsi və poruğun efir yağları, eləcə də təmizlənmiş qətransız ağ naftalan yağı hər biri ayrı-ayrılıqda orta və güclü antimikrob təsir göstərdikləri halda, birgə kombinasiyalarda  aktivliklərini  itirmiş olurlar.  Poruğ və çöl nanəsi yağlarına saturea yağı, limonen, mentol və  alma turşusunun əlavə edilməsi - əksinə, antimikrob xassələrinin xeyli gücləndirilməsinə gətirib çıxarmışdır. 

 

  1. Farmakoloji kimya kafedrası tərəfindən  bitki ekstraktları (cökə ağacının quru ekstraktı, gülxətmi kökünün quru ekstraktı, kəklikotu otunun quru ekstraktı, çobanyastığı çiçəklərinin quru ekstraktı, portağal qabığının quru ekstraktı) əsasında  hazırlanmış preparatın  antimikrob xüsusiyyətləri  öyrənilmişdir. Tədqiq olunan bitki ekstraktları əsasında hazırlanmış preparat antimikrob və antifunqal fəallığa malikdir.

 

  1. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakultəsinin Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası, Bakı Dövlət Universitetinin kimya  fakultəsi ilə bağlanmış müqavilələrə əsasən yeni sintez olunmuş dərman preparatlarının, kimyəvi maddələrin və efir yağlarının antimikrob xüsusiyyətlərini öyrənmişdir:
    1. “Sürünən kəklikotu və Azərbaycanda bitən bəzi kəklikotu növlərinin efir yağlarının müqayisəli tətqiqi” mövzusunda aparılan elmi işə uyğun olaraq 4 efir yağı.
    2. “Mikroorqanizmlərin antibiotiklərə rezistent ştamlarının antimikrob xüsusiyyətlərinin fitopreparatlarla müqayisəli şəkildə öyrənilməsi” mövzusunda aparılan elmi işə uyğun olaraq 4 maddə.
    3.  “Tüksüz biyan əsasında homeopatik dərman vasitələrinin işlənib hazırlanma texnologiyası və farmakoloji tədqiqi” mövzusunda aparılan  dissertasiya işinə uyğun olaraq  hazırlanmış 25 maddə.
  2. Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının magistrantlarının  apardığı  dissertasiya işləinə uyğun olaraq  hazırlanan  3 yeni tərkibli maddənin antimikrob xüsusiyyətləri öyrənilmişdir.
  3. “Azərbaycan florasından tərkibində efir yağları və flavonoidlər olan  bəzi növlərin farmakoqnostik tədqiqi və istifadəsi” mövzusunda aparılan elmi işə uyğun olaraq hazırlanmış 4 yeni tərkibli maddənin antimikrob xüsusiyyətləri öyrənilmişdir.

Dərc edilmiş elmi-tədqiqat işləri haqqında. Mütləq olaraq nüfuzlu jurnallarda tədqiqat nəşrlərin sayı (Q1-Q4), müəllifin əhəmiyyət amilləri (h-indeksi, istinad indeksi), WoS, Scopus, link.

Hesabat dövründə kafedranın kollektivi planda və plandan kənar nəzərdə tutulmuş mövzulara görə tədqiqat işlərini davam etdirmişlər. Hesabat ili ərzində 153 elmi iş nəşr olunmuşdur.  Onlardan: Məqalə 59 (Xarici 30 ; Daxili 29 ]; Tezis 89 (Xarici 26; Daxili 63 ); Dərslik -1, Monoqrafiya – 1, Tədris proqramları - 2, Test tapşırıqlar toplusu - 1

İmpakt faktoru yüksək olan jurnallarda – 10; Q1 -1; Q2-3; Q4-8.