Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı: 

Virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının  etioloji, epidemioloji, klinik, diaqnostik, müalicə və profilaktikası xüsusiyyətlərinə müasir yanaşma.

Mövzunun aktuallığı:

Kəskin respirator  virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Bu xəstəliklər infeksion patologiyanın actual problemlərindən biridir. Həmin qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, respirator sinistial, rinovirus və reovirus infeksiyaları aiddir. yer kürəsində ən çox yayılmış xəstəlikdir. Dünyada hər il 1 mlrd.-dan çox xəstə qeydə alınır. KRVİ əsasən uşaqlarda müşahidə olunur. Uşaqların immun sistemləri tam formalaşmadığı üçün qrip virusu onların orqanizmində daha sürətlə yayıla bilir.

Hal-hazırda virus mənşəli kəskin bağırsaq infeksiyaları (KBİ) praktik təbabətin ən böyük problemlərindən biridir. ÜST-nin terminologiyasına görə “diarreyalı xəstəliklər” həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə özünün yüksək sosial-iqtisadi tibbi əhəmiyyətini saxlayır. İnsanların həyat tərzinin gigiyenik şərtləri sürətlə yaxşılaşsa da, KBİ-nin səviyyəsi yüksək olaraq qalır. Eyni zamanda uşaqlarda bu infeksiya törədicilərinin etioloji spektrinin dəyişilməsinə meyillik qeyd edilir.

ÜST rəsmi məlumatına görə hər il yer kürəsində 1,7 milyard diarreyalı xəstə qeydə alınır ki, bunların 49-67%-i virus mənşəlidir. Bunlardan isə hər il 4 milyonu tələf olur. Bu rəqəm daxilində 14 yaşadək uşaqlar 60–70% təşkil edir. Qeyri bakterial mənşəli kəskin bağırsaq infeksiyası törədiciləri sırasında viruslar daha çox etioloji agentlər hesab edilir. Uşaqlarda kəskin diarreya səbəbləri sırasında roto-, adeno-,astro-, entero-, korona-və kalsiviruslar qeyd edilir.

 Uşaqların xəstələnməsi və ölüm strukturunda KBİ üzrə III yeri tutur. Qida sənayesinin qloballaşdırılması, qida məhsulları, içməli suyun keyfiyyətinə və saxlanılmasına yüksək təlabat, pasterizasiya konservləşdirmə texnologiyarından kütləvi istifadə və s. alimentar yolla ötürülən yoluxucu xəstəliklərin strukturunun əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb olub. Həmçinin XX əsrdə təbabətdə əldə olunan nailiyyətlər: antibakterial terapiyanın təkmilləşdirilməsi, yeni yüksək həssas və spesifik laborator diaqnostika üsullarının tətbiqi KBİ-nin etiologiyasını identifikasiya etməyə imkan verir.

Statistik məlumatlar göstərir ki, diarreyaların 40-70%-ni viruslar törədir, ilin soyuq aylarında bu göstəricilər daha da artır. Erkən yaşlı uşaqlarda KBİ-nin strukturunda  rotavirus diarreyaları xüsusi yer tutur.

RVİ, xəstəxanadaxili diarreyaların da əsas səbəblərindən biri olub, müxtəlif mövsümlərdə 31%-dən 87%-ə kimi təşkil edir.

RVİ kəskin mövsümlüyə malikdir. O bütün il ərzində qeydə alınır, lakin 80%-dən çox hadisələr ilin soyuq aylarında dekabrdan marta qədər aşkar edilir.

Məqsədi:

Virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının etioloji, epidemioloji, klinik, diaqnostik, müalicə və profilaktika xüsusiyyətlərinin öyrənilməsindən ibarətdir.

 

Tədqiqatın vəzifələri

1.Virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının etioloji struktrunun və epidemioloji xüsusiyyətlərinin öyrənilməsi.

2.Virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının klinik xüsusiyyətlərinin tədqiqi

3. Virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının diaqnostik xüsusiyyətlərinin öyrənilməsi.

4.  Virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının müalicə xüsusiyyətlərinin araşdırılması.

5. Virus mənşəli kəskin respirator və bağırsq infeksiyalarının profilaktikası və əks epidemik  tədbirlərin işlənib hazırlanması üçün təkliflərin irəli sürülməsi

 

Elmi yenilik:

İlk dəfə ayrı-ayrı törədicilər üzrə respirator və bağırsaq infeksiyalarının klinik, diaqnostik, müalicə və profilaktikası istiqamətində müasir əhəmiyyəti, dolğun, əhatəli məlumatlar əldə ediləcəkdir. Uşaqlarda rotavirus infeksiyasının müxtəlif variantlarının kliniki xüsusiyyətləri, müxtəlif yaş qrupundan olan xəstələrdə bu infeksiyanın gedişi xüsusiyyətləri, kəskin qastroenteritlərin ağırlıq dərəcəsinin qiymətləndirilməsi araşdırılacaqdır. Virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının etioloji strukturu və epidemioloji xüsusiyyətləri tədqiqat ediləcəkdir.

 

Gözlənilən nəticələr

Aparılan tədqiqat və araşdırmalar virus mənşəli kəskin respirator və bağırsaq infeksiyalarının  etioloji, epidemioloji, klinik-laborator diaqnostika və profilaktika üsullarının daha da təkmilləşdirilməsinə səbəb olacaqdır. Qeyd edilənlər isə xəstəliklərin diaqnostikasının effektivliyini artırmaqla xəstələrin vaxtınada müalicə və profilaktikasının aparılması üçün perspektivlər açacaqdır.

 

 

Elmi praktik əhəmiyyət

Elmi təhlil və araşdırmalar virus mənşəli  kəskin respirator və bağırsaq infeksiyaların epidemioloji və klinikasına aid məlumatların, təsəvvürlərin əhatə dairəsini genişləndirəcəkdir. Eyni zamanda onların diaqnostikası, müalicəsi və profilaktikası istiqamətində müasir, daha effektiv üsulların tətbiqinin  zəruriliyinə səbəb olacaqdır. Bu isə aparılacaq tədqiqatların qeyd edilən istiqamətində elmi praktik əhəmiyyət kəsb etməsində mühüm rola malik olduğunun göstəricisi olacaqdır.

Tətbiq sahəsi:

Yoluxucu xəstəliklər, epidemiologiya, mikrobiologiya, immunologiya, virusologiya.

Səmərəlilik:

Elmi-tədqiqat işində istifadə olunmuş diaqnostika, müalicə və profilaktika üsullarının perspektiv nəticələrinin praktik fəaliyyətə və gələcək elmi-tədqiqat işlərinə tətbiqi.