I Cərrahi xəstəliklər kafedrasında bakalavr proqramı üzrə təhsilin məqsədi gələcək həkimlərə cərrahi xəstəni aparmaq (idarə etmək) üçün lazım olan klinik və praktik səriştələri öyrətməkdir. Ali tibbi təhsilin diplomaqədərki pilləsi xəstə aparmağa hazırlığın mərhələlərindən biridir və cərrahi xəstəliklər fənni üzrə tədrisin konkret məqsədi təməl cərrahi xəstəliklərə diaqnoz qoyma səriştəsini və təməl praktiki səriştələri göstərmə səviyyəsində, müalicə, profilaktika və proqnozlaşdırma səriştələrini isə əsaslandırma səviyyəsində öyrətməkdir.
Tədris müddətində fənn üzrə klinik səriştələrə yiyələnmək üçün tələbələr aşağıdakı elmi məlumatları mənimsəməlidirlər: orqanın klinik fiziologiyası və patoloji anatomiyası, xəstəliyin tərifi, təsnifatı, epidemiologiyası, etiologiyası, patogenezi, patomorfologiyası, gedişi və ağırlaşmaları, klinik əlamətləri, müayinələri, diaqnostik kriteriyaları, müalicə üsulları, müalicə nəticələri, profilaktika üsulları, proqnozlaşdırma üsulları. Cərrahi müdaxilələri izah etmək və ya göstərmək üçün onların adını, tərifini, göstərişlərini, əks göstərişlərini, texnikasını və ağırlaşmaları bilməlidirlər.
Tələbələr təməl cərrahi xəstəliklərin diaqnostikasını real və ya virtual xəstə üzərində izah etməyi və göstərməyi, təməl cərrahi xəstəliklərin müalicəsini, profilaktikasını və proqnozlaşdırmasını izah etməyi, İrəli cərrahi xəstəliklərin (az rast gəlinən, mürəkkəb və atipik cərrahi xəstəliklərin) diaqnostikasını, müalicəsini, profilaktikasını və proqnozlaşdırmasını izah etməyi, təməl praktik müdaxilələri maket üzərində göstərməyi, cərrahi əməliyyatları izah etməyi bacarmalıdırlar.
Təhsil müddətində tələbələr cərrahi xəstəni aparmaq (idarə etmək) üçün lazım olan bilik və bacarığa yiyələnməlidir.
Kardiovaskulyar cərrahiyyə (IV kurs)
Hepatopankreatobiliar cərrahiyyə və transplantologiya (V kurs)
Kardiovaskulyar cərrahiyyə (VI kurs)