Tibb üzrə fəlsəfə doktoru, Meybəliyev Fərhad Tələt oğlu 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1992-1998-ci illərdə könüllü olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə həqiqi hərbi xidmətdə olmuşdur.
2000-ci ilin sentyabr ayından Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Tibbi profilaktika kafedrasında müəllim, 2008-ci il aprel ayından baş müəllim, 2011-ci il yanvar ayından kafedra rəisi vəzifəsinə təyin edilmişdir.
2010-cu il yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Fərhad Meybəliyevə “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.
2019-cu il iyul ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasıtərəfindən F.T.Meybəliyevə ATU-nun Hərbi Tibb fakültəsinin tibbi profilaktika kafedrası üzrə “dosent” elmi adı verilmişdır.
2019-cu il noyabr ayında Fərhad Meybəliyev yaş həddinə görə Azərbaycan Ordusundan tərxis olunduqdan sonra Hərbi Tibb fakültəsinin Tibbi profilaktika kafedrasında mülki müəllim, 2023-cü ildən dosent kimi fəaliyyətini davam etdirir.
Meybəliyev Fərhad Tələt oğlu 4 dərslik, 2 dərs vəsaiti, 35 elmi məqalə və tezislərin, o cümlədən son beş ildə 3 dərslik, 16 elmi məqalə və tezislərin həmmüəllifi, 1 dərs vəsaitinin redaktorudur. Hərbi Tibb fakültəsinin kursantlarına “Hərbi epidemiologiya”, “Hərbi toksikologiya, radiologiya və tibbi mühafizə”, “Tibbi parazitologiya” fənlərindən azərbaycan dilində, Azərbaycan Tibb Universitetinin tələbələri ilə “Hərbi epidemiologiya”, “Hərbi gigiyena” fənləri üzrə azərbaycan və rus dillərində, “Mülki müdafiə” fənni üzrə azərbaycan, rus və ingilis dillərində sərbəst mühazirələr və təcrübə məşğələləri aparır.
Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrləri ilə “Silahlı Qüvvələr veteranı” medalı ilə, “Silahlı Qüvvələrin 10 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.