Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məmmədov Yaqub Cavad oğlu 1941-ci il martın 3-də Gədəbəy rayonunun Əli İsmayıl kəndində anadan olmuşdur. 1949-1959-cu illərdə Əli İsmayıl kənd orta məktəbində oxumuş və həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş və 1966-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elmi Şuranın qərarı ilə Patoloji fiziologiya kafedrasında aspiranturada saxlanılıb. 1969-cu ildə “Naftalan neftinin simpato adrenal sistemə təsiri” mövzusunda tibb elmləri namizədi, 1982-ci ildə Moskvada “Venoz trombozların kompleks müalicəsində qanın və limfanın laxtalanmasının korreksiyası” mövzusunda tibb elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1969-cu ildən patoloji fiziologiya kafedrasında assistent, baş müəllim, dosent, 1979-cu ildən 2001-ci ilə qədər kafedra müdiri vəzifəsində, 2001-ci ildən bu günə qədər isə professor vəzifəsində çalışır. 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü seçilmişdir. SSRİ səhiyyə əlaçısıdır (1975), Azərbaycan Respublikasının əməkdar həkimi (1981), əməkdar elm xadimidir (1991). Ümumittifaq N.N.Vavilov mükafatı laureatıdır. Bir sıra beynəlxalq elmi təşkilat və cəmiyyətlərin, o cümlədən Beynəlxalq Patofizioloqlar Cəmiyyətinin, “Ürəyin öyrənilməsi üzrə beynəlxalq elmi cəmiyyət”in, “Ekstremal vəziyyətləri öyrənən beynəlxalq cəmiyyət”in üzvü, eləcə də Beynəlxalq Limfoloqlar Cəmiyyətinin sədr müavini seçilmişdir. Onun müxtəlif xəstəliklərin patogenezində limfa sistemində baş verən patofizioloji dəyişikliklərin rolunun öyrənilməsi və laxtalanma əleyhinə, trombolitik və limfastimullaşdırıcı yeni preparatların alınması, öyrənilməsi və tətbiqi sahəsində apardığı elmi işlərin nəticələri “Qan və limfanın laxtalanması: venoz tromboz zamanı onun korreksiyası” (Bakı, 1985) və “Miokard infarkti. Ürəyin limfa sistemi. Patofiziologiyası və müalicəsinin patogenetik əsasları” (Moskva, Медицина, 1989), Praktik limfologiya  (Bakı, 1982), “Naftalan neftinin və onun bəzi fraksiyalarının orqanizmə təsir mexanizmi” (Bakı, 1983), “Hemostaziologiyanın aktual problemləri” (Moskva, Elm nəşriyyatı 1979-1982) və s. adlı monoqrafiyalarda öz əksini tapmışdır. O, 460-dan çox elmi əsərin, o cümlədən, 8 monoqrafiyanın, 8 dərsliyin və dərs vəsaitinin, azərbaycan dilində iri həcmli ilk orijinal dərsliyin (Bakı, 1975-1989-2004), 45 ixtiranın, 12 elmi-praktik kütləvi kitabçanın, 16 metodik tövsiyyənin, bir neçə səmərələşdirici təklifin müəllifidir. Y.Məmmədoov limfa sistemin müxtəlif xəstəliklərin patogenezində rolu və pozulmuş funksiyaların korreksiya olunması üsullarının işlənib hazırlanması yeni limfotrop maddələrin alınması ilə məşğul olan səmərəli fəaliyyət göstərən elmi məktəb yaratmışdır. Tələbə ikən fakültə həmkarlar təşkilatının sədri, institutun komsomol komitəsinin katibi seçilib. 1970-1973-cü illərdə dekan müavini, fakültə dekanı, 1973-1980-ci illərdə institut partiya komitəsinin katibi seçilib, 1980-1983-cü illərdə institutun tədris işləri üzrə prorektoru, 1983-1992-ci illərdə Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Dəfələrlə Nəsimi rayon, Bakı Sovetinin deputatı və Azərbaycan KPMK-nın, rayon, şəhər partiya komitələrinin üzvü seçilib. 1990-1995-ci illərdə Azərbaycan respublikasının Ali Sovetin deputatı, 1992-ci ildə isə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilmiş və eyni zamanda respublika prezidentinin səlahiyyətlərini icra etmişdir. Qırmızı Əmək Bayrağı (1981) və Xalqlar Dostluğu (1987) ordenləri ilə təltif olunmuşdur. Y.Məmmədovun rəhbərliyi ilə aparılan tədqiqatların nəticəsində ürək infarktının, qara ciyər iltihabının (hepatitlərin), pnevmoniyanın və peritonitlərin patogenezində limfa sisteminin pozğunluqlarının mühüm rol oynaması müəyyən edilmiş və bu pozğunluqların aradan qaldırılmasında yeni limfotrop maddələrdən istifadə olunması tövsiyə olunmuş və tibb praktikasında istifadə olunur (nikomorfolin, morfazol, qlisiram).

Limfologiya sahəsində yeni müalicəvi üsulun yaradıcılarından hesab edilir. Belə ki, 1979-81-ci illərdə venoz trombozun patogenezində ilk dəfə limfa sisteminin rolu geniş tədqiq edilmiş, venoz trombozun formalaşmasında limfa sistemində baş verən patofizioloji dəyişikliklərin, o cümlədən laxtalanma amillərinin limfa vasitəsilə daşınmasının pozulmasının mühüm rol oynadığı müəyyən edilmişdir. Limfa sistemində baş verən patofizioloji dəyişikliklərin qarşısını almağa imkan verən müalocə vasitələrinin hazırlanması sahəsində də geniş elmi tədqiqat işləri aparmışdır. Hazırda Azərbaycan florasına aid olan bitkilərdən 30-a qədər limfotrop xassəli bioloji fəal maddə öyrənilmiş, çılpaq biyan kökündən alınmış qlisiram adlı preparat və zəfəran bitkisindən alınmış fitopreparat və yeni sintez edilmiş nikomorfolin limfatrop xassəli müalicə vasitəsi kimi istifadə edilir. 1981-ci ildə “Humoral daşınmanın bütün mərhələlərində (qan-toxumarası maye-limfa) laxtalanma, əkslaxtalanma və fibrinoliz sistemlərinin funksional vəhdətliyi” haqqında irəli sürdüyü elmi konsepsiya bu səhəyə həsr edilmiş onlarla namizədlik və doktorluq dissertasiyalarının yerinə yetirilməsinə və bütöv bir limfoloqlar məktəbinin formalaşmasına şərait yaratmışdır.   

450-dən çox elmi işin, o cümlədən, 8 monoqrafiyanın, 9 dərsliyin və dərs vəsaitinin, 12 broşuranın, 45 müəlliflik şəhadətnaməsinin, 16 metodik tövsiyyənin müəllifidir. Rəhbərliyi altında 8 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Elmi əsərləri tibbin yeni sahəsi olan praktik limfologiyanın, həmçinin patofiziologiyanın, reanimatologiyanın, kardiologiyanın, hemostaziologiyanın, hepatologiyanın və immunologiyanın müxtəlif problemlərinə həsr olunmuşdur.

Y.Məmmədovun Tibb İnstitutunda rektor işlədiyi dövr institutda intibah dövrü, onun yenidən qurulması, yeni kafedraların, laboratoriyaların, kursların, şöbələrin açılması, yeni ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, institutun maddi-texniki bazasının kökündən yaxşılaşdırılması, 2500 yerlik 12 mərtəbəli tədri korpusunun tikilməsi, elmi tədqiqat laboratoriyası üçün 5 mərtəbəli korpusun və vivarium binasının tikilməsi, hər biri 300 tələbəni qəbul edən 4 yataqxana tikilib istifadəyə verilməsi, əməkdaşlar üçün 2 kooperativ binanın tikilib istifadəyə verilməsi, böyük idman kompleksinin, basseynin tikilib istifadəyə verilməsi, nabranda 250 yerlik sağlamlıq-istirahət kompleksinin yaradılması ilə xarakterizə olunur. Qəbul imtahanlarının açıq qapı şəraitində bütün valideynlərin iştirakı ilə keçirilməsi ilə yadda qalır. Onun rektorluq dövründə ölkənin mərkəzi elmi-tədqiqat institutlarında, Ali Tibb İnstitutlarında 65 nəfər elmlər doktoru, 286 nəfər elmlər namizədi hazırlanmışdır. Bütün bu nailiyyətlərin əsasında onun təşəbbüsü ilə SSRİ məkanında SSRİ Ali Təhsil və Səhiyyə Nazirliklərinin razılığı ilə 1991-ci ilin fevralında Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Tibb İnstitutuna Tibb Universiteti statusu verilmişdir.                            

2003-cü ildə Kembric (İngiltərə) Bioqrafiya mərkəzi onu “21-ci əsrin 2000 ən görkəmli alimi” siyahısına və ABŞ Birləşmiş Mədəniyyət konvensiyası isə “Beynəlxalq sülh mükafatı”na təqdim edilən 500 nəfər görkəmli şəxslər siyahısına daxil etmişdir. Beynəlxalq Sülh Federasiyası 2008-ci ildə BMT-nin millətlər və dinlər arası Ümumi Dünya Sülh Təşkilatı “Sülh məramlı səfir” adı vermiş və müvafiq diplom ilə təltif etmişdir. Azərbaycan Tibb Jurnalı redaksiya heyətinin, Tibb Universitetində nəzəri elmlər üzrə problem komissiyasının və müdafiə şurasının, Nazirlər Komitəsinin yanında terminologiya komitəsinin üzvüdür. Ürəyin öyrənilməsi üzrə Beynəlxalq cəmiyyətin (İngiltərə), “Ekstremal və terminal vəziyyətlər” Beynəlxalq komissiyasının üzvü, Beynəlxalq Limfoloqlar Cəmiyyətinin idarə heyətinin üzvüdür. “Qayğı”, “Vətən”, “Qarabağa Xalq Yardımı”, “Azərbaycan Ağsaqqallar Şurası”, “Uşaq fondu”, “Azərbaycan demokratik Ziyalılar İttifaqı” kimi cəmiyyətlərin idarə heyətlərinin üzvü seçilmişdir. 

Akademik fəaliyyət

1966-1969-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Patoloji fiziologiya kafedrasında aspirantura

1969-1970-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Patoloji fiziologiya kafedrasında assistent

1970-1971-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Patoloji fiziologiya kafedrasında baş müəllim

1971-1978-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Patoloji fiziologiya kafedrasında dosent

1971-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda dekan müavini, dekan

1973-1980-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Partiya Komitəsi katibi

1979-1992-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Patoloji fiziologiya kafedrasının kafedra müdiri, professor

1980-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda tədris işləri üzrə prorektor

1982-ci il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda t.e.d., professor

1983-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru

1989-cu il AMEA-nın müxbir üzvü 

1992-ci il Azərbaycan Respublikası Ali Sovetinin sədri, prezident səlahiyyətinin icraçısı

1992-2001-ci illər Azərbaycan Tibb Universitetində Patoloji fiziologiya kafedrasının müdiri

2001-ci ildən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasında professor

Təhsil

1960-1966 / Ali təhsil N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

1966-1969 / Aspirant N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

Nailiyyətlər (Adlar)

1969-cu il tibb elmləri namizədi

1975-ci il “SSRİ Səhiyyə əlaçısı” fəxri adı

1981-ci il “Qırmızı Əmək Bayrağı” ordeni

1981-ci il Respublikanın əməkdar həkimi

1982-ci il tibb elmləri doktoru

1987-ci il “Xalqlar Dostluğu” ordeni

1991-ci il əməkdar elm xadimi

1991-ci il “Akademik N.N.Vavilov mükafatı laureatı”

2003-cü il Kembric Beynəlxalq Bioqrafiya mərkəzi (İBC) “XXI əsrə qədəm qoymuş dünyanın 2000 ən görkəmli alimi” (İngiltərə)

2005-ci il “Mir Mövsüm Ağa” fəxri mükafatı

2007-ci il Beynəlxalq Sülh Federasiyası və Dinlərarası, Millətlərarası Ümumdünya Sülh Təşkilatı “Sülhməramlı Səfir”

Xeyriyyəçilik fəaliyyətinə görə Hacı Zeynalabdin Tağıyev diplomu

Kitab

1. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti (situasiya məsələləri və test tapşırıqları izahlı cavabları ilə birlikdə).  Bakı, 2019, 459 s.

2. Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı. (3 dildə). Bakı, “Təbib” nəşriyyatı, 2019, 115 s.

3. Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti.  Bakı-2025, 262 səh.

4. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh.

Məqalə

1.Eksperimental şəkərli diabet zamanı toxumaların limfadrenajının pozulma- sında endotelial disfunksiyanın rolu. 5 th Baku International Medical Congres, Baku, 2018, p.146.

2. Deneysel diyabette kan və lenf lipid bileşiminin degişimi ilə lenf akış hızı arasındakı bağlantı. XXII Ulusal pediatrik Endokrinoloji və diyabet kongresi. XVII Diyabet ekibi kursu, V Pediatrik endokrinolojiye giriş kursu genetik kursu. Gloria Golf resort otel-Belek, Antalya, 2019, s.83.

3. Патогенетические механизмы диабетических осложнений. Professor Z.A.Zeynalovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2023. s.176-177   

4. Limfastimuləedici korreksiyanın şəkərli diabetin ağırlaşmalarının müalicəsində əhəmiyyəti. Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, №2. Bakı-2022, səh. 69-74

5. Şəkərli diabetin ağırlaşmalarının müalicəsində limfastimuləedici koreksiyanın əhəmiyyəti. Naxçıvan Dövlət Universiteti “I Beynəlxalq Tibbi Forum”un materialları,  Naxçıvan 2024, səh.183-184

 

6. Повышение перекисного окисления липидов, и состояние показателей иммунной системы при диабетических ангиопатиях. Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı-2025, s.566.

DOİ İD: https//doi.org/10.28942/atuj.v1(S)i5y2025

Məqalə

Diabetik osteopatiyanın bəzi markerlərinin qanda və limfada müqayisəli şəkildə öyrənilməsi və onların D vitamini ilə korreksiyası. Şöhrət ordenli, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Tibb Elmləri Akademiyasının üzvü, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Bakı-2025, cild 1, №1, səh. 237-238.


orcid DOI
Məqalə

Роль восполительных цитокинов при диабете. Şöhrət ordenli, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Tibb Elmləri Akademiyasının üzvü, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Bakı-2025, cild 1, №1, 305-306.


orcid DOI
Üzv olduğu qurum

1. 1989 Ürəyin öyrənilməsi üzrə Beynəlxalq cəmiyyətin üzvü

2.  1995   Beynəlxalq Patofizioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü

3.   2001   Beynəlxalq Limfoloqlar cəmiyyətinin sədr müavini

4. Dissertasiya müdafiə şurasının üzvü

TİBB ÜZRƏ ELMLƏR DOKTORU

1. Qarayev Q. Ş.Ürəyin pozulmuş  limfodrenajının korreksiyası və kəskin miokard infarktı zamanı ürək əzələsinin birbaşa revaskulyarizasiyasında onun rolu. Moskva - 1988  

2. Əliyev S.C. Patologiya şəraitində limfanın element tərkibinin dəyişilməsi və onun korreksiyası. Bakı - 1992  

3. İbrahimli F.İ. Daxili orqanların kəskin infarktı zamanı limfatik drenajın pozulıması və onun tənzimlənməsi imkanları. Moskva - 1993 

4. Qurbanov Y.Z. Ürəyin limfadrenajının tənzimlənməsi və onun ürəyin işemik xəstəliklərinin müalicəsində və patogenezində əhəmiyyəti. Bakı - 1998

5. Əliyev M.X. Postreanimasion ensefalopatiyanın patogenezində limfanın laxtalanması və toxumaların limfadrenajının pozulma mexanizmləri, onların korreksiyası. Bakı – 2006

6. Ağayev M.M. Ekoloji endotoksikoz zamanı miokard infarktının erkən və stasionar reabilitasiya dövründə limfadrenajın pozulması, miokardın zədələnmə sahəsi, kardiohemodinamika və onların korreksiya metodları (eksperimental və klinik tədqiqatlar). Bakı – 2013

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU

1. İslamzadə F.İ. Eksperimental miokard infarktında hemostazın pozulmasının korreksiyası. Bakı - 1984

2. Mahmudov R.M. Eksperimental ateresklerozun inkişaf mexanizmində katexolaminlərin rolu Bakı – 1984

3.Əliyev M.X. Terminal halda qan və limfanın laxtalanma qabiliyyətinin pozğunluqları və onların korreksiyası – Bakı 1985

4. Mirzəbəyova F.İ. Limfohemokoaqulyasiyanın pozulması və onların korreksiyasının kəskin miokard infarktının inkişafı və gedişində rolu. Bakı – 1986

5. Hacıbəyov İ.T. İşemiyaya məruz qalmış miokardın vəziyyəti və kəskin koronar qan dövranı pozulması zamanı onun qorunması üsullarının işlənib hazırlanması. Bakı - 1986 

6. Mehralıyev R.R. Terminal vəziyyətdə lipid mübadiləsi, hemo- və limfokoaqulyasiyanın pozulması və onun korreksiyası. Bakı – 1987

7.Məmmədov N.H. Kəskin pankreatitin destruktiv formalarının cərrahi müalicəsində klinovoid rezeksiyası metodu. Bakı – 1988  

8. İbrahimov S.M. Terminal halda qan və limfanın elektrolit tərkibinin, turşu-qələvi halının, laxtalanmasının pozğunluqları və onların korreksiyası. Bakı – 1988

9.Nəsirova Z.Ə. Ürəyin limfodrenaj funksiyasının vəziyyəti və onun stimulyasiyasının nevrogen mənşəli miokard zədələnməsində əhəmiyyəti. Bakı - 1989 

10.Məmmədov Ə.Ə. Yayılmış peritonit zamanı mikrosirkulyator pozulmalarının korreksiyasında və orqanizmin detoksikasiyasında limfadaxili kompleks dərman müalicəsi Bakı – 1989

11.Hətəmzadə E.M. Miokard infarktının kompleks müalicəsində ürəyin limfadrenajının stimulyasiyası Bakı – 1990

12. Zaxarenko N.V. Postreanimasion dövrdə lipidlərin peroksidləşməsinin, qan və limfanın laxtalanmasının korreksiyası. Bakı - 1990

13. Hüseynov Ş.G. Peritonit zamanı qaraciyərin fermentativ aktivliyinin pozulmalarının endolimfatik korreksiyası. Bakı - 1992

14. Abdullayev F.M. Kəskin miokard infarktı zamanı ürəyin limfadrenajının stimulə olunması yolu ilə işemiyaya məruz qalmış miokardın qorunması. Bakı - 1992

15. İbrahimova G.H. Qan və limfada bəzi fermentlərin aktivliyinin pozulması, onların korreksiyasının peanimasiyadan sonrakı dövrdə qaraciyərin morfofunksional vəziyyətinin bərpasında əhəmiyyəti. Bakı – 1996

16. Lınev V.C. Prostat vəzinin adenoması üzrə əməliyyat olunmuş xəstələrdə lipidlərin peroksidləşməsinin, antioksidant müdafiə sisteminin vəziyyətinin qiymətləndirilməsi və onun korreksiyası. Bakı – 1996. 

17. Talışinskaya M.B. Reanimasiyadan sonrakı bərpa dövründə orqanizmin immun və hemolimfakoaqulyasiya pozğunluqlarının korreksiyası.  Bakı – 2003

18. Əliyeva A.C. Kəskin ağciyər iltihabı zamanı limfadrenajın, immun sistemin, lipidlərin peroksidli oksidləşməsinin pozulması və onların korreksiyası. Bakı – 2003

19. Rzayev Z. İ. Peritonit zamanı limfa sisteminin pozulmuş funksiyalarının korreksiyası, orqanizmin detoksikasiyası və müalicəsində endolimfatik limfostimulyasiyanın əhəmiyyəti. Bakı – 2003

20. Qasımov T.P. Beyin qan dövranının kəskin pozulması zamanı qan və limfanın laxtalanması və bəzi qaraciyər fermentlərinin aktivliyinin dəyişməsi, onların korreksiyası. Bakı-2008

21. Həsənova Z.V. Yanaşı gedən xəstəlikləri olan hepatitlər zamanı qanın və limfanın biokimyəvi tərkibinin pozulmaları, onların korreksiyası. Bakı -2009

22. Niftəliyeva S.F. Şəkərli diabet zamanı qaraciyər çatışmazlığının patogenezində limfadrenajın pozulmaları, onların korreksiyası. Bakı – 2016

ƏCZAÇILIQ ÜZRƏ ELMLƏR DOKTORU

1. Vəliyeva M.N. Azərbaycan florasının antihemolimfokoaqulyasiyaedici və limfostimullaşdırıcı dərman bitkiləri. Moskva – 1998

BİOLOGİYA ÜZRƏ ELMLƏR DOKTORU

1. İsmayılova (Tağıyeva) Z.C. Miokardın kəskin işemiyası və infarktı zamanı ürəyin limfa dövranının farmakoloji korreksiyası. Moskva - 1991

 

BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU

1. Quliyeva S.V. Protein S-nin immobilizasion stress zamanı hemostaz reaksiyalarında iştirakı mexanizmləri haqqında. Bakı – 1998

2. Babayeva S.M. Postreanimasion patologiyanın kompleks müalicəsində limfatrop fitoterapiya. Bakı -1999