
Azərbaycanda əczaçılıq elminin inkişafında müstəsna xidmətləri olan, görkəmli pedaqoq, tanınmış alim, çoxsaylı elmi tədqiqat işlərinin rəhbəri, qiymətli elmi əsərlərin və dərsliklərin müəllifi professor Yusif Balakərim oğlu Kərimov 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Tibb İnstitutunu əczaçılıq ixtisası üzrə bitirmiş və həmin ildə farmakoqnoziya və botanika kafedrasında aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra “Azərbaycan florasından olan ardıcın bəzi növlərinin müqayisəli farmakoqnostik tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və əczaçılıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Kərimov Y.B. 1970-ci ildən başlayaraq Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində çalışmışdır. Burada çalışdığı müddət ərzində yabanı dərman bitkilərini öyrənmək məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrinə təşkil olunmuş ekspedisiyalara rəhbərlik etmiş, Azərbaycan xalq təbabətində istifadə olunan dərman bitkiləri haqqında qiymətli məlumatlar toplamış və yabanı bitkilərin ehtiyatşünaslıq tədqiqatları ilə məşğul olmuşdur. Kərimov Y.B. 1984-cü ildə Azərbaycan Tibb İnstitutunun farmakoqnoziya və botanika kafedrasında dosent vəzifəsinə seçilmişdir. 1988-ci ildə Ukraynanın Xarkov şəhərində “Tibbdə və qida sənayesində istifadə etmək məqsədilə Azərbaycan florasından olan bəzi bitkilərin fitokimyəvi tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1989-cu ildən 2017-ci ilə qədər farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında Farmakoqnoziya kafedrası Respublikamızda yüksək ixtisaslı əczaçı kadrların hazırlanması istiqamətində böyük işlər görmüşdür. Hal hazırda həmin kafedrada məsləhətçi-professor vəzifəsində çalışır. Professor Kərimov Y.B. 200-dən artıq elmi əsərin, 5 dərsliyin, 10 dərs vəsaitinin, 4 monoqrafiyanın və 19 ixtiranın sahibidir ki, bunlardan da dördü istehsal prosesində tətbiqini tapmışdır. “Azərbaycanın dərman bitkiləri” kitabı onun vacib elmi əsərlərindəndir. Fitotussin, Faqolin və Qobustan balzamı Azərfarm əczaçılıq şirkətində, Şəfa şərbəti isə Herbaflora şirkətində istehsal olunur. Hazırda Azərfarm və Herba flora şirkətlərinin elmi məsləhətçisidir. Onun kafedraya rəhbərliyi dövründə Fransanın, Gürcüstanın, Rusiyanın və Ukraynanın Əczaçılıq Universitetləri ilə sıx elmi əməkdaşlıq həyata keçirilmişdir.Professor Kərimov Y.B. uzun müddət Universitetin Böyük Elmi Şurasının və Əczaçılıq fakültəsinin Elmi Şurasının üzvi, Respublikanın Əczaçılar Assosiasiyasının rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakologiya və Farmakopeya Ekspert Şurasının üzvi olmuşdur. Müxtəlif illərdə Azərbaycan Əczaçılarının Elmi-Praktik Cəmiyyətinin və Azərbaycan Əczaçılar Assosiasiyasının sədri olmuşdur. Keçmiş SSRİ-nin doktorluq dissertasiya işlərinin təsdiqi üzrə koordinasiya şurasının üzvi olmuşdur. Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, “Azərbaycan Səhiyyəsinin əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. Professor Kərimov Y.B. Azərbaycan “Əczaçılıq və farmakoterapiya” jurnalının və “Farmakom” (Ukrayna) jurnalının, Ukraynanın Xarkov şəhərində hər il dərc olunan “Lekarstvo-çeloveki” elmi əsərlər toplusunun redaksiya heyətinin üzvidir. Simferopol şəhərində yerləşən “Qeyri-ənənəvi bitkiçilik, etnologiya, ekologiya və sağlamlıq” Beynəlxalq simpoziumunda təşkilat şurasının üzvidir. Fransanın Aralıq dənizi Tibb Universitetinin farmakoqnoziya və homeopatiya laboratoriyası ilə elmi əməkdaşlıq haqqında müqavilənin iştirakçısıdır və bu əməkdaşlıq birgə dərc olunan məqalələr və kadrların hazırlanmasında özünü göstərir. Professor Y.B.Kərimovun rəhbərliyi altında 5 əczaçılıq üzrə fəlsəfə doktoru və 2 əczaçılıq elmləri doktoru hazırlanmışdır. Azərbaycanda əczaçılıq ixtisasının layiqli nümayəndəsi, tədrisin, elmin və təcrübənin çətin yollarını şərəflə keçən böyük alim, görkəmli pedaqoq, professor Yusif Balakərim oğlu Kərimov hal hazırda da elmi və pedaqoji fəaliyyətini davm etdirir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun qrant layihəsində iştirak edilmiş və qrant layihəsi udulmuşdur. Layihənin rəhbəri: professor Y.B. Kərimov, layihənin iştirakçıları: S.T. Süleymanov, C.İ. İsayev, F.İ. Əliyev, N.H. Məmmədova, E.H. Kərimli, A.S. Şükürova, H.M. Qurbanov. Qrant layihəsinə uyğun olaraq laboratoriya qurulmuş və müvafiq avadanlıqlarla təchiz edilmişdir. O, dərman bitkiləri, onların tərkibində olan bioloji fəal birləşmələrin müasir fitokimyəvi üsullarla: HPLC-MS, GC və UB-spektroskopiya, İQ-spektroskopiya, spektrofotometrik və s. tədqiqi, izolyasiyası və antioksidant, antibakterial, antifunqal kimi ilkin farmakoloji xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycanın müxtəlif geobotanik ərazisində yayılan dərman bitkilərinin müxtəlif xəstəliklərin müalicəsinə dair etnofarmakoloji tədqiqat, Azərbaycan florasında olan yabanı dərman bitkilərinin ehtiyatşünaslıq tədqiqatları, bitkilərdən bioloji fəal birləşmələrin alınması, onların bioloji fəallıqlarının tədqiqi, fitoterapiya və fitoterapevtik vasitələr istiqamətində elmi fəaliyyətini davam etdirir.
1969-1984-cü illər - Baş elmi işçi - AMEA-nın Botanika institutu
1984-1989-cu illər - Dosent - Azərbaycan Tibb Universiteti
1989-2017-ci illər - Kafedra müdiri - Azərbaycan Tibb Universiteti
2017-ci ildən hal hazıra qədər - Professor-məsləhətçi - Azərbaycan Tibb Universiteti
1960–1965-ci illər – N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) Əczaçılıq fakültəsi.
1965–1968-ci illər – “Farmakoqnoziya” ixtisası üzrə aspirantura təhsili.
2011-ci ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya üzrə təlim kursunu müvəffəqiyyətlə keçmişdir.
8.İsayev C.İ., Kərimov Y.B., Əliyeva S.Ş., Məmmədova N.H., Kərimli E.H.
Farmakoqnoziya 2: test tapşırıqları (Azərbaycan, rus və ingilis dillərində), dərs vəsaiti, Bakı, 2022, 307 s.
1. K. Mustafayeva, C Di Giorgio, R Elias, Y Kerimov, E Ollivier, M De Méo. DNA-Damaging, Mutagenic, and Clastogenic Activities of Gentiopicroside Isolated from Cephalaria kotschyi Roots. Journal of natural products, 2006, 73 (2), p. 99-103.
2. K. Mustafaeva, R. Elias, G. Balansard, T. Suleimanov, V. Mayu-Lede, Y. Kerimov. Iridoid glycosides from Cephalaria kotschyi roots. Chemistry of Natural Compounds, 2008, v. 44(1), p. 132-133.
3. K. Mustafayeva, V. Mahiou-Leddet, T. Suleymanov, Y. Kerimov, E. Ollivier. Chemical constituents from the roots of Cephalaria kotschyi. Chemistry of Natural Compounds, 2011, v. 47 (5), p. 839-842.
4. E.H. Kerimli, Y.B. Kerimov, A.M. Mamedov. Constituents of the EtOH Extract of Ferula persica Roots. Chemistry of Natural Compounds, 2023, v. 59 (6), p. 1171-1172.
5. Kerimov Y.B., Isayev J.I., Suleymanov T.A. Modern directions 0f searching for promising wild plants of the flora of Azerbaijan and their use in pharmaceutical production, Azerbaijan pharmaceutical and pharmacotherapy journal, 2024, №2, p. 35-57.
6. Kerimov Y.B., Isayev J.I., Suleymanov T.A., Mustafayeva K.N. Phytochemical of food plants used in Azerbaijan and their helath benefits, Azerbaijan pharmaceutical and pharmacotherapy journal, 2025, №1, p. 24-32.
7. E.H. Kerimli, Y.B. Kerimov, A.L. Shavarda. Constituent Composition and Antimicrobial Activity of Essential Oil from Roots and Fruit of Ferula caucasica. Chemistry of Natural Compounds, 2025, v. 61(1-2), p. 606-607.
Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun qrant layihəsində: Böyük maliyyə həcmli pilot layihəsi müsabiqəsində “Respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi-tədqiqat laboratoriyasının təşkili” adlı işlə iştirak edilmiş və qrant layihəsi udulmuşdur.
Layihənin rəhbəri: professor Y.B.Kərimov.
Layihənin iştirakçıları: S.T.Süleymanov, C.İ.İsayev, F.İ.Əliyev, N.H.Məmmədova, E.H.Kərimli, A.S.Şükürova, H.M.Qurbanov.
Qrant layihəsinə uyğun olaraq laboratoriya qurulmuş və müvafiq avadanlıqlarla təchiz edilmişdir.
1994-cü il – Süleymanov Tahir Abbasəli oğlu – Rumex cinsinə aid bəzi növlərin farmakoqnostik tədqiqi, əczaçılıq elmləri namizədi dissertasiyasının avtoreferatı, Bakı.
1994-cü il – İsayev Cavanşir İsa oğlu – Azərbaycan florasına aid bəzi bitkilərin lipofil fraksiyalarının öyrənilməsi və onların praktikada tətbiqi, əczaçılıq elmləri namizədi dissertasiyasının avtoreferatı, Bakı.
1998-ci il – Cəfərova Rəna Ənvər qızı – Azərbaycan florasına aid bəzi bitki növlərinin ehtiyatşünaslıq və fitokimyəvi tədqiqi, eləcə də onların istifadə perspektivləri, əczaçılıq elmləri namizədi dissertasiyasının avtoreferatı, Bakı.
2008-ci il – Əliyeva Səbinə Şahmərdan qızı – Qırmızı ardıc (Juniperus rufescens Link) bitkisinin farmakoqnostik tədqiqi, əczaçılıq elmləri namizədi dissertasiyasının avtoreferatı, Bakı.
2008-ci il – Mustafayeva Xuraman Niyazı qızı – Cephalaria kotschyi bitkisinin fitokimyəvi tədqiqi, əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyasının avtoreferatı, Bakı.
2007-ci il – Süleymanov Tahir Abbasəli oğlu – Azərbaycan florasında tərkibində lipidlər və fenol birləşmələri olan bəzi bitki növlərinin farmakoqnostik tədqiqi və istifadəsi, əczaçılıq elmləri doktoru dissertasiyasının avtoreferatı, Bakı.
2008-ci il – İsayev Cavanşir İsa oğlu – “Azərbaycan florasında yayılan bəzi yabanı dərman bitkilərinin farmakoqnostik tədqiqi və fitopreparatların istehsalında tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və əczaçılıq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.