Klinikamızın nevroloqu, professor Sədaqət Hüseynova V Kliniki Neyrofizioligiya və Neyroreabilitasiya konfransına qatılıb Klinikamızın nevroloqu, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən V Kliniki Neyrofiziologiya və Neyroreabilitasiya konfransına qatılıb. S. Hüseynova bildirib ki, konfransın əsas məqsədi – bu sahədə çalışan mütəxəssisləri, elmi işçiləri, nevrologiya, neyrofiziologiya və neyroreabilitasiya sahəsində olan yeni istiqamətlər, diaqnostika və müalicə sahəsində olan mühüm nailiyyətlərlə tanış etmək olub. Konfransda giriş sözü ilə prof. N.V.Skripçenkonun çıxış etdiyini deyən, professor S. Hüseynova, onun əsasən konfransın mühüm əhəmiyyətindən, ümumrusiya çərçivəsindən çıxaraq beynəlxalq xarakter almasından, müxtəlif nevroloji və neyrofizioloji məktəbləri özündə birləşdirməsindən danışdığını bildirib. “Konfransın birinci günü nevroloji praktikada çox sıx rast gəlinən müxtəlif polineyropatiyaların diaqnostikasına, müalicə və reabilitasiyasına həsr olunmuş geniş məruzələr oldu. Elektroneyromioqrafiya seksiyasında müasir dövrdə rutin praktikada geniş istifadə edilən testlərə (F-dalğa, H-refleks, blink-refleks, inçing metodikası) həsr olunmuş master klasslarda keçirildi”. “Həmçinin periferik sinir sisteminin ultrasəs diaqnostikası, Elektroneyromioqrafiyanın kolopraktikada tətbiqi, son 20 ilin nailiyyəti olan botulino-terapiyanın istifadəsinə göstərişlər, hazırda bu terapiyanın yalnız lokal distoniyalar və spastiklikdə deyil, həm də revmatoloji, artroloji və ortopedik xəstəliklərin müalicəsində də geniş istifadə edildiyindən də söz açdılar”. Konfransın son günü prof. Volfang Qrizoldun (Vena, Avstriya) paraneoplastik sinir-əzələ sindromuna həsr olunmuş məruzəsi böyük maraq doğurduğunu qeyd edən professor, onun onkoloji xəstəliklər və radioterapiya zamanı əmələ gələn müxtəlif sinir və əzələ sindromları haqqında verdiyi ən müasir məlumatların böyük maraqla qarşılandığını bildirib. S. Hüseynova onu da qeyd edib ki, konfransda – Elektroneyromioqrafiya, Elektroensefaloqrafiya, Ötürücü sistemlərin neyrofiziologiya və neyroreabilitasiyası (transkranial maqnit stimulyasiyası və oyandırılmış potensialalr), Neyroreabilitasiya, Botulinoterapiyanın uğurları, Periferik sinirlərin ultrasəs müayinəsi, Neyroortopediya, Yaş neyrofiziologiyası, Neyrooftalmologiya, Neyrocərrahiyyədə interoperasion neyrofizioloji monitorinq, Öyrədici master-klasslar (elektroneyromioqrafiya, oyandırılmış potensiallar, botulinoterapiya, transkranial maqnit stimulyasiyası) mövzularında geniş müzakirələr aparılıb. Qeyd edək ki, konfrans 22-24 noyabr tarixlərində baş tutub və əsasən nevroloqlar, neyrofizioloqlar, reabilitoloqlar və digər yanaşı sahə mütəxəssisləri üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edərək onların peşə hazırlığının yüksəldilməsinə kömək etmək məqsədi daşıyıb.