

Bu günlərdə Türkiyənin İzmir şəhərində keçirilən İzmir Diş həkimləri Birliyinin 32-ci Beynəlxalq Konqresi və Sərgisi & Ege Bölgəsi Diş həkimləri Birliyinin I Elmi Konqresi və Sərgisində universitetimizi Uşaq stomatologiyası kafedrasının əməkdaşları dosent Gülşən Zeynalova və Sevinc Nağıyeva təmsil ediblər.
Konqresə mühazirəçi kimi dəvət olunan Sevinc Nağıyevanın “Uşaqlarda herpetik gingivostomatitin müalicəsinin effektivliyini və təhlükəsizliyini artırmaq strategiyası olaraq kombinə dərman müalicəsi: potensial risklər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib.
Ege Bölgəsi Diş Həkimləri Odalarının (EBDO) iştirakı ilə birgə təşkil edilən builki konqres, iki ayrı salonda eyni vaxtda keçirilən 35 təqdimatla elmi cəhətdən zəngin proqram təqdim edib.
Noyabrın 23-dək davam edən konqres iştirakçılara praktiki kurslar vasitəsilə peşəkar bilik və təcrübələrini inkişaf etdirmək imkanı yaradıb. Ekspert statusunda dəvət olunmuş məruzəçilər isə elmi məlumatların beynəlxalq mübadiləsinə töhfə veriblər. Konqres çərçivəsində stomatologiya sektorunun aparıcı nümayəndələri və şirkətləri 1150 kvadratmetrlik sərgi sahəsində öz məhsul və xidmətlərini təqdim etməklə, stomatologiyada ən son texnologiya və yenilikləri də nümayiş etdiriblər.
