Tədris Cərrahiyyə Klinikasında Lazer aparatı ilə bir çox problemlər aradan qaldırılır
ATU-nun Tədris Cərrahiyyə Klinikasında istənilən sahə üzrə peşəkar həkimlər pasiyentlərə xidmət göstərir. Klinikada damar cərrahiyyəsi ilə bağlı da mütəxəssis həkimlərimiz istənilən növ problemlərin aradan qaldırılması üzrə fəaliyyət göstərirlər. Onlardan biri, tibb elmləri namizədi Lalə Lətifova damar cərrahiyyəsində bir çox xəstəliklərin müalicəsi üzrə yüksək səviyyəli xidmət təqdim edir.
Lalə Lətifovanın sözlərinə görə, hazırda klinikada iki müxtəlif dalğa uzunluqlu "LAXTA MİLON" ("ЛАХТА-МИЛОН") lazer aparatından istifadə olunur: “0,97 mkm dalğa uzunluqlu cərrahi lazerdən istifadə qanaxmanı azaldır, infeksiya riskini azaldır, əməliyyat və əməliyyatdan sonrakı ağrıları azaldır, sağalma müddətini qısaldır. Bu növ lazerlə damar displaziyaları, kavernoz hemangiomalar, arterio-venoz displaziyalar, limfangiomalar, üzdə və ayaqlarda kapillyar kavernoz teleangioektaziyalar, dodaqların angioması kimi patologiyalar müalicə edilir”.
0,97 mkm dalğa uzunluqlu cərrahi lazer aparatı ilə rezeksiya, koaqulyasiya, vaporizasiya, interstitsial hipertermiya kimi əməliyyatları icra etmək mümkündür.
L.Lətifovanın sözlərinə görə, bu lazer aparatı ilə həmçinin dermatologiyada bəzi əməliyyatlar aparılır, dəridəki problemlər aradan qaldırılır. Bunlara dərinin papilloma və fibromaları, xallar, ateromalar, vulqar ziyillər, kondilomalar, kontagioz mollyusk, kelloid və hipertrofik çapıqları aid etmək olar.
Eyni zamanda, 1,47 mkm dalğa uzunluqlu lazer aparatı da müxtəlif üstünlüklərə malikdi. Bu aparatla damarların endovazal lazer koaqulyasiyası (EVLK) əməliyyatı aparılan zaman əməliyyatın təhlükəsizliyi təmin olunur: lazer şüaları sinir uclarını zədələmədən lokal təsir göstərir. Həmçinin, minimal travmatik və maksimal kosmetik effekt əldə olunur. Lazer aparatı ilə əməliyyat daha qısa müddətdə başa çatır. Minimal ağrı sindromu əməliyyatı yerli anesteziya ilə aparmağa imkan verir. Xəstənin iş qabiliyyəti 1-3 gündən sonra tam bərpa olunur.
Fotolarda dalğa uzunluğu 0,97 mkm olan LAXTA MİLON" ("ЛАХТА-МИЛОН") tibbi lazer aparatının istifadəsindən nümunələr təqdim olunur. Görüdnüyü kimi, bu aparatdan üst dodağın yuxarısında piqment ləkəsinin aparılması, kürəkdə dermatofibromanın ləğv olunması, üzdəki çapıqlar, dmar kuperzolarının effektiv surətdə aradan qaldırılmasına dair nümunələr verilib.