
Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası kafedrasında innovativ dərman çatdırılma sistemlərinin yaradılması istiqamətində aparılan elmi tədqiqatlar növbəti mühüm beynəlxalq uğurla nəticələnib.
Kafedrada formalaşmış yeni dərman çatdırılma sistemləri elmi istiqamətinin rəhbəri, dosent Sevil Mehrəliyevanın elmi rəhbərliyi ilə magistrant Tünzalə Eyvazova tərəfindən hazırlanmış "Kuperozun müalicəsi üçün angioprotektor təsirli fitosomal gel" adlı ixtira Avrasiya Patenti (№ 053584) alıb.
Patent Avrasiya Patent Təşkilatı (APT) tərəfindən ixtiranın yeniliyini, ixtira səviyyəsini və sənayedə tətbiq oluna bilməsini təsdiq edən fundamental ekspertiza əsasında verilib. Bu iddia sənədi Avrasiya Patent Konvensiyasına üzv dövlətlərin ərazisində hüquqi mühafizə təmin etməklə yanaşı, işlənilmiş texnologiyanın beynəlxalq səviyyədə elmi əhəmiyyətini də subut edir.
Hazırlanmış preparat fitosom texnologiyasına əsaslanan innovativ nanogel olub, bitki mənşəli bioloji aktiv maddələrin fosfolipid kompleksləri şəklində inkapsulyasiyası hesabına onların dəriyə nüfuzetmə qabiliyyətini (bio-nüfuz nümunəsini), bioloji mənimsənilməsini və terapevtik effektivliyini maksimum dərəcədə artırır. Unikal xüsusiyyətlərinə görə preparat kuperozun patogenetik müalicəsində perspektivli yeni nəsil dərman çatdırılma sistemi kimi səciyyələndirir.
Mürəkkəb elmi-tədqiqat xarakteri daşıyan bu ixtiranın ərsəyə gəlməsi və xarakterizasiyasında universitetin müxtəlif strukturları və alimlərinin, o cümlədən Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov, ATU Elmi Araşdırmalar Mərkəzinin (EAM) Elektron mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayev, EAM Farmakologiya və toksikologiya şöbəsinin müdiri Rəna Cəfərova, Farmakoqnoziya kafedrasının Baş müəllimi İlhamə Cahangirova və digərlərinin də əməyi olub.
Əldə olunan növbəti Avrasiya patenti ATU-da əczaçılıq texnologiyası, nanobiotexnologiya və innovativ dərman formaları sahəsində aparılan elmi tədqiqatların beynəlxalq reytinqlərdə tanınmasının daha bir bariz nümunəsidir. Bu nailiyyət universitetdə aparılan akademik araşdırmaların praktik/sənaye əhəmiyyətini və ölkəmizdə əczaçılıq elminin inkişafına verdiyi dəyərli töhfəni bir daha təsdiq edir.