Bu il dekabrın 9-10-da Rusiyanın Yekaterinburq şəhərində Kyokuşin Dünya Birliyinin (KWU) təşkilatçılığı ilə Kyokuşin Karate üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib. Çempionata 48 ölkənin 242 idmançısı və 24 ölkədən xüsusi dəvət olunmuş beynəlxalq dərəcəli hakimlər qatılıb.
Azərbaycanı bu möhtəşəm çempionatda hakim qismində ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Qələndər Aslanov təmsil edib. 2012-ci ildə “Avropanın ən yaxşı hakimi” seçilən ədalət təmsilçimiz Q.Aslanov Kyokuşin Dünya Birliyinin hakimlər kollegiyasının rəsmi üzvü seçilib. Təmsilçimiz ənənəvi olaraq çempionatdan əvvəl seminarlarda iştirak edib, seminarların son günü test və praktiki imtahanlardan keçərək “mükəmməl” dərəcəli balla qiymətləndirilib. Qələndər Aslanov KWU təşkilatının xüsusi sifarişlə hazırlanmış qol saatı və qiymətli hədiyyələrlə mükafatlandırılıb
Bu çempionatda Azərbaycan Kyokuşin Karate Federasiyasının yığma komandasının 7 idmançısı da öz gücünü sınayıb. Nəticədə 65 kq və 70 kq da döyüşən idmançılarımız Emin İsmayıllı və Valeh Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüblər. Digər 5 idmançımız medala çox yaxın olsalar da, 1/8 final mərhələsində mübarizəni dayandırmalı olublar.