Fevralın 27-də Böyük Elmi Şuranın növbəti iclası keçirildi. İclasa sədrlik edən ATU- nun rektoru, professor Gəray Gəraybəyli gündəliyə keçməzdən öncə şua diaqnostikası və şua terapiyası kafedrasının professoru Bahadur Baxşiyevin bu günlərdə dünyasını dəyişdiyini bildirdi və mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin “2017/2018-ci tədris ilinin qış imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” barədə hesabatı dinlənildi.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tibb təhsilinin iki mərhələli sistemə keçidi ilə əlaqədar aparılan islahatları önə çəkən məruzəçi məzunlarımızın daha yaxşı bilik və bacarıq əldə edərək bir hissəsinin təhsillərini ölkəmizdə və ya xaricdə rezidentura və magisruraturada davam etdirdiyini, digərlərinin isə Səhiyyə Nazirliyinin təyin etdiyi ixtisaslar üzrə həkimlik fəaliyyətinə başladıqlarını söylədi.
Sözünə davam edən S.Əliyev bildirdi ki, kompüterlə test imtahanlarının təşkili və təkmilləşdirilməsi məsələsi dəfələrlə universitetin elmi şurasında, rektoryanı şurada, ayrı-ayrı fakültələrin elmi şuralarında müzakirə obyekti olmuşdur: “Artıq builki tədris ilində I və II kurs tələbələrinin imtahanları yeni qaydalara uyğun aparılmışdır. Bu qaydalar hazırda dünyada 200-dən çox universitetdə istifadə olunur və tələbələrin biliyinin daha obyektiv qiymətləndirilməsində geniş imkanlar yaradır. Həmin kurslarda tələbələrin biliyi 1 saat vaxt ərzində 25 sualla yoxlanılır. Hər bir doğru cavab 2 balla qiymətləndirilir. 25 sualın 15-i universitetdə yerləşdirilmiş baza suallarından, 10-u isə tələbəyə əvvəlcədən məlum olmayan gizli suallardan ibarət olmuşdur.
Bu suallar baza suallarından fərqli olaraq, çoxcavablı suallardır, yəni baza suallarının yalnız bir doğru cavabı olursa, gizli sualların iki və daha çox cavabı olur. Bu zaman hər bir doğru cavabın qiyməti 2 balı sualdakı doğru cavabların sayına bölməklə müəyyən edilir, məsələn, əğər sualda iki doğru cavab 1 bal, 3 doğru cavab varsa 0.7 bal, 4 doğru cavab varsa 0.5 balla qiymətləndirilir. Tələbənin imtahanda topladığı bal kəsr hissəli (məsələn 25.7) olarsa, yekun bal tam hissəyə qədər yuvarlaqlaşdırılır (məsələn 25.7 bal 26 bal hesablanılır.”
Məruzəçi qeyd etdi ki, yeni qaydalara əsasən, tələbə çoxcavablı sualı cavablandırarkən bütün doğru cavabları seçirsə, sualdakı doğru cavabların sayına uyğun olaraq, 1 və ya 0.7 və ya 0.5 toplayır. Əgər çox cavablı suallarda tələbənin cavablarından heç olmazsa biri səhvdirsə, o sualın cavabı 0 balla qiymətləndirilir. Tələbələr imtahana imtahan cədvəlində göstərilmiş zamanda başlamalıdırlar, bu
zaman tələbə imtahana neçə dəqiqə gecikirsə həmin vaxt tələbənin imtahan vaxtından çıxılır, yəni əgər tələbə imtahana 20 dəqiqə gecikirsə, onun 40 dəqiqə interaktiv imtahan vaxtı qalır və vaxt bitdikdə, o ana qədər tələbənin verdiyi cavablar serverə ötürülərək tələbənin imtahan bali hesablanır və imtahan bitir.
İmtahan sessiyasının nəticələrini diqqətə çatdıran prorektor bildirdi ki, klassik qay-dada imtahan verən hərbi tibb məktəbinin tələbələri ilkin nəticələrə görə 61 halda imtahanda iştirak etmişlər: “Klassik qaydada aparılan imtahanın nəticələrinə görə 8 (13,1%) halda «əla», 37 (60,6%) halda yaxşı, 16 (26,2%) halda «kafi» qeyd edilmişdir.
Kredit sistemi ilə təhsil alan tələbələr 45305 (keçən il 43353) halda imtahanda iştirak etmiş, 16841 – 37,1% (keçən il 16514 – 38,1%) «əla», 11331 – 25% «çox yaxşı» (10281 – 23,7%) və «yaxşı» 7955 – 17,5% (keçən il 6936 – 16%), 5404 – 11,9% (4613 – 10,6%) «kafi», 2568 – 5,6% (2152 – 4,9%) «qənaətbəxş», 733 – 1,6% halda (keçən il 471 – 1,1%) «qeyri-kafi» nəticə əldə olunmuş, 437 – 0,96% (keçən il 2090 – 4,8%) halda tələbə imtahanda iştirak etməmişdir.
Qış imtahan sessiyasının nəticələrini ilkin araşdırdıqda tələbələrin gündəlik fəaliyyətindən əldə etdiyi bal və test üsulu ilə kompyüterlər aparılan imtahanların birgə nəticəsinə əsasən kəmiyyət və keyfiyyət göstəriciləri 90,1% və 48,8% (keçən il 92,1% və 56,9%) və «əla» qiymətlər keçən ilə nisbətən aşagı – 15,7% (keçən il 18.5%) olmuşdur.
İmtahan sessiyasını 5478 nəfər tələbə müvəffəqiyyətlə başa vurmuşdur. Onlardan 961 nəfər (17,5%) sessiyanı «əla» qiymətlərlə, 2075 nəfər (37,8%) «əla» və «yaxşı» qiymətlərlə, 2442 nəfər (44,5%) qarışıq qiymətlərlə bitiriblər. Sessiyanın nəticələrinə görə 608 nəfər (11,1%) tələbənin akademik borcu qalıb. Onlardan 395 nəfərin yalnız 1 fəndən, 116 nəfərin 2 fəndən, 91 nəfərin isə 3 fəndən akademik borcu qalmışdır.”
S.Əliyev çıxışında Prezident təqaüdçülərinin təhsil zamanı əldə etdiyi nəticələrə də toxunaraq qeyd edib ki, son 6 il ərzində universitetə daxil olan 152 Prezident təqaüdçüsündən yalnız 42-si bu adı qoruya bilib.
İmtahan sessiyasının nəticələrinə əsaslanan S.Əliyev çıxışının sonunda vurğuladı ki, dekanlıq və kafedraların bu sahədə görəcəyi işlər çoxdur və universitet kollektivi qarşıdakı semestrdə gənc nəslin tərbiyəsində və təhsilində əlindən gələni etməyə çalışacaqdır.
Apellyasiya Komissiyasının sədri, professor Surxay Musayev məlumat verdi ki, imtahanlar başa çatandan sonra müxtəlif səbəblərdən imtahanlara gəlməyən, bura-xılmayan və kəsri qalan 25 tələbə 72 test sualından fevralın 5-dən 15-dək apellyasiya şikayəti vermişdir. Onlardan Apellyasiya araşdırması zamanı 6 tələbənin şikayəti testlərdə qüsur olduğu üçün əsaslı, 19 tələbənin şikayəti isə suallara düzgün cavab vermədikləri üçün əsassız hesab edilmişdir. Qeyd olunan müddətdə apellyasiya komissiyasının üzvləri ekspertlərlə birlikdə məsuliyyət hissi ilə çalışaraq, heç bir
problem olmadan vəzifələrini yerinə yetiriblər. Apellyasiya zamanı narazı qalan kafedra və tələbə olmayıb.
Məruzə ətrafında çıxış edən kafedra müdirləri Eldar Qasımov, Rəna Əliyeva və Şəhla Balayeva rəhbərlik etdikləri kafedralarda bu istiqamətdə aparılan işlərin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında ümumi məlumat verdilər. Natiqlər test sisteminin gələcəkdə təkmilləşdirilməsi məqsədilə daha səylə çalışacaqlarını dilə gətirdilər. Məruzəni qənatətbəxş hesab edən natiqlər gələcəkdə daha yüksək nəticələrə nail olmaq üçün bir sıra təklif və rəylərini də irəli sürdülər.
Tələbə-dekan, II müalicə profilaktika fakültəsinin tələbəsi Məhərrəm Alimli tələbələrin üzləşdikləri bir sıra problemləri önə çəkərək hələ də bəzi müəllimlərin müasir dövrlə ayaqlaşmadığını, onların mühazirələrinin köhnəlib öz əhəmiyyətini itirdiyini və belə halların da tələbələrin haqlı narazılığına səbəb olduğunu dedi. O, çıxışında vurğuladı ki, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədrisə nəzarət gücləndirilməlidir.
Müzakirələrə yekun vuran rektor məruzəni əhatəli hesab edərək müsbət qiymətləndirdi. Qeyd etdi ki, imtahan prosesi təkcə tələbələrin biliklərinin qiymətləndirməsi yox, eyni zamanda müxtəlif kafedraların və müəllimlərin öz fəaliyyətinin qiymətləndirilməsi deməkdir: “Bu gün istər aşağı kurslarda, istər yuxarı kurslarda imtahan prosesi tədris prosesini tam əks etdirmir. Hesab edirəm ki, biz buna nail olmalıyıq. Burada bir neçə məsələ qeyd olundu. Mən öz fikrimi bildirərək yeni imtahan formasına keçirilməsi məsələsinə toxunmaq istəyirəm. Təcrübə göstərdi ki, bu cür proseslərə tədricən keçmək daha düzgündür. İmtahan başlananda hesab edənlər oldu ki, I kursdan başlayaraq VI kursadək bütün tələbələrə şamil edək. Amma qərara gəldik ki, I, II kurslara şamil olunsun. Bildiyiniz kimi bu ildən etibarən 10 açıq sual əlavə olundu. Bu da imtahanın gedişində bir qədər nizam-intizam yaratdı. Vaxtilə test üsuluna keçid düzgün və inqilabi bir qərar idi. O dövr üçün çox zəruri bir qərar idi. Ancaq zaman keçdikcə bunun da təkmilləşməsinə bir ehtiyac yaranır.”
Sözünə davam edən rektor vurğuladı ki, qeyri-ixtisas sahiblərinin bu işə cəlb olun-ması bir sıra problemlər yaradıb: “Belə ki, kompyuter hansısa termini düzgün oxumur. Bu da imtahanın ilkin nəticələrinə təsir edir. Burada da səsləndi, ancaq tələbələr eyni vaxtda imtahana girir, eyni vaxtda imtahandan çıxırlar. Tələbə bilir ki, onun imtahanda nə qədər vaxtı var. Həmçinin xarici tələbələr bəzən aprelin ortasınadək imtahana gəlirdi. Amma keçən ildən bu hallara son qoyuldu. Kəsilmiş və kredit borcu olan tələbələr və yaxud imtahana girməyən tələbələr üçün konkret vaxt müəyyənləşdirildi.
Sizə bu rəqəmlər nümayiş olundu. Nəticə də göz qabağındadır. İmtahana girməyən tələbələrin sayı keçən il 2090 olduğu halda, bu il 437 nəfərdir. Artıq mücbət haldır ki, heç bir tələbə bir bal güzəşt üçün dekanlara və prorektorlara müraciət etmir. Digər tərəfdən Surxay müəllimin rəhbərliyi altında olan Apellyasiya Komissiyasına mən
öz adımdan və şuranın adından dərin təşəkkürümü bildirirəm. Çünki komissiya ötən ildə olduğu kimi bu il də çox dəqiq və səlis işlədi. Analizlər də göstərdi ki, əsaslı şikayətlər kafedraların qüsurlarına görə olub.
Bildiyiniz kimi, imtahan zamanı 2 tələbədə xüsusi qurğular aşkar olunduğuna görə həmin tələbələrin imtahan nəticələri sıfırlanıb və onlara töhmət elan olunub. Bir nəfər III kurs tələbəsinin isə aşağı kurs tələbələrinə test cavablarını satması aşkar edilib və Rektoryanı Şuranın qərarı ilə həmin tələbə universitetdən xaric olunub.
Ümumiyyətlə, tədrisin işinin yaxşılaşdırılması ilə əlaqədar hələ bizim görəcəyimiz işlər həddindən artıq çoxdur. Mən hesab edirəm ki, imtahanın nəticlərinin dərin analizə ehtiyacı var. İlkn nəticə onu göstərir ki, köhnə üsulla yeni üsul arasında xeyli fərq var. Amma kəsrlərin sayında elə bir fərq yoxdur.
Rektoryanı Şurada qərar qəbul etdik ki, imtahanların təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilsin. Açıq sualların sayına yenidən baxmaq olar. Bu tipli suallar yalnız tibb profilli fənlərə şamil olunacaq. Çünki bu real deyil, tələbə 8 imtahanı hazırlaya bilsin. Məqbul hesab olunan qeyri tibb fənlərdə 200-250 test olması barədə qərar qəbul edildi.
Yeni üsula keçmək tələbələrimizi kitabxanaya yönəldir. Bunu müəllim də, tələbə də, valideyn də qeyd edir ki, tələbə dərsə hazırlaşarkən kitaba üz tutur. Bu da kitab tərtib edən müəlliflərin məsuliyyətini daha da artırır.
Biz bu gün kafedralarda dərs yükünün qeyri-düzgün aparılmasının şahidi olmuşuq. Mənə elə gəlir ki, biz bu məsələyə geniş bir iclas həsr etməliyik. Kafedralar və müdirləri məsuliyyət daşımalıdırlar. İmtahanda iştirak etmək məsələsi böyük problemlərdən biridir. Bununla bağlı Rektoryanı Şura ciddi məşğuldur. Bunun hüqu-qi və maliyyə tərəfi var. Hesab edirəm ki, biz bu məsələ ilə məşğul olub maliyyə itkisinin qarşısını ala biləcəyik. Bu səbəbdən kafedraların məsuliyyətini artırmalıyıq ki, işimizi səmərəli şəkildə qura bilək. Çünki hansı kafedralarda məsuliyyət varsa, onlardan müsbət nəticələr görürük.
Müxtəlif məsələləri nəzərə çatdıran universitetin rəhbəri sonda şura üzvlərini Həmkarlar İttifaqı Təşkilatının kollektiv müqaviləsinin bağlanmasına çağırdı və müqavilə yekdilliklə qəbul edildi.
Bundan başqa müzakirəyə təqdim edilmiş gizli rəyin nəticəsi müsbət olan, düzəlişlərə ehtiyac olmayan 3 dərs vəsaitinin, düzəlişlər edildikdən sonra dərc oluna bilən 1 metodik vəsaitin əlyazmalarını, o cümlədən düzəlişlər edildikdən sonra nəşr forması dəyişdirilən 1 metodik tövsiyənin metodik vəsait, 1 dərs vəsaitinin əlyazmalarını isə metodik vəsait kimi təsdiqləyən elmi şura müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırdı.