
Noyabrın 25-də ATU-nun İctimai fənlər kafedrasında Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
Tədbirdə kafedranın müdiri, professor Qoşqar Əliyev giriş nitqi ilə çıxış edib.
Professor bildirib ki, uşaq hüquqlarının müdafiəsi həm dövlətin, həm də cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. O vurğulayıb ki, 1989-cu ildə qəbul olunmuş BMT Uşaq Hüquqları Konvensiyası bu sahədə əsas beynəlxalq sənəddir və konvensiyanın ratifikasiyasından sonra ölkələrdə uşaqların müdafiəsinə yönəlmiş tədbirlər genişlənib.
Q.Əliyev qeyd edib ki, uşaqlara qayğı yalnız hüquqi müdafiə ilə məhdudlaşmamalı, onların həssas fərd kimi qorunması, sağlam inkişafı və təhlükəsiz mühitdə böyüməsi təmin olunmalıdır. Bu prosesdə həkimlərin üzərinə böyük məsuliyyət düşür, çünki uşaqların sağlam böyüməsi gələcəyin güclü cəmiyyətinin əsasını təşkil edir. Professor, həmçinin vurğulayıb ki, müasir dövrdə uşaqların psixoloji vəziyyəti ciddi narahatlıq doğurur: təxminən 35-40% uşağın depressiya riski altında olması və hər 10 uşaqdan birinin əlillik daşıması həmin məsuliyyəti daha da artırır. Buna görə də uşaqlara həm tibbi, həm də psixoloji dəstəyin gücləndirilməsi vacibdir.
Kafedra müdiri əlavə edib ki, 2009-cu ilin ölkədə “Uşaq ili” elan edilməsi və sonrakı dövlət proqramları uşaqların rifahına və himayəsiz uşaqların sosial müdafiəsinə xidmət edir.
Daha sonra çıxış edən Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli bildirib ki, 20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günü BMT tərəfindən uşaqların hüquqlarına diqqəti artırmaq məqsədilə təsis edilib. Bu günün yaranması 1959-cu il Uşaq Hüquqları Deklarasiyası və 1989-cu il Uşaq Hüquqları Konvensiyasının qəbuluna səbəb olub. Konvensiyanın əsas məqsədi uşaqların yaşamaq, inkişaf etmək, təhsil almaq və zorakılıqdan qorunmaq kimi fundamental hüquqlarını təmin etməkdir.
O qeyd edib ki, II Dünya müharibəsi zamanı uşaqlara qarşı törədilən ağır cinayətlər - eksperimentlər, qırğınlar, insan alveri beynəlxalq təşkilatları uşaqların müdafiəsini gücləndirməyə sövq edib. Bu baxımdan noyabrda ölkəmizdə keçirilən “Uşaq hüquqları” aylığı dövlətin uşaqlara verdiyi dəyərin göstəricisidir.
F.Məmmədli vurğulayıb ki, uşaqların müdafiəsində tibb işçilərinin rolu xüsusi əhəmiyyət daşıyır, çünki həkimlər zorakılıq, psixoloji gərginlik, rəqəmsal təhlükələr və sağlamlıqla bağlı risklərlə üzləşən uşaqlara ilk yardım göstərən şəxslərdir. Tələbələr gələcəkdə bu sahədə məsuliyyətli və həssas olmalıdırlar.
O bildirib ki, Azərbaycan 1992-ci ildə Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” qanun və digər normativ sənədlər isə uşaqların sosial müdafiəsini gücləndirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi təşəbbüslər ölkədə uşaq rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.
Dosent Elbrus Sadiqov çıxışında qeyd edib ki, gələcəyimiz indiki uşaqlardan asılıdır və onların hüquqlarının qorunması, sağlam və təhlükəsiz böyüməsi son dərəcə vacibdir. Ona görə də uşaq hüquqlarının müdafiəsi yalnız dövlətin vəzifəsi deyil, Ombudsman və qeyri-hökumət təşkilatları kimi qurumlar da bu prosesdə yer almalıdır: “Maarifləndirici tədbirlər artırılmalı, liderlik, komanda işi, ünsiyyət və problemlərin həlli kimi bacarıqların inkişafına diqqət yetirilməlidir. Sağlam və təhlükəsiz uşaqlar - sağlam və güclü gələcəyin təminatıdır”.
Sonda Fərəh Mədətli və Qoşqar Əliyev tədbiri yekunlaşdıraraq vurğulayıblar ki, uşaqların hüquqlarının qorunması hər birimizin üzərinə düşən mənəvi vəzifədir. Universitet və cəmiyyət olaraq tələbələr üçün rahat və dəstəkli mühit yaradılır, lakin hər bir vətəndaş, müəllim və tələbə uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsinə aktiv şəkildə töhfə verməlidir. İctimai fənlər kafedrası bu təşəbbüslərin həyata keçirilməsində xüsusi rol oynayır.
Tədbirdə universitetin müəllimləri və tələbələr iştirak ediblər.