Fevralın 28-də Azərbaycan Tibb Universitetinin böyük akt zalında “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
“Mülki Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda keçirilən toplantını giriş sözü ilə açan ATU-nun ümumi işlər üzrə prorektoru, dosent Natiq Xəlilov Ümumdünya Mülki Müdafiə Təşkilatının tarixinə qısa ekskurs edərək Mülki Müdafiə Gününün hər il qeyd edilməsində əsas məqsədin ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin fəaliyyətini lazımınca qiymətləndirmək olduğunu deyib. Mötəbər nüfuzlu beynəlxalq qurumun yaradılması gününə həsr olunmuş humanitar tədbirin Tibb Universitetində təşkilinə görə Fövqəladə Hallar Naizirliyinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov bu tədbirin Tibb Universitetində keçirilməsinin heç də təsadüfi olmadığını diqqətə çatdırıb: “Bu məsələ tibb sahəsi ilə bilavasitə bağlı olduğu üçün bu məkan seçilib. Fövqəladə hallar zamanı yaralananlara ilkin tibbi yardımın göstərilməsi məsələsi həmişə aktualdır. Təbii fəlakətlər, müharibə zamanı baş vermiş dağıntılardan necə qorunmaq üçün məlumatlı olmalı və bu məsələyə diqqət yetirməliyik. Yaxşı haldır ki, sizin universitetdə də mülki-müdafiə məsələləri tədris olunur”.
İdarə rəisi respublikada neft-qaz sənayesinin inkişafı, ölkəmizin yerləşdiyi təbii-coğrafi şəraitlə əlaqədar hər zaman texniki və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarına da toxunub: “Bu amillər, eyni zamanda Ermənistan kimi qəsbkar bir dövlətlə qonşuluqda yerləşməyimiz mülki müdafiə işinin daim diqqətdə saxlanılmasını zəruri edir”.
Natiq ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görüldüyünü də vurğulayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin rəhbəri Furyo D.Angels təmsil etdiyi qurumun mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlər haqqında məlumat verərək Azərbaycan Respublikasında aidiyyəti qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin BMT-nin mülki əhalinin təhlükəsizliyinin qorunması proseslərində də yaxından iştirak etdiyini söyləyib.
FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşı Rövşən Mehdiyev fövqəladə halların effektiv idarə olunması, o cümlədən mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması üçün dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyindən danışıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Qurban İsmayılov rayonda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açıb.
Toplantı zamanı mülki müdafiə tədbirlərinin təmin olunması və bu sahədə müvafiq qurumlarla FHN-in qarşılıqlı fəaliyyəti barədə FHN tərəfindən hazırlanmış videoçarx da nümayış olunub.
Tədbirdə Universitetin müəllim və tələbələri, Azərbaycan Respublikasının Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin, FHN-in və Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.