Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın (37 saylı) iclası keçirilib.
İclasda çıxış edən direktor, professor Hüseyn Qabulov öncə bu yaxınlarda haqq dünyasına qovuşan rentgenoloq-radioloq, Respublika üzrə baş mütəxəssis, ATU-nun rentgenologiya kafedrasının müdiri, professor Bahadur Baxşıyevin həyatı və tibb sahəsində gördüyü işlərlə bağlı iclas iştirakçılarına məlumat verib.
Direktor daha sonra klinikada görülən işlərlə bağlı danışıb və bildirib ki, istər tədris sahəsində, istərsə də tibbi xidmətdə son vaxtlarda xeyli irəliləyişlərə nail olunub.
“Rezidentlərin təhsili, onların elmi biliklərə yüksək səviyyədə yiyələnməsi üçün klinikamızda hər cür şərait yaradılıb. Ölkənin ən aparıcı mütəxəssiləri, həkim-professorları burada çalışır.
Düşünürəm ki, onların sayəsində klinikamızda həm tədris, həm də tibbi xidmət baxımından bir çox sahədə nailiyyətlərə sahib olmuşuq. Eyni zamanda klinikamızın laboratoriyasında da bir sıra yeniliklər tətbiq edilib. Belə ki, bu yaxınlarda Amerikanın tanınmış bir tibb mərkəzi ilə əməkdaşlığa başlayacağıq”.
Professor H. Qabulov qarşıdakı günlərdə “Dream doctors” adlı təşkilatla əməkdaşlığı davam etdirəcəklərini deyib: “Təşkilatla əlaqələrimizdə bir neçə müddətdir ki, davam edir. Keçən il onların nümayəndəsi olan Yan Press klinikamızda seminar da keçirtdi. Və əməkdaşlığımızın davamı olaraq, yenidən bu şirkətdən klounlar bura dəvət olunub. Hansıki onlar xəstə uşaqlarla məşğul olacaqlar, onların psixoloji vəziyyətini dəyərləndirəcəklər. Təşkilat İncəsənət Universitetinin əməkdaşları ilə birlikdə klinikada treninqlər də keçirdəcək”.
Daha sonra gündəlikdə olan birinci məsələ ilə bağlı direktorun müalicə işləri üzrə müavini Samir Allahverdiyev çıxış edərək klinikanın fevral ayındakı müalicə-diaqnostik fəaliyyəti haqqındakı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.
Fevral ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən S.Allahverdiyev şöbələrin fəaliyyəti haqqında danışıb və bildirib ki, bu ay ərzində xəstə qəbulunun sayında bir çox şöbələrdə artım müşahidə edilib.
Direktorun elm və tədris işləri müavini, dosent Adil Nuriyev çıxış edərək Tibb Universiteti rezidentlərinin 6-cı elmi-təcrübi konfrans ilə bağlı (6-cı ATUREK) danışıb.
A.Nuriyev bildirib ki, klinikanın rezidentləri hər zaman yüksək səviyyədə bu konfransa hazırlaşır: “Onlar üçün daima seminarlar keçirilir və bu zaman onlara diaqnozu ağır olan xəstələr göstərilir, eyni zamanda klinikada nadir rast gəlinən xəstəliklər müzakirə olunur. Ona görə də düşünürəm ki, qarşıda qoyulan hədəflərə çatmaq üçün birlikdə çalışmalı və bu konfransa yenə də yüksək səviyyədə hazırlıqlar görməliyik”.
İclasın davamında iki şöbənin 2017-ci ilə həsr olunmuş illik hesabatı dinlənilib.
İlk olaraq Ürək Damar Mərkəzinin bir illik fəaliyyəti ilə bağlı Kardiologiya şöbəsinin müdiri, dosent Fərid Əliyev çıxış edib.
O, mərkəzdə tətbiq edilən yeniliklər, əldə olunan elmi nailiyyətlər, üzv olduqları təşkilatlar, keçirilən beynəlxalq konfranslar, təşkil edilən online registrlar, kardio TV proyekti, yaradılan Azərbaycan Aritmiya Alyansı, həmçinin mərkəz həkimlərinin xarici mətbuatda dərc olunan məqalələri ilə bağlı məlumatları şura üzvlərinin diqqətinə çatdırıb.
F.Əliyev qeyd edib ki, məqsədimiz gələcəkdə daha böyük işlərə imza atmaqdır: “Mərkəz ölkəmizdə ürək damar xəstəlikləri proseduralarını bir arada icra edən və kardiologiya sahəsində fəaliyyət göstərən yeganə elmi mərkəzdir. Mərkəzimizdə icra olunan proseduralar son illərdə daha da yüksək səviyyəyə çatıb. Belə ki, anadangəlmə ürək qüsurunun bağlanması son zamanlar həkimlərimiz tərəfindən geniş şəkildə icra edilir”.
Daha sonra Efferent Terapiya Mərkəzinin bir illik hesabatını şura üzvlərinin diqqətinə həmin şöbənin həkimi Elgün Həziyev çatdırıb.
O, mərkəzdə icra edilən proseduralar və bunların yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb: “Mərkəzin rəhbəri professor Mehman Ağayevin başçılığı altında son zamanlar bir çox yeniliklər tətbiq edilib. Eyni zamanda Nefroloqlara Yardım İctimai Birliyi yaradılıb. Bu birliyin də əsas məqsədi gənc nefroloqlara yardım etmək və onların peşəkar səviyyədə yetişdirilməsinə nail olmaqdır”.
İclas işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.