Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında XIII Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin “Nefrologiyanın inkişafına yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Böyrəklərin və qadınların sağlamlığı şüarı altında həyata keçirilib.
Konfransı giriş sözü ilə açan ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov iştirakçıları ATU rektoru, professor Gəray Gəraybəyli adından salamlayaraq, onlara uğurlar arzulayıb.
R. Bəylərov bildirib ki, konfransda qaldırılan bütün məsələlər Azərbaycanda nefrologiyanın inkişafına öz töhfələrini verəcək.
“Bu konfrans bütün dünyada olduğu kimi sağlam böyrək və sağlam qadın devizi altında həyata keçirilir. İnsanların sağlamlığının qorunmasında nefrologiya sahəsində görülən işlər çox vacib xarakter daşıyır. İlk olaraq, qadınlarda hamiləlik dövrü, diabetik nefropatiya və s. problemlərə nefroloqlarımız tez-tez rast gəlirlər. Təbii ki, bu çətin problemi aradan qaldırmaq üçün onlar hər zaman bir-bir ilə sıx əlaqədə olurlar”.
Azərbaycanda uşaq nefrolofiyasında aparılan işlərdən danışan R. Bəylərov qeyd edib ki, bu sahə o qədər də ürəkaçan səviyyədə deyil.
“Əlbəttə ki, bu sahədə müsbət işləri də vurğulamaq lazımdır. Belə ki, dövlət tərəfindən həyata keçirilən xüsusi layihələr öz nəticəsini verir. Nefrologiyaya artan marağı biz istər rezidentlər, istərsə də tələbələr arasında hiss edirik. Əvvəllər nefrologiya sahəsinə maraq o qədər də çox deyildi, amma son 10 ildə bu sahəyə marağın artdığının şahidi oluruq”.
R. Bəylərov konfransın təşkil edilməsində professor Mehman Ağayevin də böyük zəhmətinin olduğunu vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrası, TTK-nın Nefrologiya və Efferent Terapiya Mərkəzinin rəhbəri, professor Mehman Ağayev çıxış edib.
Professor çıxışında Səhiyyə nazirinə, universitetin rektoruna, klinika rəhbərliyinə təşəkkürünü bildirib.
M. Ağayev qeyd edib ki, bu il keçirilən “Ümumdünya böyrək günü” Sağlam böyrək və sağlam qadın devizi altında həyata keçirilir.
“Bu gün insanlar arasında hər 10-11 nəfərdən birində böyrək çatışmazlığı müşahidə edilir. Qadınlar arasında bu göstərici çoxluq təşkil edir. Hazırda 195 milyon qadın böyrək çatışmazlığından əziyyət çəkir. Hamiləlik dövründə meydana çıxan problemlər bu rəqəmi bir qədər də artırır. Ona görə də qadınlar hamiləlik dövründə mütləq böyrəklərində hansısa problemin olub-olmadığını müəyyən etmək üçün həkim-nefroloqa müraciət etməlidirlər”.
Konfransın davamında M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev çıxış edib.
F. Babayev ilk olaraq, yeni yaradılan “Nefrologiyanın inkişafına yardım” İctimai Birliyinin nefrologiyanın inkişafına verəcəyi töhfələr barədə danışıb.
O qeyd edib ki, Azərbaycanda dializ sahəsində dövlət proqramına uyğun olaraq görülən işlər bu ildə davam etdirilir.
Ölkəmizdə son illərdə aparılan araşdırmalar göstərdi ki, əsas xəstəliklər qrupuna şəkərli diabet, xroniki nefrit xəstəlikləri daxildir ki, bunlar da nəticədə böyrək çatışmazlığına gətirib çıxarır.
“Bu gün Azərbaycanda 3406 xəstə hemodializ alır. Bakıda 6, regionlarda 35 hemodializ mərkəzi fəaliyyət göstərir. Yeni mərkəzlərin açılması hemodializ aparatlarının da sayının artmasına səbəb olub.
Ölüm faizi isə ötən illə müqayisədə bu il aşağı düşüb. Keçən il bu göstərici 20,2% təşkil edirdisə, bu il bu göstərici 18,4% -dir. Bu, müsbət göstəricidir. Bu da peşəkar nefroloqların səyi nəticəsində baş verib”.
Konfrasın davamında “Xronik qlomerulonefriti olan azərbaycanlı uşaqlarda nefrin (NPHS1) və podosin (NPHS2) genlərində polimorfizmlərin heterogenliyi”, “Diabet Nefropatiyasının mikroalbuminuriya dövründə böyrəklərin funksional vəziyyəti”, “Hemodializ zamanı seçimli ultrafiltrasiyanın tətbiqinin əhəmiyyəti”, “Lipopolisaxariden dotoksinin təsirindən böyrəklərdə baş verən patomorfoloji dəyişikliklərin xüsusiyyətləri”, “Hiperurikemiya müşahidə edilən böyrək xəstəliklərinin müalicəsində Adenurikin tətbiqi təcrübəsi” mövzularında elmi məruzələr dinlənilib.
Konfransın sonunda qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirib ki, bu işlərin həyata keçirilməsi gələcəkdə nefrologiyanın respublikamızda daha da inkişaf etməsinə təkan verəcəkdir.