Qubada əhali arasında tibbi maarifləndirmə aksiyası keçirilib

20-23 iyun tarixində Quba rayonunda Azərbaycan Tibb Universiteti ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə layihəsi çərçivəsində "Sağlam həyat tərzi Azərbaycan xalqının seçimidir" adlı aksiya keçirilib. Aksiya Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər Strategiya» əsasında icra olunub.

 

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları  - kafedranın baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Yaqut Hacıyeva və kafedranın doktorantı İlahə İslamzadə  aksiya çərçvəsində Quba rayon Mərkəzi  xəstəxanasında xəstələrlə, həmçinin Quba regional "ASAN xidmət"  mərkəzində  əhali  ilə görüşüblər. Görüş zamanı maarifləndirici söhbətlər aparılıb, anket-sorğu keçirilərək vətəndaşları maraqlandıran suallar cavablandırılıb və onlar xəstəliklərlə mübarizə  istiqamətində məlumatlandırılıblar. Quba sakinlərinə izahedici-maarifləndirici bukletlər paylanılıb.

 

Yaqut Hacıyevanın sözlərinə görə, qeyri-infeksion xəstəliklərlə mübarizədə əhalinin maarifləndirilməsinin və bu sahədə motivasiyanın artırılmasının əhəmiyyəti çox böyükdür: “Eləcə də əhainin tibbi aktivliyi - vaxtında həkim müayinəsindən keçmək, laborator  analizlərin  verilməsi xəstəliklərin vaxtında aşkar olunmasına imkan verir və müalicəni asanlaşdırır. Belə maarifləndirici tədbirlərin aparılması artıq silsilə xarakter daşıyır və bundan sonra da həmçinin respublikanın digər regionlarında  davam etdiriləcək".

 

Qeyd edək ki, dünyada vaxtsız ölüm hallarının  2/3 hissəsi qeyri-infeksion xəstəliklərin payına düşür. Eləcə də Azərbaycanda il ərzində baş verən ölüm hallarının 73%-dən çoxu bu xəstəliklərin hesabına baş verir. Bu xəstəliklərə qarşı mübarizə onların risk amillərinə qarşı mübarizə fonunda getməlidir. Bu sahədə isə maarifləndirmənin təşkili böyük önəm daşıyır.