“Nefrologiyanın müasir və aktual problemləri”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Nefrologiyanın müasir və aktual problemləri”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Konfransda Ümumdünya Nefrologiya Cəmiyyətinin xoş məramlı səfiri, Başkənt universitetinin tibb fakültəsinin nefrologiya klinikasının rəhbəri, professor Siren Sezer iştirak edib.

 

Konfransı giriş sözü ilə açan ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov iştirakçıları ATU rektoru, professor Gəray Gəraybəyli adından salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.

 

R. Bəylərov uşaqlarda xroniki qlomerulonefritin müalicəsində effektiv dərman vasitəsi haqqında danışıb və bunun tətbiqi zamanı əldə edilən müsbət nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

O, bu dərman preparatının klinikada geniş tətbiqinin müsbət nəticələrə gətirib çıxaracağını vurğulayıb.

 

Daha sonra çıxış edən konfransın təşkilat komitəsinin sədri, professor Mehman Ağayev konfransın təşkilində göstərdikləri dəstəyə görə Səhiyyə Nazirliyinə və ATU rektoru, professor Gəray Gəraybəyliyə iştirakçılar adından minnətdarlığını bildirib.

 

M.Ağayev böyrəklərin xroniki xəstəliklərində kalsi-fosfor mübadiləsi pozulmaları nəticəsində sümüklərdə baş verən ağır dəyişikliklər, onların vaxtında qarşısının alınması, müalicənin proqnozunun yaxşılaşacağına səbəb olacağını qeyd edib.

 

Konfransın davamında Ankara Universitetinin Tibb fakültəsinin professoru Siren Sezer böyrək amiloidozunun diaqnostikası və müalicəsində əldə edilmiş yeniliklərdən danışıb.

 

Sonda böyrək arterial hipertenziyanın klassikasiyası və müalicəsində son dəyişikliklər ətrafında dəyirmi masada geniş müzakirələr aparılıb.

 

Konfransda akkreditasiyadan keçmiş iştirakçılara sertifikatlar, məruzəçilərə isə təqdim etdikləri məruzələrə əsasən kredit ballar (sertifikatlar) verilib.

 

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub.